Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1143/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X8, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, «xxxx» MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 03.03.2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: «xxxx» MMC-nin direktoru X9 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 03.03.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin direktoru X9 ilə X3 arasında bağlanmış 01.04.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, X3 “xxxx ” MMC - də menecer köməkçisi vəzifəsinə işə qəbul edilmiş, 30 sentyabr 2020-ci il tarixində isə öz xahişi ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən ) vəzifəsindən azad edilmişdir. Daha sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 “xxxx” MMC-nin direktoru barəsində, əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi səbəbi göstərilməklə, 22 fevral 2021-ci il tarixində ******* nömrəli protokol tərtib etmiş, 03 mart 2021-ci il tarixində həmin protokol əsasında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gün 30 sentyabr 2020-ci il tarixidir. İnzibati tənbeh vermə haqqında qərar isə 03 mart 2021-ci il tarixində inzibati xətanın törədildiyi gündən 3 ay keçəndən sonra qəbul edilmişdir. Bununla da İXM-nin 38.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi X12 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, müddət keçdiyinə görə iş üzrə icraata xitam verilməsini və şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X13 bildirmişdir ki, “xxxx” MMCdə X2 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir, X1 haqq hesabın ödənilməməsi ilə bağlı xəta 30 sentyabr 2020-ci il tarixdə törədilməsinə baxmayaraq, vətəndaş X6 Katibliyinə şikayət etmişdir, həmin şikayət müfəttişliyə dekabr ayında daxil olmuşdur, tərəflərindən müəyyən araşdırmalar aparıldıqdan sonra “xxxx” MMC-nin direktoru X9 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin protokolu müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə verilən xitamın tarixi 30.09.2020-ci il kimi göstərilməsinə baxmayaraq 26 noyabr 2020-ci il tarixində bildirişin statusu qüvvədə olmuşdur. İş materiallarında olan 03 mart 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xxxx» MMC-nin direktoru X9 tərəfindən “xxxx” MMC-də X2 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxx» MMC tərəfindən son haqq hesabın ödənilməməsi ilə bağlı inzibati xəta hadisəsi 30 sentyabr 2020-ci il tarixdə törədilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinə Nərgiz Əmrəliyevanın şikayəti dekabr ayında daxil olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında qərar isə qanunvericiliyin yuxarıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə), 03 mart 2021-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən «xxxx» MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 03.03.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. «xxxx» MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 03.03.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1143/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1143/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver