Məhkəmə qərarları › İş №3(004)-1146/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1146/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1146/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06.05.2021-ci il tarixdə saat 15:20 radələrində S.Əsgərova küçəsində “Hyundai Sonata” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin küçədə dayanmış avtopatrul avtomobilinin sağ tərəfindən keçən zaman yan güzgüsü polis avtomobilinin arxa stop şüşəsinə sürtülüb, bundan sonra polislərə irad bildirərək onların ünvanına “Ə, burda maşın saxlayarlar?” ifadəsini işlətmiş, polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmiş, polislə mübahisəsi aparmış və ətrafdakıların diqqətini özünə cəlb etmiş, polis əməkdaşları onu sakitləşməyi, qanuna riayət etməsini xahiş etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, mübahisəni aydınlaşdırmaq üçün polis əməkdaşları onu polis bölməsinə dəvət etmək istəmiş, lakin bölməyə getməkdən də imtina etmiş, sonradan o polis bölməsinə gətirilmiş, bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən 06.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 06 may 2021-ci il tarixdə təxminən saat 15:20 radələrində S.Əsgərova küçəsində “Hyundai Sonata” markalı, **-TP- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanmış polis avtomobilinin arxa stop şüşəsinin yan güzgüsünü sürtdü. Bu zaman polis avtomobilində kiminsə olduğunu bilmirdi və ani olaraq “Ə, burda maşın saxlayarlar?” ifadəsini işlətdi. Daha sonra avtomobilin içərisində olan polis əməkdaşı ona “maşını saxla, sənə başa salacam mən nə var, nə yox” dedi. O, avtomobili kənarda saxlayıb, onun gəlməyini gözlədi. Polis əməkdaşı ona yaxınlaşaraq avtopatrula əyləşməyini tələb etdi. Bu zaman o, ona “niyə minməliyəm?” sualını verdi. O, onu məcbur maşına mindirdi və bölməyə gətirdi. O, polis əməkdaşına “Ə” sözünü demək istəməmişdir və buna görə onlardan üzr istədi. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü, polis nəfəri X4 izahatında bildirmişdir ki, 06 may 2021-ci il tarixdə xidmətdə olarkən təxminən saat 15:20 radələrində S.Əsgərova küçəsində onların xidmət etdiyi avtopatrul dayanmış vəziyyətdə olarkən “Hyundai Sonata” markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtopatrulun sağ tərəfindən keçən zaman yan güzgüsü onların avtopatrulun arxa stop şüşəsinə toxundu və onların ünvanına nəlayiq ifadələr işlətmişdir. Onlar həmin avtomobilin sürücüsünə yaxınlaşdılar, özlərini təqdim etdilər və sürücünün avtomaşından düşməsini xahiş etdilər. Lakin həmin şəxs avtomobildən düşmədən yüksək səslə onların ünvanına təhqiramiz ifadələr işlətməyə davam etdirmiş, ictimai əşayişi pozduğunu bildirdilər və onlarla bölməyə getməyini bildirdilər, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmiş, səs-küyə ətrafdakı insanlar yığışmışlar, həmçinin həmin küçədə olan kameralarda hadisəni qeydə alıblar. Bundan sonra onlar mübahisəni aydınlaşdırmaq üçün həmin şəxsi 27-ci Polis Bölməsinə gətirdilər. Bölmədə məlum oldu ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü, manqa komandiri X1 şahid X2 ifadəsinə uyğun izahat vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Teymur Hacıyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 06.05.2021-ci il tarixdə saat 15:20 radələrində S.Əsgərova küçəsində “Hyundai Sonata” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin küçədə dayanmış avtopatrulun sağ tərəfindən keçən zaman yan güzgüsü onların arxa stop şüşəsinə toxundu, polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr söyərək uca səslə söz mübahisəsi aparmış, polis əməkdaşları onu sakitləşməyi, qanuna riayət etməsini xahiş etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, mübahisəni aydınlaşdırmaq üçün o, polis bölməsinə gətirilmiş, bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bu barədə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ PPXB-nin polis nəfərləri M.Mustafazadə, M.Həsənli, R.Haqverdiyev və T.Kərimli tərəfindən tərtib edilmiş 06.05.2021-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 06.05.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 18:20 radələrində tutulmuşdur. İXM-in 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06.05.2021-ci il tarixindən, saat 18:20 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar