Məhkəmə qərarları › İş №3(004)-1155/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1155/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1155/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Xətai rayon Polis İdarəsinin (RPİ) X3 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 23 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs barəsində İXP seriyalı ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərar əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni qərarın qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində İXP seriyalı ******* nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni qərarın qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərlə yanaşı, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in DYPnin Web portalından möhürlə təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 322.0.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat cərimə növündə tənbeh tədbiri təyin edilmiş, qərarın vaxtında icra edilməməsi ilə bağlı isə ona 24 manat məbləğində dəbbə pulu hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yəni, həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Şəxs 17.10.2020-ci il tarixdə saat 19:11-də Neftçilər prospekti Kukla teatrı keçidində Azərbaycan Respublikası İXM-nin 322.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə o, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 27.10.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarla təqsirli bilinərək ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 322.0.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta “Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. Həmin Məcəllənin 529.3-cü maddəsində isə göstərilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 322.0.8-ci maddəsi isə nə yol hərəkəti qaydaları əleyhinə olan, nə də həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta deyil. Bu halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 322.0.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcud olub-olmadığını həll etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 106, 114-117, 125, 128-130, 138 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X3 Şöbəsi tərəfindən tərtib edilmiş 23 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar