Məhkəmə qərarları › İş №3(004)-1179/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1179/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1179/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 18.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 18.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, inzibati xəta barədə tətbiq edilmiş cərimələrin tutulmasına dair səlahiyyətli orqan (vəzifəli şəxsin) EPQ N ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, 17.02.2022-ci il tarixində, saat 17:10 radələrində "xxxx" ASC-nin (bundan sonra - "ABB") Yasamal filialının (bundan sonra - Filial) giriş qapısının bağlı olmasına, müştərilərə xidmət vaxtının bitməsinə (saat 17:00-da bitir) baxmayaraq, Filialdan çıxan müştərinin arxasınca Filiala 2 nəfər polis əməkdaşı Filialın mühafizə polisinin onların polis əməkdaşı olması faktını təsdiq etmək üçün müvafiq sənədin təqdim edilməsinə dair əmrinə tabe olmadan daxil olmuş və Filiala baxış keçirməyə başlamışdırlar. Polis əməkdaşları iddiaçının, habelə digər əməkdaşların şəxsiyyət vəsiqəsini tələb etmiş və həmin sənədin fotoşəklini çəkmişdirlər. Daha sonra ona İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 211.3-cü maddəsi ilə cərimənin tətbiqi barədə bildiriş gəlmiş və həmin bildirişə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə olunduğu barədə məlumat qeyd edilmişdir. Hksab edir ki, inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın əsassız və qanunaziddir. Çünki bildiyimiz kimi, İXM-in 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya - gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Lakin, inzibati xəta barədə iş üzrə çıxan qərarlarla iddiaçı və digər əməkdaşlara vəzifəli şəxs kimi 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki, İXM-in 17-ci maddəsinə əsasən, "Vəzifəli şəxslər" dedikdə, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 19 iyul 2013-cü il qərarına əsasən: təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. İXM-in 211.2-ci maddəsindən təhlilindən çıxan nəticəyə əsasən, vəzifəli şəxs dedikdə, həmin maddənin məqsədləri baxımından həmçinin "fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının qarşısının alınması", yəni həmin tələblərə riayət edilməsini təmin etmək səlahiyyəti mövcud olan şəxs başa düşülür. Yuxarıda qeyd edilənləri, habelə iddiaçı daxil olmaqla, vəzifəli şəxs kimi cərimə tətbiq edilmiş digər əməkdaşların ən yuxarı vəzifəlisinin "baş mütəxəssis" olduğunu nəzərə alsaq, rahatlıqla həmin əməkdaşların vəzifəli şəxs olmadığı faktı müəyyən olunur. Bu faktlar, habelə vəzifəli şəxs kimi cərimənin tətbiq edildiyi şəxslərdən birinin “təcrübəçi” olması faktı, bizə inzibati tənbehin düzgün tətbiq edilmədiyi, həmçinin işin hallarının detallı araşdırılmadan, qərarın əsassız şəkildə çıxarıldığı qənaətinə gəlməyə icazə verir. Yuxarıda qeyd edilənlərdən savayı, həmçinin polis əməkdaşı tərəfindən yol verilmiş bir sıra prosesual pozuntular qərarın əsassız şəkildə çıxarıldığı qənaətinə gəlməyə icazə verir. Belə ki, polis əməkdaşı tərəfindən inzibati xətanın törədilməsi haqqında protokol dərhal tərtib edilməmişdir. İXM-in 101-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Maddənin məzmunundan çıxan nəticəyə əsasən, əlavə aydınlaşdırılması tələb olunan hallar olmadığından, inzibati xətanın törədilməsi haqqında protokol dərhal tərtib edilməli idi. Bundan savayı, protokol tərtib edilərkən həmçinin əməkdaşların izahatları alınmalı və müvafiq şəkildə protokolda göstərilməli idi. Lakin, qeyd edilən prosesual tələblərin heç biri polis əməkdaşı tərəfindən gözlənilməmişdir. İXM-in 61-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarından biri də izahat verməkdir. İzahat həmçinin inzibati xətanın olub- olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi sübutlardan biridir. Bununla da, həm şəxsin inzibati xarakterli hüquqları pozulmuş, həm də iş üzrə düzgün qərarın çıxarılmasına maneə olmuşdur. Pozuntu faktının təsdiqi məqsədilə polis əməkdaşı tərəfindən həmçinin fotoşəkil çəkilməmişdir, hansı ki, səlahiyyətli orqan (vəzifəli şəxsin) tərəfindən düzgün qərarın çıxarılması zamanı maddi sübut qismində mühüm rol oynaya bilərdi. İnzibati xəta barədə dərhal protokol tərtib edilmədiyindən, buna dair İXM-də nəzərdə tutulmuş bütün digər tələblər (fiziki şəxsə hüquqlarının və vəzifələrinin izah edilməsi, inzibati xəta haqqında protokolun surətinin verilməsi, protokolun onun tərəfindən imzalanması və s.) gözlənilmədən iddiaçı və digər əməkdaşlar inzibati məsuliyyətə cəlb edilmişdirlər. Polis əməkdaşı tərəfindən eyni zamanda "Polis" haqqında Qanunla (bundan sonra - Qanun) müəyyən olunmuş bir sıra tələblər pozulmaqla, hüquqazidd hərəkətlərə yol verilmişdir. Qanunun 13-cü maddəsinə əsasən, hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Hansı ki, Filiala daxil olan polis əməkdaşı nəinki özünü təqdim etməmiş, hətta Filialın səlahiyyətli nümayəndəsinin müraciətinə baxmayaraq, özünü təqdim etmədən baxış keçirməyə davam etmişdir. Qanunun 24-cü maddəsi ilə polis əməkdaşı tərəfindən hər hansı şəxsin mülkiyyət toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və qeyriyaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yol verilən əsaslar detallı şəkildə göstərilmişdir. İXM-in 129.5-ci bəndinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Bütün göstərilənlərə əsasən həmin qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 18.02.2022-ci il tarixli qərara əsasən X6 17.02.2022-ci il tarixdə 17:55 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ABB bankda tibbi maska taxmadığına görə karantin qaydalarını pozmuş, buna görə də İXM-nin 211.3cü maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas EXP ******* saylı, 17.02.2022-ci il tarixli protokol olmuşdur. Həmin protokol və qərarda şəxsin 17.02.2022-ci il tarixdə həqiqətən də maskadan düzgün istifadə etməməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Bundan əlavə görünür ki, şəxs İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib, 400 manat cərimə edilmişdir. Halbuki İXM-nin həmin maddəsinə əsasən fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir. Bununla da həmin maddədə 400 manat inzibati cərimə nəzərdə tutulmamışdır. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin 25.02.2022-ci il tarixli, 3(004)-1179 /2022 saylı məktubu ilə Azərbaycan Respublikası Bakı şəhər Yasamal RPİ 27-ci Polis Bölməsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X6 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-in 211.3-cü maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin EXP ******* saylı, 17.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolu əsasında qəbul edilmiş EPQ ******* saylı, 18.02.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar