Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-118/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs (tələbkar) X1 nümayəndəsi X8 iştirakı ilə, xx-xx-1942-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən E.M.Həsənova Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Ə.Bayramov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən maddi zərərin əvəzi kimi 280500 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs MTK-dan tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bu günədək icra etməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi, Şəxs MTK-nın rəhbəri E.M.Həsənovanın icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Bununla da Şəxs MTK-nın rəhbəri E.M.Həsənova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən Şəxs MTK-nın rəhbəri E.M.Həsənovanın barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X1 nümayəndəsi X12 izahatında göstərmişdir ki, onlar yalnız icra sənədinin icra edilməsində maraqlıdırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən maddi zərərin əvəzi kimi 280500 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs MTK-dan tutularaq onlara verilməlidir və qeyd olunan məbləğin tam şəkildə ödənilməsini tələb edirlər. Göstərilən halın nəzərə alınaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın rəhbəri E.M.Həsənovaya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, E.M.Həsənovanın Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən maddi zərərin əvəzi kimi 280500 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs MTK-dan tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsində göstərilən tələbin icra etməsi üçün Şəxs MTK-ya 10 gün vaxt verilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən maddi zərərin əvəzi kimi 280500 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs MTK-dan tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu təşkilat tərəfindən isə könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun əmlak vəziyyətinin öyrənilməsi üçün ayrı-ayrı təşiklatlara sorğular verilərək müvafiq cavablar alınmışdır. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində heç bir ödəniş edilməmiş, həmçinin borclu təşkilatın nümayəndəsi icra şöbəsinə gəlməmiş və icra sənədinin icra edilməməsini səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MTK-nın rəhbəri E.M.Həsənova rəhbərlik etdiyi MTK-ya uzun müddət öncədən tələbin icrası haqqında bildirişlər göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməməsi, həmçinin bu günədək heç bir ödəniş etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MTK-nın rəhbəri E.M.Həsənova vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MTK-nın rəhbəri E.M.Həsənovanın barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə E.M.Həsənovanın törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nın rəhbəri X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-118/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-118/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver