Məhkəmə qərarları › İş №3(004)-1185/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1185/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1185/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndələri X11 və X13 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsinin 21 aprel 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin direktoru X24 tərfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X24 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş 25EG6C7210009 saylı, 10.02.2021-ci il tarixli müraciət vərəqəsindən görünür ki, X1 orqan olan X21 Xidmətinə müraciət edərək, bir müddət əvvəl "xxxx" MMC-də işləməsi və onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi barədə şikayət etmişdir. Belə ki, işçi X12 14.11.2018-ci il tarixində əmək müqaviləsi əsasında "xxxx" MMC-yə “fəhlə” vəzifəsinə işə qəbul edilmişdir. 30 dekabr 2020-ci il tarixdə həmin işçi yazılı ərizə ilə müraciət edərək 04.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarxədək ödənişsiz məzuniyyət hüququndan istifadə etmək istədiyini bildirmişdir. Bununla da işçiyə öz arzusu ilə qeyd olunan dövr üçün ödənişsiz əmək məzuniyyəti verilmişdir. 28.01.2021-ci il tarixdə X12 işə gəlmiş və 29.01.2021-ci il tarixdə ərizə ilə müraciət edib əmək müqaviləsinə öz arzusu ilə xitam verilməsini xahiş etmişdir. İşçinin ərizəsi qəbul edilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Göründüyü kimi, X9 münasibətdə qüvvədə olan əmək qanunuvericiliyinin tələbləri pozulmamışdır. Şikayət ərizəsində həmçinin qeyd edilmişdir ki, işçi X7 müraciətinə 12 aprel 2021-ci il tarixdə, saat 11:00-da baxılmasına dair DƏMX-nin Bakı şəhər idarəsinin 06 aprel 2021-ci il tarixli, **********0 nömrəli çağırış məktubu "xxxx" MMC-yə 13 aprel 2021-ci il tarixdə daxil olmuşdur. Şikayətə əlavə olunmuş "xxxx" MMC-nin internet saytının “Poçt göndərişlərinin izlənməsi” səhifəsindən çıxarışdan da görünür ki, qeyd olunan məktub 13.04.2021-ci il tarixində, saat 14:22-də "xxxx" MMC-yə çatdırılmışdır. Bundan sonra, o, DƏMX-nin Bakı şəhər idarəsinə 13 aprel 2021-ci il tarixli, 7329 nömrəli məktub ünvanlayaraq işçi X7 "xxxx" MMC-də əmək hüquqlarının pozulmasına dair müraciətin araşdırılması məqsədilə onun DƏMX-nə dəvət olunmasına dair məktubu gec aldığından 12 aprel 2021-ci il tarixdə qeyd olunan məsələnin müzakirəsində iştirak edə bilməməsinin səbəbləri barədə aidiyyəti orqana məlumat vermişdir. Eyni zamanda işçi X9 aid bütün sənədlər DƏMX-nin Bakı şəhər idarəsinə təqdim edilmişdir. Onun tərəfindən imzalanmış 13 aprel 2021-ci il tarixli 7329 nömrəli məktub və işçi X9 aid olan sənədlər poçt xidməti tərəfindən 16.04.2021-ci il tarixdə X21 Xidmətinin Bakı şəhər idarəsinə çatdırılmış, lakin həmin zərf Bakı şəhər idarəsi tərəfindən “bizim deyil” qeydi yazılmaqla geri qaytarılmışdır. Daha sonra Xidmət tərəfindən tərtib edilmiş 12 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə baxılmasının 21.04.2021-ci il tarixə, saat 11:00-a təyin olunması barədə ona ünvanlanmış 12 aprel 2021-ci il tarixli **********5 nömrəli bildiriş 23.04.2021-ci il tarixdə Cəmiyyətə çatdırılmışdır. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərpoçt MMC-nin rəsmi internet saytının “Poçt göndərişlərinin izlənməsi” səhifəsindən çıxarışdan da görünür ki, qeyd olunan məktub 23.04.2021-ci il tarixində, saat 14:39-da "xxxx" MMC-yə çatdırılmışdır. Bundan sonra, DƏMX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən işçi X9 aylıq əmək haqqı və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verilməsi əsası ilə onun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində 1.200 (bir min iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair 21.04.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsində bildirilmişdir ki, inzibati xəta haqqında işə baxılan zaman Azərbaycan Respublikası İXM-nin 106.0.6-cı maddəsinin tələbləri pozulmaqla barəsində icraat aparılan şəxsə işə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsi təmin edilməmişdir. Belə ki, qeyd olunan hallar inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması əsaslarından biridir. Bununla da müəyyən edilir ki, vəzifəli şəxs barəsindəki inzibati xəta haqqında işə baxılarkən, işin baxılmasında şəxs vaxtında məlumatlandırılmamış, işə baxılmasında iştirakı barədə bildiriş və tənbeh vermə haqqında qərar müəyyən edilmiş tarixlərdən sonra ünvana çatdırılmışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. hüquqları vardır. Beləliklə də, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilməmişdir. Belə bir vəziyyətdə o, iş üzrə vəzifəli şəxs kimi tənbeh edildiyindən və tənbeh edilən hüquqi şəxs olmadığı üçün, mütləq olaraq hüquqi şəxsin səlahiyyətli nümayəndəsi yox, məhz o, özü inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl işə baxan səlahiyyətli orqana dəvət edilməli idi. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində icraatın aparılması barədə vaxtında məlumat verilməmiş və iş üzrə iştirakı təmin edilməmişdir. Həmçinin onun özü və ya müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Göründüyü kimi, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən və İXM ilə müəyyən edilmiş yuxarıda qeyd olunan prosessual pozuntulara yol verilməklə onun barəsində tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə şikayətçi X24 ərizəsində, onun barəsində inzibati xəta haqqında işə baxılarkən İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması nəticəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 21.04.2021-ci il tarixli MN seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərar qəbul edildiyindən, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsi məqsədilə məhkəmə tərəfindən mümkün olan bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Belə ki, 25 may 2021-ci il tarixə təyin edilmiş ilkin məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X16 ərizəsində qeyd etdiyi “ünvan 2 ünvanına qanunvericiliklə müəyyən edilmiş qaydada poçt vasitəsilə yazılı məhkəmə bildirişi göndərilmişdir. Məhkəməyə daxil olmuş “SS675150075AZ” ştrix kodlu xəbərnamənin üzərindəki poçt müəssisəsinin ştampından, əlyazma ilə aparılmış qeyddən və eyni zamanda Azərpoçt MMC-nin rəsmi internet saytının “Poçt göndərişlərinin izlənməsi” səhifəsindən çıxarışdan müəyyən edilir ki, məhkəmə bildirişi X16 göstərdiyi ünvana 21 may 2021-ci il tarixdə, yəni İXM-nin 60.3-cü maddəsinə əsasən məhkəmə iclasının vaxtına ən azı 5 gün qalmış rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa şikayətçi X16 məhkəmə baxışında iştirakının təmin edilməsi məqsədilə təyin edilmiş məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır. 26.05.2021-ci il, 02.06.2021-ci il, 09.06.2021-ci və 16.06.2021-ci il tarixlərdə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə X5 məlumat verilməsi məqsədilə məhkəmə tərəfindən onun şikayət ərizəsində qeyd olunmuş, istifadəsində olan mobil telefon nömrəsinə “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə sms bildirişləri göndərilmişdir. “Elektron Məhkəmə Sistemi”nə baxış keçirildikdə isə müəyyən edilmişdir ki, sms məlumatlar ona çatdırılmışdır. Təyin edilmiş 26 may 2021-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin rəhbəri X16 özü tərəfindən imzalanmış etibarnamə əsasında iştirak edən X14 bildirmişdir ki, hazırkı şikayət ərizəsi Cəmiyyətin qanuni təmsilçisi olan X24 tərəfindən fərdi qaydada verilmişdir. Onun məhkəməyə təqdim etdiyi etibarnamə isə ona yalnız Cəmiyyətin adından iştirak etmək səlahiyyəti verir. Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil buraxıldığından ona vəkil orderi alması üçün vaxt verilməsini və məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Təyin edilmiş növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə bir neçə gün əvvəldən X16 istifadəsində olan mobil telefon nömrəsinə “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə göndərilmiş sms bildirişləri ona çatdırılmışdır. Lakin görülmüş zəruri tədbirlərə baxmayaraq, həmin məlumatlar əsasında 02.06.2021-ci il və 09.06.2021-ci il tarixli məhkəmə iclaslarına gələn X14 şikayətçi X16 özünün məhkəmə iclasında iştirak etməyəcəyini və vəkil orderinin alınması üçün vaxt verilməsini bir daha xahiş etmişdir. İş üzrə sonuncu məhkəmə iclası 16 iyun 2021-ci il tarixə təyin edilməsinə baxmayaraq nə şikayətçi özü, nə də onun müdafiəçisi təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri, eləcə də işə baxılmasının təxirə salınması barədə məhkəməyə hər hansı vəsatət daxil olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə isə bildiriş Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Göründüyü kimi məhkəmə tərəfindən şikayətçi X16 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılması təmin edilmiş, ona öz müdafiəsini hazırlamağa və vaxtında məhkəmə iclasına gəlməsinə kifayət qədər ağlabatan müddət ərzində imkan yaradılmışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinin tələblərinə uyğun olaraq işə şikayətçi X16 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X19 şikayətlin dəlilləri ilə razılaşmayaraq öz izahatında göstərmişdir ki, X12 10 fevral 2021-ci il tarixdə qaynar xətt vasitəsilə müraciət edərək iş yeri olan "xxxx" MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 29.01.2021-ci il tarixdə qanunsuz olaraq xitam verilməsi və son haqq hesabın ona ödənilmədiyi barədə məlumat verib araşdırılmasını xahiş etmişdir. Bundan başqa X12 oxşar məzmunlu ərizə ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edərək qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi, əmək məzuniyyəti pulunun tam şəkildə verilməməsi və əmək haqqının verilməməsi ilə bağlı zəruri araşdırma aparılmasını xahiş etmişdir. Qeyd olunan ərizə də aidiyyəti üzrə baxılması üçün Xidmət vasitəsilə idarəyə göndərilmişdir. Göstərilənlərlə yanaşı X7 eyni faktla bağlı 09.03.2021 və 18.03.2021-ci il tarixli təkrar şikayət ərizləri də idarəyə daxil olmuşdur. İdarə tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 23 fevral 2021-ci il tarixli məktubla X7 müraciətləri əsasında araşdırma aparılması barədə məlumat verilərək qanunvericiliyin tələbinə görə müvafiq sənədlərin 7 iş günü müddətində idarəyə təqdim edilməsi tələb edilmişdir. Məktubda tələb edilmiş sənədlərin siyahısı göstərilmiş və onlar arasında son haqq-hesabın ödənilməsini təsdiq edən sənəd, yəni bank çıxarışı və ya bank arayışının və s. təqdim edilməsi tələb edilmişdir. Lakin məktubun vaxtında rəsmi qaydada çatdırılmasına baxmayaraq zəruri sənədlərin surətləri uzun müddət ərzində idarəyə təqdim edilməmişdir. Araşdırma zamanı şikayətçinin izahatı və X3 məlumatlar əsasında işəgötürən tərəfindən əmək məzuniyyəti və əmək haqqı ödənişlərinin aparılmasında qanunvericiliyin tələblərinin pozulması və bununla da inzibati xətanın əlamətləri aşkar edildiyindən işə baxılmasının 12 aprel 2021-ci il tarixə təyin edilməsi barədə "xxxx" MMC-yə həm rəsmi, həm də şifahi qaydada məlumat verilmişdir. Məlumatlandırmanın nəticəsində təyin edilmiş tarixdə olmasa da növbəti gün, yəni 13 aprel 2021-ci il tarixli məktubla Cəmiyyət tərəfindən İdarəyə zəruri sənədlər təqdim edilmişdir. İnzibati xəta əlamətləri aşkar edildiyindən tərəfin iştirakı olmadan onun barəsində protokol tərtib edilərək surəti rəsmi qaydada göndərilmiş və işə baxılmasının 21 aprel 2021-ci il tarixə təyin edilməsi barədə Cəmiyyətə məlumat verilmişdir. Araşdırma müddətində "xxxx" MMC-nin məsul şəxsləri olan Süleyman və Nailə adlı şəxslərlə telefon əlaqəsi saxlanılmış, işə baxılmasının vaxtı və yeri barədə onlara məlumat verilmiş, lakin təyin edilmiş vaxtda Cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Buna görə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmış, lakin onun özü tərəfindən təqdim edilmiş sənədlər tədqiq edilmişdir. Araşdırma nəticəsində işçi X7 şikayətinin əsaslı olduğu və ona ödənilməli olan son haqq-hesabın vaxtında verilmədiyi, bununla da əmək qanunvericiliyinin tələbinin pozulması müəyyən edilmişdir. Rəsmi sənədlərdən, o cümlədən dövlət reyestrindən çıxarışdan müəyyən edilmişdir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru kimi sərəncamverici vəzifələri icra edən vəzifəli şəxsi X20r. Belə ki, işçi X12 ilə 14.11.2018-ci il tarixli əmək müqaviləsi, 17.09.2019-cu il və 05.01.2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında razılaşmalar işəgötürən "xxxx" MMC-nin direktoru X24 ilə bağlanmışdır. Daha sonra işçi X12 işəgötürən X16 imzaladığı müvafiq əmrlərlə 04 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək ödənişsiz əmək məzuniyyətinə buraxılmış, 29 yanvar 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin son haqq-hesabın hesablanaraq ödənilməsinə dair tərtib edilmiş 29.01.2021-ci il tarixli sənəd X16 özü tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cəmiyyətin təqdim etdiyi “Azərbaycan Beynəlxalq Bank”ının hesab çıxarışından müəyyən edilmişdir ki, son haqq-hesab olaraq hesablanmış 416,5 (dörd yüz on altı manat əlli qəpik) manat pul vəsaiti işçi X7 hesabına son iş günü hesab edilən 29 yanvar 2021-ci il tarixdə deyil, hissəhissə olmaqla iki dəfəyə, yəni birinci dəfə 62 (altmış iki) manat olmaqla 02.02.2021-ci il tarixdə, ikinci dəfə isə işçinin qaynar xəttə daxil olmuş müraciətindən sonra 16.02.2021-ci il tarixdə 354,50 (üç yüz əlli dörd manat əlli qəpik) manat olmaqla tam şəkildə ödənilmişdir. Göründüyü kimi, işəgötürən X24 öz xidməti vəzifələrinə laqeyd yanaşaraq işçinin son haqq-hesab ödənişini qanunla müəyyən edilmiş vaxtdan gec bank hesabına köçürülməsini təmin etmişdir. Bununla da vəzifəli şəxs olaraq X24 tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi öz təsdiqini tapdığından onun barəsində 21.04.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ona 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, araşdırma aparılan müddət ərzində Cəmiyyətin nümayəndələri ilə mütəmadi olaraq şifahi qaydada əlaqə saxlanılıb başlanılmış inzibati xəta haqqında iş üzrə icraat barədə məlumat verilməsinə baxmayaraq, laqeyd yanaşılmış və etibarnamə üzrə nümayəndənin bilavasitə icraatda iştirakından imtina edilmişdir. Ona görə də şikayətçinin bu xüsusatla bağlı, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icraatda iştirakı təmin edilməməklə İXM-nin müvafiq tələblərinin əhəmiyyətli dərəcədə pozulmasına dair dəlili həqiqəti əks etdirmir və tamamilə əsassızdır. Belə ki, Cəmiyyətin qanuni təmsilçisi qərəzli olaraq icraatda bilavasitə iştirakdan imtina etmişdir, həm də bunun birbaşa sübutudur ki, X24 idarədə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat barədə bilavasitə məlumatlı olmaqla 23 fevral 2021-ci il tarixli məktubu özü imzalayıb müvafiq sənədlərin idarəyə təqdim edilməsini təmin etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 Əhəd Tofiq oğlunun şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilməməsini və qəbul edilmiş 21.04.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə digər nümayəndəsi X15 da eyni məzmunlu izahat verərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X16 şikayəti təmin olunmamalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsinin rəisi X23 tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron müraciət vərəqəsindən müəyyən edilir ki, X12 10 fevral 2021-ci il tarixdə qaynar xətt vasitəsilə Xidmətə müraciət edərək iş yeri olan "xxxx" MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 29.01.2021-ci il tarixdə qanunsuz olaraq xitam verilməsi və son haqq-hesabın ona ödənilmədiyi barədə məlumat verib araşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş ərizədən müəyyən edilir ki, X12 müraciətində 2 il müddətində "xxxx" MMC-də fəhlə işlədiyini, işlədiyi müddət ərzində öz öhdəliklərini layiqincə icra etdiyini, 25.12.2020-ci il tarixdə istifadə etdiyi tibbi maskasının ağız nahiyyəsindən nisbətən aşağı düşməsi ilə bağlı mühafizəçinin ona irad bildirməsi nəticəsində sonuncuyla aralarında yaranmış mübahisə səbəbindən iradəsi olmadan məcburən ərizəsi yazılaraq işdən qanunsuz olaraq azad edildiyini, həmçinin əmək haqqının ödənilmədiyini bildirmişdir. İş materiallarında olan səlahiyyətli orqan tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 23 fevral 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, X7 müraciətləri əsasında araşdırma aparılması barədə Cəmiyyətə məlumat verilərək qanunvericiliyin tələbinə görə müvafiq sənədlərin 7 iş günü müddətində idarəyə təqdim edilməsi tələb edilmişdir. Məktubda həmçinin tələb edilmiş sənədlərin siyahısı göstərilmiş və onlar arasında son haqq-hesabın ödənilməsini təsdiq edən sənəd, yəni bank çıxarışı və ya bank arayışının və s. təqdim edilməsi tələb edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən müəyyən edilir ki, səlahiyyətli inzibati orqanın yuxarıda qeyd edilən 23 fevral 2021-ci il tarixli **********8 nömrəli məktubu Cəmiyyətə rəsmi qaydada təqdim edilmişdir. Şikayətçi həmin məktubun Cəmiyyətə gec təqdim edilməsini əsaslandırmasına və buna dair poçt göndərişi zərfinin üst hissəsinin ksero surətini məhkəməyə təqdim etməsinə baxmayaraq, təsdiqedici sübut məhkəməyə tam şəkildə verilməmişdir. Belə ki, həmin məktubun Cəmiyyətə çatdırılmasını təsdiq edən poçt ştamplarının olduğu hissə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa hər iki tərəfin məhkəməyə təqdim etdiyi müvafiq sənədlərdən müəyyən edilir ki, səlahiyyətli inzibati orqanının 23 fevral 2021-ci il tarixli **********8 nömrəli məktubuna cavab olaraq "xxxx" MMC tərəfindən 13 aprel 2021-ci il tarixli 7329 nömrəli məktubla müvafiq sənədlər səlahiyyətli orqana təqdim edilmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, Cəmiyyət onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə artıq məlumatlı olmuşdur. Eyni zamanda səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin məzmunundan da görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan müddət ərzində Nailə adlı əməkdaşla, o cümlədən Cəmiyyətin İnsan Resursları Departamentinin direktor müavini Süleyman Şaheldiyevlə şifahi qaydada danışıqlar aparılmış və araşdırma, eləcə də işə baxılmasının müddətləri barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, Cəmiyyət tərəfindən 13 aprel 2021-ci il tarixli 7329 nömrəli məktubla təqdim edilmiş müvafiq sənədlər səlahiyyətli inzibati orqan tərəfindən tədqiq edildikdə müəyyən edilmişdir ki, işdən azad edilmiş X4 haqq-hesab son iş günündə ödənilməmişdir. Belə ki, iş materiallarında olan 14.11.2018-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir, X12 "xxxx" MMC-yə fəhlə vəzifəsinə işə götürülmüşdür. 17.09.2019-cu il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında Razılaşma”dan müəyyən edilir ki, X7 əmək haqqı məbləği 260 manata dəyişdirilmişdir. 05.01.2021-ci il tarixli 1147/k-1 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında Razılaşma”dan müəyyən edilir ki, X12 fəhlə vəzifəsindən anbardar vəzifəsinə keçirilmiş və onun əmək haqqı məbləği 300 manat müəyyən edilmişdir. 30.12.2020-ci il tarixli 89/M-1 nömrəli əmrdən müəyyən edilir ki, işçi X12 04.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır. Əsas olaraq işçinin ərizəsi göstərilmişdir. 29.01.2021-ci il tarixli 100/K nömrəli əmrdən müəyyən edilir ki, işçi X7 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əsas olaraq işçinin ərizəsi göstərilmişdir. Qeyd olunan əmrdən həmçinin müəyyən edilir ki, işçi X2 iş günü 29 yanvar 2021-ci il tarix hesab edilmiş və ona 51 gün ödənişli əmək məzuniyyəti günləri hesablanmışdır. 29.01.2021-ci il tarixli və Cəmiyyətin möhürü ilə təsdiqlənmiş sənəddən müəyyən edilir ki, işçi X9 416,5 (dörd yüz ona altı manat, əlli qəpik) manat son haqq-hesab məbləği hesablanmışdır. 14.11.2018-ci il tarixli əmək müqaviləsi, 17.09.2019-cu il və 05.01.2021-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında Razılaşma”lar, 30.12.2020-ci il tarixli 89/M-1 nömrəli və 29.01.2021-ci il tarixli 100/K nömrəli əmrlər, eləcə də 29.01.2021-ci il tarixli son haqq-hesab vərəqəsi məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edilir ki, qeyd olunan sənədlər işəgötürən X24 (hazırki iş üzrə şikayətçi) tərəfindən imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, işdən azad edilmiş X2 iş günü 29.01.2021-ci il tarixi olmuşdur. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı”nın işçi X7 adına olan bank hesabından çıxarışdan müəyyən edilir ki, onun hesabına 02.02.2021-ci il tarixdə 62 manat, 16.02.2021-ci il tarixdə isə 354,50 (üç yüz əlli dörd manat əlli qəpik) manat olmaqla son haqq-hesab ödənişi köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 29.01.2021-ci il tarixdə işdən azad edilmiş X9 hesablanmış 416,5 (dörd yüz ona altı manat, əlli qəpik) manat son haqq-hesab məbləği, sonuncu iş günündə deyil, hissə-hissə olmaqla 16.02.2021-ci il tarixdə tam şəkildə ödənilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi X12 işə qəbul edilib, işdən azad edilərkən işəgötürən qismində müvafiq əmək müqavilələri və əmrlər şikayətçi X24 tərəfindən imzalanmışdır. Göründüyü kimi, X24 "xxxx" MMC-də təşkilatsərəncamverici funksiyaları icra edən vəzifəli şəxs statusunda olmuşdur. Beləliklə məhkəmə araşdırması ilə, "xxxx" MMC-nin vəzifəli şəxsi X24 tərəfindən işçi X9 hesablanmış son haqq-hesab məbləğinin onun son iş günündə ödənilmədiyi və bununla da, X24 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X23 tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntuları aşkarlandığı üçün "xxxx" MMC-nin direktoru X24 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X16 əməli səlahiyyətli inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi X24 məhkəməyə ünvanlanmış şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etməsinə baxmayaraq, nə şikayət ərizəsinin məzmununda, nə də məhkəməyə təqdim etdiyi müvafiq sənədlərdə onun əməlində qeyd olunan inzibati xətanın olmamasına dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Onun ərizəsində göstərdiyi, Cəmiyyət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda iştirakının təmin edilməməsi və bununla da Azərbaycan Respublikası İXM-in 135.1.6-cı maddəsinə əsasən Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbiylə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməli olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həm inzibati orqanda aparılan icraat zamanı, həm də məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X18 öz müdafiəsini hazırlamağa və vaxtında aparılan icraatda iştirak etməsinə görə kifayət qədər ağlabatan müddət ərzində imkan yaradılmışdır. Lakin buna baxmayaraq işin faktiki hallarından müəyyən edilir ki, X24 özü-öz hərəkətləri ilə barəsində aparılan icraata laqeyd yanaşmış, aidiyyyəti qurumun, o cümlədən məhkəmənin çağırışlarına ciddi yanaşmamış, hətta məhkəmə iclasları barədə məlumatlı olmasına baxmayaraq vəkilinin işdə iştirakı üçün qanunla müəyyən edilmiş qaydada order verilməsini təmin etməmiş, o cümlədən özü bilavasitə məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, o, bu hərəkətləri ilə məhkəmə və aidiyyəti qurumları onun əsassız şikayəti ilə uzun müddət ərzində məşğul olmağa vadar etmişdir. Bu isə məhkəmənin lüzumsuz olaraq yüklənməsinə şərait yaradan hallardan biridir. Ona görə də məhkəmə X16 bu hərəkətlərinə tənqidi yanaşaraq hesab edir ki, səlahiyyətli inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İXM-nin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarına yol verilməmişdir. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması və Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X23 tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. O cümlədən, məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də, şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X16 şikayət ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X23 tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar