Məhkəmə qərarları › İş №3(004)-119/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-119/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-119/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 138, məhəllə 1023 olan Şəxs MMC (VÖEN:**********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 11643.60 (on bir min altı yüz qırx üç dollar altmış sent) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" ASC-də olan bank hesabından 11 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 11643.60 (on bir min altı yüz qırx üç dollar altmış sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, "X5 (Singapore) CO.PTE.LTD” şirkəti tərəfindən təqdim edilmiş 10 dekabr 2020-ci il tarixli, ümumi dəyəri 38812.00 ABŞ dolları olan proforma invoysa uyğun olaraq "xxxx" MMC adı qeyd olunan ixracatçıya ilkin olaraq xx.xx.2020 tarixində 11643.60 ABŞ dolları və daha sonra xx.xx.2021-ci il tarixində 27168.40 ABŞ dolları öncədən (avans) ödəniş etmişdir. Qeyd olunan ödənişlərə əsasən 38812.00 ABŞ dolları dəyərində olan mallar ölkəyə idxal edilmişdir. Həmin mallara aid 25 may 2021-ci il tarixli **********4266 və 25 may 2021-ci il tarixli **********4293 sorğu nömrəli Gömrük bəyannamələri tərtib edilmişdir. Lakin bank tərəfindən avans ödənişlərinin bəyan edilməsi (bağlanması) üçün göstərilən YGB qəbul edilməmişdir. Buna səbəb YGB-də göstərilən müqavilə tarixinin və nömrəsinin bankın sistemində (portalda) olan tarixə uyğun gəlməməsi olmuşdur. "X5 (Singapore) CO.PTE.LTD” şirkətinə avans ödənişləri sonuncu ilə bağlanmış 12112019 nömrəli müqavilə əsasında həyata keçirilmişdir. Ümumilikdə 38812.00 ABŞ dolları dəyərində olan mallar 25 may 2021-ci il tarixli **********4266 və 25 may 2021-ci il tarixli **********4293 sorğu nömrəli bəyannamələr təsdiq edir. Həmçinin idxal edilən malların ümumi invoys dəyərinin avans məbləğinə uyğun gəlməsi və digər hallar da buna sübutdur. Həmin uyğunsuzluq müqavilə tarixinin və nömrəsinin müqavilədə dəqiq göstərilməməsindən irəli gəlmişdir, qalan bütün məlumatlar, yəni Gömrük bəyannaməsinin invoys dəyəri ilə avans ödənişinin üst-üstə düşməsi, YGB-də olan malların avans üçün banka təqdim edilmiş proforma invoysda göstərilən mallara uyğun gəlməsi və s. bəyan edilməyən (bağlanmayan) avansa aid YGB-nin məhz banka təqdim edilən 25 may 2021-ci il tarixli **********4266 və 25 may 2021-ci il tarixli **********4293 sorğu nömrəli YGB olmasını təsdiqləyir. X3 göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 138, məhəllə 1023-dür. (VÖEN: **********) İş materiallarında olan "xxxx" ASC-nin 14 fevral 2022-ci il tarixli xarici valyutada sviftdindən görünür ki, Şəxs MMC-nin bank hesabından “X5 (Singapore) CO.PTE.LTD” şirkətinin bank hesabına 12112019 nömrəli müqaviləyə və 10 dekabr 2020-ci il tarixli Pİ AB-COOLİNG20191210 nömrəli Pro-forma invoysa əsasən 11643.60 (on bir min altı yüz qırx üç dollar altmış sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs MMC ilə “X5 (Singapore) CO.PTE.LTD” şirkəti arasında 12112019 nömrəli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, Şəxs MMC ilə “X5 (Singapore) CO.PTE.LTD” şirkəti arasında 12112019 nömrəli müqaviləyə uyğun olaraq 10 dekabr 2020-ci il tarixli Pro-forma invoys tərtib edilmiş və malların dəyəri 38812.00 (otuz səkkiz min səkkiz yüz on iki) ABŞ dolları təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 25 may 2021-ci il tarixli **********4266 və 25 may 2021ci il tarixli **********4293 nömrəli gömrük bəyannamələrindən və ona əlavələrdən görünür ki, qeyd olunan tarixdə 38812.00 (otuz səkkiz min səkkiz yüz on iki) ABŞ dolları məbləğdə mallar “X5 (Singapore) CO.PTE.LTD” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına tam şəkildə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş 12 mart 2021-ci il tarixli MDDDSABCC210312-1 və 18 mart 2021-ci il tarixli MDDDSABCC210318-1 nömrəli commercial invoysdan görünür ki, 38812.00 (otuz səkkiz min səkkiz yüz on iki) ABŞ dolları məbləğdə mallar “X5 (Singapore) CO.PTE.LTD” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına tam şəkildə idxal edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlərin mövcud olması ilə əlaqədar İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə “X5 (Singapore) CO.PTE.LTD” şirkətinin hesabına bağlanmış müqavilə əsasında 11 dekabr 2020-ci il tarixdə 11643.60 (on bir min altı yüz qırx üç dollar altmış sent) ABŞ dolları məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq avans şəkildə köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 11643.60 (on bir min altı yüz qırx üç dollar altmış sent) ABŞ dolları dəyərində mallar “X5 (Singapore) CO.PTE.LTD” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına tam şəkildə idxal edilmişdir. 25 may 2021-ci il tarixli **********4266 və 25 may 2021-ci il tarixli **********4293 nömrəli gömrük bəyannamələri, 12112019 nömrəli müqavilə, 10 dekabr 2020-ci il tarixli Pİ AB-COOLİNG20191210 nömrəli Pro-forma invoys və 12 mart 2021-ci il tarixli MDDDSABCC210312-1 və 18 mart 2021-ci il tarixli MDDDSABCC210318-1 nömrəli commercial invoys tədqiq edilərkən müəyyən edilmişdir ki, həqiqətəndə Şəxs MMC tərəfindən 11 dekabr 2020-ci il tarixdə köçürülmüş vəsait hesabına mallar ölkəyə idxal edilmişdir. Bu da öz növbəsində həmin hüquqi şəxsin hərəkətlərində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edir. Bundan əlavə sübut olunur ki, Şəxs MMC ilə “X5 (Singapore) CO.PTE.LTD” şirkəti arasında bağlanmış 12112019 nömrəli müqavilə üzrə ümumilikdə 11 dekabr 2020-ci il tarixində 11643.60 (on bir min altı yüz qırx üç dollar altmış sent) ABŞ dolları avans ödənişi olmuş və 25 may 2021-ci il tarixli **********4266 və 25 may 2021-ci il tarixli **********4293 nömrəli gömrük bəyannamələri ilə 38812.00 (otuz səkkiz min səkkiz yüz on iki) ABŞ dolları dəyərində mallar idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 19 dekabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 19 dekabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar