Məhkəmə qərarları › İş №3(004)-1201/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1201/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1201/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1971-ci il tarixdə Ağdam rayonunun, Baş Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Qərvənd ərazi dairəsi, Baş Qərvənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o 14 yanvar 2022-ci il tarixdə idarə etdiyi “Renault Megane” markalı **-OU-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ilə Ə.Əhmədov küçələrinin kəsişməsində, yolun sağ zolağı ilə hərəkətdə olarkən, işıqforun “qırmızı” işığında dayanmış və sürücülər üçün “yaşıl” işığın yanmasını gözləmişdir. İşıqforun “yaşıl” işığı yananda, mən avtomobilini idarə edərək, Yeni Yasamal istiqamətində, sağ tərəfə dönən zaman (“Bravo” marketin qarşısında) onun avtomobilinin yük yerinə sağ tərəfdən nəyinsə dəydiyini eşidib avtomobili saxlamışdır. Sol tərəfdə avtomobillər hərəkətdə olduğu üçün avtomobilinin sol sürücü tərəfdən qapısını aça bilməsə də, sağ tərəfdən pəncərədən baxan zaman bir nəfər qadının sağda olan səkidən yola çıxdığı zaman çantası və sol ayağı ilə avtomobilinə dəydiyini görmüşdür. Həmin qadından nə isə olduğunu, xəsarət alıb-almadığını soruşmuş, qadın isə heç bir xəsarətinin olmadığını, “Əmi oğlu, narahat olma, heç nəyim yoxdu.” - demiş və geriyə - səkiyə tərəf qayıtmışdır. Bu vaxt o həmin qadının yanında olan bir nəfər cavab oğlandan da qadında hər hansı bir xəsarəti olub- olmadığını soruşmuş, oğlan da ona cavab vermişdir ki, qadında heç bir xəsarət yoxdur. Yenə də, o həmin qadının qorxma ehtimalını nəzərə alıb ona bildirmişdir ki, bir neçə dəqiqə onu gözləsin, çünki həmin yerdə avtomobili saxlamağı və ya geriyə dönməyi mümkün deyildir və ümumiyyətlə, orada piyada keçidi olmamışdır. O həmin yerdən, yəni D.Bünyadzadə küçəsində binanın ətrafına dönüb təxmini 2-3 dəqiqə sonra həmin yerə qayıtmış, lakin həmin vaxtı orada nə həmin qadını, nə də yanında olmuş oğlanı orada tapa bilməmişdir. Həmin vaxtı nə qadın yerə yıxılmışdır, nə də bədənində heç bir xəsarət izi, yara ya heç nə görünməmiş, halsız və ya huşsuz vəziyyətdə olmamış, çox rahat və sakit tərzdə danışmışdır. O isə, heç bir yolnəqliyyat hadisəsinin baş vermədiyinə əmin olduqdan sonra oradan uzaqlaşmışdır. Bundan təxminən 40 gün sonra Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı olan “Orxan” adlı şəxs mənə zəng edərək Şöbəyə çağırdı, oraya getdikdə, ona 14 yanvar 2022-ci il tarixdə guya yol-nəqliyyat hadisəsi törətdiyini bildirib sürücülük vəsiqəsinin əslini ona təhvil verməyini tələb etmişdir. Yekun olaraq inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2022-ci il tarixdə saat 18:20 radələrində “Renault Megane” (minik) markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1, 332.1 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertizasının və PA şöbəsin verdiyi, 40 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxsə Zakir qızının almış olduğu xəsarət – sol aşıq-baldır oynağının və sol ayağın yumşaq toxumalarının əzilməsi ilə maşayiət olunmuş həmin nahiyələrin qançırı küt əşya )alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmu sağlamlığa Yüngül zərər vurmaya aiddir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 6(004)-75/2022 saylı qərarına əsasən Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Tural Abdullayev tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və cinayət işi üzrə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-952/2022 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayəti qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 29 mart 2022ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş 24 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 327.8-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş 24 fevral 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati işə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar