Məhkəmə qərarları › İş №3(004)-1209/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1209/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1209/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 fevral 2022-ci il tarixli AP seriyalı ******* inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, "xxxx" ASC (bundan sonra "xxxx" ASC) tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Yasamal rayon DYP şöbəsinin AP № ******* nömrəli 21 fevral 2022-ci il tarixli protokolunu qanunsuz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1665 nömrəli 7 noyabr 2017-ci il tarixli Fərmanına əsasən, səhmləri 100 faiz dövlətə məxsus olan "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1704 nömrəli 4 dekabr 2017-ci il tarixli Fərmanına əsasən, Cəmiyyətinin nizamnaməsinə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.13.2.7-ci yanmbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait və 1704 nömrəli Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş dövlət əmlakı daxildir. "xxxx" ASC-nin əsas məqsədi Azərbaycan Respublikası ərazisində yerləşən və onun mülkiyyətində olan dövlət əmlakının səmərəli idarə edilməsi və inkişaf etdirilməsidir. Azərbaycan Respublikası İXM-nin 123.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 123.1 -ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Göründüyü kimi, 347-ci maddədə nəzərdə tutulan inzibati xətanın subyekti müəyyən edilərkən, dövlət qurumu və hüquqi şəxslər ayrı qeyd edilmişdir. Yəni, həmin inzibati xəta hüquqi şəxs tərəfindən törədildikdə hüquqi şəxs, dövlət qurumu tərəfindən törədildikdə dövlət qurumunun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Beləliklə, "xxxx" ASC hazırkı inzibati xətanın subyekti deyildir. Bundan başqa, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 3-cü hissəsinin 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmçinin, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən, informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün yazılı informasiya sorğusunda sorğuçunun adı və soyadı, sorğuçuya aid əlaqə məlumatlar (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi) göstərilməli, fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Həmin Qanunun 21.1.1-ci yarımbəndinə əsasən, sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda informasiya sahibi sorğunu təmin etməkdən imtina edə bilər. Yasamal rayon DYP şöbəsi tərəfindən məhkəməyə təqdim edilən sorğuda imza, imzalayan şəxsin adı, soyadı, vəzifəsi, sorğunun qeydiyyat nömrəsi göstərilsə də, poçt orqanı vasitəsilə "xxxx" ASC-yə rəsmi şəkildə göndərilmiş və göndərilməsinə dair sorğuda sözügedən qeydlər öz əksini tapmamış, qanunvericiliyin tələbləri pozulmuş, eyni zamanda vəzifəli şəxs tərəfindən sənədin saxtalaşdırılması icra olunaraq məhkəməni aldatmağa cəhd olunmuşdur. Beləliklə, Yasamal rayon DYP şöbəsi tərəfindən barəsində protokol tərtib edilmiş şəxs, "xxxx" ASC-nin İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədən subyekt olmadığını, eləcə də, inzibati xətanın əlamətlərinin mövcud olmadığını nəzərə alaraq inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Bundan əlavə 04.02.2022-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nə rəsmi qaydada cavab verilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib edən şəxs Bakı şəhər Yasamal rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 21 fevral 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına olan Bakı şəhəri Yasamal RPİ-nin "xxxx" ASC-yə ünvanladığı sorğudan görünür ki, həmin ASC-dən mülkiyyətində olan “Toyota Camry” markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı avtomobili 09 dekabr 2021-ci il tarixdə, saat 14:00-da idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin sorğusu 02.02.2022-ci il tarixdə Sadıqova tərəfindən qəbul edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə ünvanladığı 04.02.2022-ci il tarixli məktubundan və “Azari express” poçt xidmətinin 07.02.2022-ci il tarixli qəbzindən görünür ki, "xxxx" ASC mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən sürücü barədə məlumat Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə həmin tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin məsul şəxsi sorğunu rəsmi şəkildə aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə nəqliyyat vasitələrinin kimin istifadəsində olması barədə məlumatları Bakı şəhəri Yasamal RPİ-nə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.2ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar