Məhkəmə qərarları › İş №3(004)-1210/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1210/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1210/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin adından X1, Qərardan şikayət edən şəxs - X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri İzmir küçəsi ilə Tbilisi prospektinin kəsişməsində DYP qərarsız protokol tədbiq etmişdir. Baxmayaraq ki, o qərarsız protokoldan xx.xx.2022-ci il tarixində Bakı şəhər DYP idarəsinə şikayət vermişdir. xx.xx.2023-ci il tarixdə şikayətinə baxmadan qərar qəbul etmişdirlər. Yazilmiş protokol və qərar qanunsuzdur və məhkəmə tərəfindən ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, inzibati orqan tərəfindən tərtib edilmiş protokol AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olmamışdır, protokoldakı xanalar tam doldurulmamışdır, onun həmin protokoldan şikayət etməsinə baxmayaraq, şikayəti araşdırılmadan barəsində cərimə qərarı qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. Qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Eyni zamanda törədilmiş inzibati xətanın video görüntüsünü özündə əks etdirən CD diski sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin İXP ******* saylı, xx.xx.2022-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 14:41 radələrində idarə etdiyi “Kia Optima” minik markalı, ** LJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişməsi istiqamətində nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirilməsinə görə barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (qərar qəbul etmiş orqan tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 14:41 radələrində idarə etdiyi “Kia Optima” minik markalı **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Tbilisi prospekti İzmir küçəsi ilə kəsişməsində inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsində qeyd edilmişdir ki, yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Digər tərəfdən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ hissələrində imperativ qaydada qeyd edilmişdir ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-cü il tarixdə, saat 14:41 radələrində Yasamal rayonu, Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişməsi istiqamətində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta ilə bağlı xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin TP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar