Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1214/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Norilsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 67-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs “Ford Mustang” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilində arxa ön şüşədə əxlaqsızlığı təbliğ edən “PornHUB” yazısı yapışdırılmış vəziyyətdə, ətrafdakıların diqqətini cəlb edərək, cəmiyyətdə formalaşmış birgəyaşayış, əxlaq qaydalarına məhəl qoymadan şəhərdə 10.05.2021-ci il tarixdən 17.05.2021-ci il tarixədək olan müddətlərdə idarə etmiş, həmin görüntülər 17.05.2021-ci il tarixdə “Avtosfer” web saytında da yayımlanmış, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən 19.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, həqiqətən də avtomobilində arxa papresdə “PornHUB” yazısı yapışdırılmış vəziyyətdə idarə etmişdir, lakin həmin yazının şüşədə olmasından xəbəri olmamışdır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru Xəyal Alılı məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 17.05.2021-ci il tarixdə “Avtosfer” web saytında “Ford Mustang” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilində arxa şüşədə əxlaqsızlığı təbliğ edən yazı aşkar edilmiş, ətrafdakıların diqqətini cəlb edərək, cəmiyyətdə formalaşmış birgəyaşayış, əxlaq qaydalarına məhəl qoymadan bu cür vəziyyətdə avtomobili şəhərdə müxtəlif vaxtlarda idarə etmiş, həmin görüntülər internet sayıtlarda da gündəmdə olmuşdur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, iş materiallarındakı fotoşəkillərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan 19.05.2021-ci il tarixli raporta əsasən 19.05.2021-ci il tarixdə **-YP- *** çağırışlı avtopatrulla xidmət apararkən Dalğanın göstərişi ilə “Ford Mustang” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ə.Haqverdiyev küçəsi ilə saxladılar, saxlamanın səbəbi nəqliyyat vasitəsinin 17.05.2021-ci il tarixində “Avtosfer” tərəfindən əxlaqsızlığı təbliğ edən nəqliyyat vasitəsinin popresinin üzərində “Pornhub” yazılması fotoda öz əksini tapıb. İş materiallarındakı 19.05.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 13:50 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19.05.2021-ci il tarixindən, saat 13:50 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1214/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1214/2021
19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver