Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1214/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 19.02.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Yaban” restoranında masanın üzərindən, həmin restoranda ofisiant işləyən X2 məxsus 300 manat dəyərində “Samsung A-7” markalı telefonu oğurlayıb, vətəndaş N.Babayevə 300 manat məbləğində ziyan vurmuşdur. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən 01.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, 19.02.2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanında yerləşən “Yaban” restoranında masanın üzərindən “Samsung A-7” markalı telefonu görüb oğurlamışdır, 45 manata tanımadığı adama satmışdır. Vurduğu ziyanı hələ ki qaytara bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, Şəxs 19.02.2022-ci il tarixdə onun işlədiyi Yaban restoranına gəlib, yer istəmiş, o da əyləşməsi üçün yer göstərmişdir və ondan sifariş almaq üçün çıxanda masanın üzərində olan 300 manat dəyərində “Samsung A-7” markalı telefonunu Şəxs oğurlamışdır. Bundan sonra polisə şikayət etmişdir. ötən müddət ərzində ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Təqsirləndirilən şəxsin ağır formada cəzalandırılmasını xahiş edir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin sahə rəisi Rüstəm Əliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Nail Bayramlının 28.02.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 01.03.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 02:00 radələrində tutulmuşdur. İş materiallarında olan AZEMİS Elektorn sistemdən çıxarışa əsasən müəyyən edilir ki, Şəxs əvvəllər də İXM-nin 227-ci maddəsindəki əməli törətdiyinə görə Yasamal Rayon Məhkəməsinin 3(004)-2157/2018 saylı, 06.11.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 3(001)-440/2022 saylı, 03.02.2022-ci il tarixli qərarları ilə inzibati tənbeh edilmişdir. Həmçinin Nərimanov Rayon Məhkəməsinin icraatında onun barəsində AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə 1(005)-184/2022 saylı cinayət işi vardır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 03 ay (üç ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 01.03.2022-ci il tarixindən, saat 02:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1214/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1214/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver