Məhkəmə qərarları › İş №3(004)-122/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-122/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-122/2021 19.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2020-ci il tarixli MN ******* və MN ******* saylı protokolların əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin vəkili X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, direktoru olduğu Bakı şəhər Təcili və X7 X11 şəxsin 17 saylı bölməsinin işçisi X10 xx xxxxxx 2020-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Hadisə baş vərən gün, yəni xx xxxxxx 2020-ci il tarixində telefon vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə baş vermiş bədbəxt hadisə barədə məlumat vermişdir. Buna baxmayaraq baş vermiş hadisədən 7 aya yaxın vaxt keçdikdən sonra yəni xx.xx.2020-ci il tarixində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində MN ******* və MN ******* saylı protokol tərtib edilmişdir. Daha sonra isə həmin qanunsuz və əsassız protokolar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixində MN ******* saylı qərar qəbul edilmişdir. Sözügedən qərarla AR İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakı səbəblərdən dolayı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş MN ******* saylı qərarı qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixində Bakı şəhər Təcili və X7 X11 şəxsin 17 saylı bölməsinin işçisi X10 xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə elə həmin günü telefon vasitəsi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat vermişdir. Onu da qeyd etmişdir ki, təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkibində məlumat vermənin hansı şəkildə olması ilə bağlı xüsusi bir şərt yoxdur. Bu səbəbdən də o, baş vermiş hadissə barədə məlumat vermək üçün daha operativ vasitə olan telefon vasitəsi ilə məlumat vermişdir. Göründüyü kimi AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Bundan başqa qeyd etmişdir ki, əgər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddia etdiyi kimi AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa belə, AR İXM ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddətinin keçdiyindən iş üzrə icraata xitam verilməli idi. Belə ki, AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə görə “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə” inzibati məsuliyyət müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə Bu məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə inzibati xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Hüquq nəzəriyyəsində “davam edən hüquq pozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquq pozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Lakin onun törətməkdə təsirləndirildiyi əməl hərəkətsizliklə ifadə olunan əməldir. Həmin əməl davam edən inzibati xəta hesab oluna bilməz. Bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi onun törətməkdə təqsirli bilindiyi inzibati xətaya tətbiq oluna bilməz. Ona görə də müddət xx xxxxxx 2020-ci il tarixdən etibarən 3 ay müddətində hesablanmalı idi. Lakin bir daha bildirmişdir ki, o, həmin inzibati xətanı törətməmiş, hadisə barəsində həmin gün məlumat vermişdir. Sonradan koronavirus xəstəliyinin yayılması səbəbindən Təcili və Təxirəsalınmaz TibbiYardım Stansiyasının iş rejiminin ağırlaşması, həmin xəstəliyə qarşı mübarizə tədbirlərinin davamlı olaraq artması nəticəsində xx xxxxxx 2020-ci il tarixində həmin hadisə ilə bağlı verdikləri şifahi məlumatlarına cavab gəlməməsini iyun ayında aşkar etmişlər. Dərhal telefon ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi ilə əlaqə yaratdılar və onlara bildiriblər ki, istehsalatda baş verən bədbəxt hadisə üzrə komissiya üzvlərini təyin etsinlər. Həmin komissiya üzvü kimi 2 nəfərin adını yazılı şəkildə göndərmişlər. Bunlara baxmayaraq barəsində 1 ay 4 gün sonra protokol tərtib olunmuşdur. xx xxxxxx 2020-ci il tarixində isə MN ******* saylı qərar qəbul olunmuşdur. İnzibati xətanın törədilməsi faktı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx xxxx 2020-ci il tarixində məktub göndərmiş və məktubun həmin nazirliyə çatmaq vaxtı xx xxxx 2020-ci il tarixidir. xx.xx.2020-ci il tarixində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində MN ******* və MN ******* saylı protokol tərtib edilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir (İXM. 101.2). Əgər həmin inzibati xəta ilə əlaqədar inzibati araşdırma keçirilməyi zəruri olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıqolmayan müddətə aparılmalıdır. Göründüyü kimi barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsindəki inzibati xətaya görə inzibati protokol ən geci 1 ay ərzində tərtib olunmalı olduğu təqdirdə prtokol xx.xx.2020-ci il tarixdə yəni 01 ay 04 gün sonra tərtib olunmuşdur. Bu da öz növbəsində inzibati protokolun tərtib olunma müddəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinin pozulması deməkdir. Qeyd edilənlərdəndən göründüyü kimi, Bakı şəhər Təcili və X7 X11 şəxsin 17 saylı bölməsinin işçisi X10 xx xxxxxx 2020-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Lakin həmin bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hadisdən 7 aya yaxın vaxt keçdikdən sonra xx.xx.2020-ci il tarixində MN ******* və MN ******* saylı protokol tərtib edərək xx xxxxxx 2020-ci il tarixində MN ******* saylı qərar qəbul etmişdir. Bu hal isə bir daha sübut edir ki, AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsa belə inzibati xətanın törədildiyi gündən 7 ay keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bildirmişdir ki, o, yəni X13 Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* və MN 041707 saylı, xx.xx.2020-ci il tarixli protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004)-2189/2020 nömrəli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır. Həmçinin xx.xx.2020-ci il tarixində Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət etsə də, xx.xx.2020-ci il tarixində həmin şikayət geri qaytarılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixli bədbəxt hadisə nəticəsində işçi X.Pənahova ilə bağlı işəgötürən vəzifəli şəxs X13 tərəfindən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə onun barəsində protokol tərtib edilib, inzibati tənbeh verilmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə olsa da, həmin hadisə barədə məlumat verilmədiyindən, inzibati xəta tərkibi yaranmış və məlumatın verildiyi tarixədək inzibati xəta davam etmişdir. Ona görə də xx.xx.2020-ci il tarixdə inzibati tənbeh tətbiq ediləndə də inzibati məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X13 İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Qərara əsasən Bakı şəhər Təcili və X7 X11 şəxsin 17 saylı bölməsinin işçisi X6 xx xxxxxx 2020-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət alması barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməməsi qeyd olunmuşdur. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inxibati xəta kimi müəyyən edilmişdir. Bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırkı iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 9.2-0ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, İnzibati Xətalar Məcəlləsi davam edən inzibati xəta ilə bağlı münasibətləri tənzimləyir. Həmçinin davam edən inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətini müəyyən etmişdir. İXM analogiya üzrə tətbiq edilə bilmədiyi üçün, davam edən inzibati xətalara münasibətdə İXM ilə tənzimlənən inzibati məsuliyyətə cəlb etmə müddətini eyni ilə, İXM ilə tənzimlənməyən uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti kimi qəbul edilə bilməz. Uzanan inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-də tənzimlənmir. Belə bir norma İXM-də yoxdur. Belə bir norma dərc edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın həmin maddəsinin Vİİİ hissəsinə əsasən, normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Beləliklə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinə əsasən ümumi qaydada tənzimlənməlidir. Hazırkı iş üzrə bədbəxt hadisə xx.xx.2020-ci il tarixdə baş vermişdir və həmin tarixdə məlumat verilmədiyi üçün həmin gündən də İXM-nin 555.1-ci maddəsindəki inzibati xətanın törədildiyi ilk gün hesab edilir. Hər bir halda hazırkı inzibati xəta aşkar inzibati xətadır. Bədbəxt hadisə baş vermişdir. Bədbəxt hadisəyə məruz qalan şəxs və ya onun ailə üzvləri bu hadisə barədə xəbərdar olurlar. Ona görə də həmin tarixdən hesablanmaqla İXM-nin 555.1-ci maddəsin üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti olan 03 aylıq müddət xx.xx.2020-ci il tarixdə bitir. Lakin həmin inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra inzibati tənbeh qərarı xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. Halbuki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN ******* və MN ******* saylı protokollar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar