Məhkəmə qərarları › İş №3(004)-1220/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1220/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1220/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Daşdəmirovun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 21 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli EQ seriyalı 17127739 nömrəli elektron qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli EQ seriyalı 17127739 nömrəli elektron qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməmiş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Bundan sonra Şəxs barəsində olan müvafiq cəriməni və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. “Asanpay” ödəniş portalından edilən çıxarışdan görünür ki, Şəxs tərəfindən 27 sentyabr 2023-cü il tarixli EQ seriyalı 17127739 nömrəli elektron qərar üzrə inzibati xəta haqqında cəriməni tam şəkildə ödənilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 21 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 07 iyul 2023-cü il tarixli EQ seriyalı 15543765 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında qəbul edilmiş həmin tarixli elektron qərarlarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Bununla da İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMnin 529.3-cü maddəsinə münasibətdə 04 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 04 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 04 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yəni, cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 ay keçdikdən sonra şəxs İXM-nin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilir, ona görə də şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati iş üzrə icraat başlana bilməz, protokol tərtib edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin göründüyü kimi hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 aylıq müddət keçdiyindən, inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətaların hallarını nəzərə alaraq hesab edir ki, Şəxs müvafiq cəriməni ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 21 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli və 21 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokollar üzrə Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar