Məhkəmə qərarları › İş №3(004)-1221/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1221/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1221/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi və vəkili X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MTK-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK-nin Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Yasamal rayonu H.Zərdabi pr. 92 A 3166-cı məhəllədə Şəxs MTK tərəfindən inşa edilən binalarda formalaşan məişət və istehsalat tullantıları boş sahəyə atılaraq qalaqlanması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MTK barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nin nümayəndəsi və vəkili X4 bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi sənədlərdə göstərildiyi kimi Yasamal rayonu H.Zərdabi prti 92 A, 3166-cı məhəllədə müxtəlif çeşiddə qarışıq tullantılar Şəxs MTK tərəfindən atılmamışdır, bunu təsdiq edən heç bir sübut yoxdur, inzibati protokol dövlət orqanının fərziyyələrinə əsasən tərtib edilmişdir. Şəxs MTK tərəfindən öz ərazisində formalaşan məişət tullantılarının atılması üçün xüsusi yerlər təşkil etmişdir və ən azı bu səbəbdən digər yerlərə məişət tullantılarının atlması mümkün deyildir. Digər tərəfdən həmin ərazi onlara məxsus deyildir və hər tərəfi açıq ərazi olduğundan oraya kənar şəxslərin girişçıxışlar vardır, ətrafda yüzlərlə yaşayış evləri vardır. Ona görə də Şəxs MTK-nın əməlində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan kimi yəni “sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması” halı mövcud deyildir və konkret olaraq bunu sübut edən dəlil, sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən Şəxs MTK barəsində tərtib olunmuş protokol üzrə başlanmış inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən Yasamal rayon H.Zərdabi pr. 92 A, 3166-cı məhəllədə məişət və təmir zamanı formalaşan tullantıların qalaqlanması ilə əlaqədar tərtib edilmiş xx.xx.2023cü il tarixli 767330 nömrəli monitorinq aktında göstərilənlər idarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Aparılan araşdırma zamanı Yasamal rayon H.Zərdabi pr. 92 A, 3166-cı məhəllədə yerləşən Şəxs MTK tərəfindən inşa olunan binalarda formalaşan məişət və digər tullantıların qalaqlandığı aşkar edilmişdir. Həmin ərazidən fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Ona görə də Şəxs MTK-nın inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTK tərəfindən Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi halı, onun təqsiri sübuta yetirilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş ərazinin plan sxemindən görünür ki, məişət və digər tullantıların qalaqlandığı aşkar edilmiş ərazi Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən Şəxs MTK-ya tikinti aparılması ilə məqsədilə ayrılmış əraziyə daxil deyildir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ətrafında çox sayda fərdi yaşayış evləri olan və bir xeyli üzaq məsafədə yeni tikilməkdə olan hündür mərtəbəli binalar olan boş bir ərazidə salafan paketlərdə və pilietilen torbalarda məişət tullantıları qalaqlanmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs MTK tikilib istifadəyə verilmiş, yaşayışlı olan binaların qarşısında bir neçə yerdə məişət tullantılarının toplanması, atılması məqsədi ilə zibil qabları ilə təchiz edilmiş xüsusi zonalar yaradılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı baxış keçirilmiş video görüntüdən görünür ki, tullantıların qalandığı qeyd edilən boş olan ərazının kənarından avtomobil yolu keçir, ətrafda çöxlu sayda fərdi yaşayış evləri vardır, həmin əraziyə hər bir kəsin istər piyada şəkildə istərsə də avtomobillə giriş və çıxıs imkanları vardır. İş materiallarından görünür ki, hüququ şəxs qismində inzibati məsuliyyətə cəlb edilmiş Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir və həmin protokolun tərtib edilməsi üçün əsas olmuş ilkin olaraq hadisə yerinə baxış aktı olmuşdur. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli 76730 saylı Aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A ünvanında Şəxs MTK tərəfindən inşa edilən yaşayış binalarının ərazisində tullantıların qalaqlanması, ətraf mühitə səpələnməsi ilə bağlı məlumatarın yerində araşdırmaq məqsədi ilə baxış keçirilmişdir. Əraziyə baxış keçirilərkən sözügedən ünvanda Şəxs MTK tərəfindən inşa edilən yaşayış binalarının tikintisi və mənzillərin təmiri nəticəsində əmələ gələn müxtəlif ceşidli tullantıların tikinti sahəsinin yaxınlığındakı boş əraziyə atılaraq qalaqlanması müəyyən edilmişdir və bununlada Şəxs MTK tərəfindən AR “Ətraf mühitin mühafizəsi haqqqında” və “İstehsalat və məişət tullantıları haqqında” qanunların tələbləri pozulmuşdur. İnzibati orqan tərtib etdiyi protokola sözügedən ərazinin fotoşəkilərini də əlavə etmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yuxarıda qeyd edilən inzibati protokola, akta və ərazinin fotoşəkillərinə əsaslanaraq inzibati xətanın məhz Şəxs MTK tərəfindən törədilməsi qənaətinə gəlmişdir. Lakin törədilmiş inzibati xətanın bilavasitə Şəxs MTK tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut (maddi sübut, fiziki şəxslərin izahatları, sənədlər, videogörüntü və s.) iş materialarına əlavə edilməmişdir və məhkəmə iclasında da sübut təqdim edilməmişdir. Məhkəmə ilk növbdə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən ərazı yəni məişət tullantıların qalaqlanması baş verən ərazı Şəxs MTK-ya aidd deyildir, onun tikinti apardığı ərazidən bir xeyli kənarda yerləşir. Digər tərəfdən həmin ərazi ümumi istifadə olunan avtomobil yolunun kənarında yerləşdiyi üçün istənilən şəxs həmin əraziyə sərbəst daxil ola bilər və tullantılar atmaq imkanındadır. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən iş materialına əlavə edilmiş fotoşəkildən də görünür ki, sözügedən ərazi yaşayış məntəqəsinin yaxınlığındadır və ətrafda çoxlu sayda fərdi yaşayış evləri vardır. Həmçinin fotoşəkillərdən də göründüyü kimi, Şəxs MTK-nın inşa etdiyi binaların tikintisi davam edir və məntiqlə yanaşıldıqda həmin mənzillərdə yaşayışın olmaması səbəbindən orada məişət tullantıları formalaşa bilməz. Halbu ki, fotoşəkildən görünür ki, tullantılar dedikdə əsasən polietilen salafanlara doldurulmuş məişət tullantılarıdır. Həmçinin Şəxs MTK tərəfindən inşa edilən mənzillər tam hazır olmadığından və sakinlər tərəfindən təmir işləri aparılmadığından orada təmir nəticəsində əmələ gələn tullntıların olması mümkün deyildir. Digər tərəfdən müəyyən edilmişdir ki, Şəxs MTK tikilib istifadəyə verilmiş, yaşayışlı olan binaların qarşısında bir neçə yerdə məişət tullantılarının toplanılması, atılması məqsədi ilə zibil qabları ilə təchiz edilmiş xüsusi zonalar yaradılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tullantıların atılması üçün xüsusi yerlərin movcud olduğu bir halda Şəxs MTK tərəfindən onun ərazisində formalaşan tullantıların uzaq bir məsafəyə daşınaraq qalaqlanması ağlabatan və inandırıcı deyildir. Məhkəmə iş materiallarına əsaslanaraq hesab edir ki, törədilmiş inzibati xəta hadisəsində Şəxs MTK-nın təqsirinin olması müəyyən edilməmişdir. Belə ki, inzibati orqan sözügedən boş bir ərazidə tullantıların qalaqlanması halını aşkar etdikdən sonra ərazinin fotoşəkillərinin çəkilməklə kifayətlənmişdir, heç bir sübut toplamadan, fərziyyələrə əsaslanaraq məlum olmayan səbəbdən törədilmiş inzibati xətanın həmin ərazinin yaxınlığında fəaliyyət göstərən Şəxs MTK-nın törətməsi qənaətinə gələrək inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 1-ci maddəsinə əsasən, istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr nəzərdə tutulur. Həmçinin həmin maddəyə əsasən, məişət tullantılarının (bərk məişət tullantıları) anlayışı əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar olaraq göstərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Şəxs MTK-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MTK-nin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar