Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1224/2025 07.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, şikayətçi X1, İnzibati protokolu tərtib etmiş Bakı şəhər DYPİ-nin yol patrul xidməti baş inspektoru X3 iştirakları ilə Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 12 fevral 2025-ci il tarixində, saat 12:31 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospekti 4 -də, Bakı şəhəri DYPİ Yol patrul xidməti baş inspektor polis baş leytenantı X6 tərəfindən İXM 342.2-ci maddəsinin 2ci bəndi əsas götürülərək İXP ******* protokolu tərtib edildi və maşını duracağa qoyuldu. Onun BMW 328 markalı avtomobilində qabaq bufer М3 olduğu üçün duman işıqları ləğv olunub. İXM-nin 342.2-ci maddəsinin 2-ci bəndi normativ tələbər pozulmaqla avadanlığın quraşdırılması və dəyişdirilməsidir. Ön duman işıqlarının ləğvi hər hansı bir normativ tələb pozulması deyil. Xarici işıq cihazları İXM 342.5 maddəsinə əsasən YHQ-nun 1 saylı əlavəsində qeyd olunubdur. Ölkənin normativi olmur, istehsalın normativi olur. Qanun deyirki istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. (1 saylı əlavə, İİİ. Xarici işıq cihazları). BMW М3 modeli zavod istehsalı olaraq duman işıqları ilə təchiz olunmayıb və o da özündən ora duman işıqları montaj etmir. Qanunun tələbi ilə məsələn duman işıqlarına ksenon işıqlar quraşdırıldığı haldə cərimə yazıla bilər. YHQ 1 saylı əlavə İİİ. Xarici işıq cihazları (Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda).YPX əməkdaşı qanunun tələbini pozaraq, xarici işıq cihazları üçün qanunun tələb etdiyi 342.5 maddəsinin cəriməsini yazmaq əvəzinə 342.2 maddəsinin 2 ci bəndini - yəni normativ tələbər pozulmaqla avadanlığın quraşdırılması və dəyişdirilməsinin cəriməsini yazdı. Azərbyacan Respublikası İXM-də xarici işıq cihazları məgər 342.2 maddəsinin 2 ci bəndinə əsasənmi nizamlanır? İXM-sinin 96-cı maddəsində hansı hallarda nəqliyyat vasitəsi duracağa qoyula bilər qeyd olunub. Maşını qanunsuz olaraq duracaqda saxlanıldığı üçün texniki baxış vaxtı keçdi və əlavə olaraqda EQ26295754 protokolu tərtib olundu. (339.1-1. Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir) Bu birmənalı olaraq onun iradəsi və istəyi xaricindədir və qanuna ziddir. Bu qərarın ləğv olunmasını və onun hüquqlarının bərpa olunmasını tələb edir. Ona görə də ona yazılan hər iki protokola xitam verilməsini xahiş etmişdir. Ümumiyyətlə, minik avtomobillərində ön duman işıqlarının mütləq qaydada olması tələbi yoxdur. Buna əsas eyni zamanda ölkədə tətbiq edilən BMT-nin Avropa iqtisadi Komissiyasının 48 saylı əsasnaməsinin 6.3.1 bəndidir. Burda deyilir ki, minik avtomobilləri üçün ön duman işıqları istəyə uyğundur, quraşdırıla da bilər, ləğv oluna da bilər. Belə ki, ön duman işıqlarınn ləğvi qayda pozuntusu deyil. Buna görə maşın nə cərimə meydançasına yerləşdirilməli idi, nə də cərimə tətbiq edilməli idi. Göstərilənlərə əsasən Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.E.Abbaslı şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətməmişdir, başqa inzibati xətanı törətmişdir, internetdə inzibati xətanı araşdırmış və öyrənmişdir ki, bu halda cərimənin məbləği 50 manatdır, DYP isə onu 150 manat cərimə edib, ona görə də şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmədə iştirak edən inzibati protokolu tərtib etmiş Bakı şəhər DYPİ-nin yol patrul xidməti baş inspektoru X6 bildirdi ki, vətəndaş saxlanılarkən müəyyən olundu ki, duman işıqları yerində yoxdur, həmin nəqliyyat vasitəsi istehsal olunanda üzərində duman işıqları olub, lakin sürücü BMW markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin buferini M3 markalı nəqliyyat vasitəsinin buferi ilə dəyişdirmişdir, həmin buferlərdə isə duman işıqları nəzərdə tutulmayıb, bu isə normativ tələbin pozulması deməkdir. Miqdar say deməkdir, əgər nəqliyyat vasitəsi 6 işıqla istehsal olunubsa onun miqdarını dəyişdirə bilməz. Ona görə də qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, A.E. Abbaslı xx.xx.2025-ci il tarixdə, saat 12:31-də Bakı şəhəri, H.Cavid prospekti 4 küçəsində olan ərazidə BMW minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, nəqliyyat vasitəsinin buferi dəyişdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, A.E.Abbaslı xx.xx.2025-ci il tarixdə, saat 12:31-də Bakı şəhəri, H.Cavid prospekti 4 küçəsində olan ərazidə BMW minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman normativ tələblər pozulmaqla başqa model BMW buferi ilə dəyişdirilmiş, nəticədə duman farası olmadan, yəni normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi hallarına yol vermişdir. Ona görə də Bakı şəhəri DYPİ-nin YPX-nin inspektoru tərəfindən onun barəsində həmin tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü A.E.Abbaslı inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qanunvericiliyin tələbinə uyğun olaraq yerində qərar qəbul edilməmiş və inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən idarənin inzibati binasında işə baxılmış və A.E. Abbaslının yol verdiyi inzibati xəta öz təsdiqini tapdığından o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli ) manat məbləğində inzibati cərimə edilmişdir. İXM-in 342.2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.1-ci bəndinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına; 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası Yol hərəkəti haqqınd qanuna 1 saylı əlavənin İİİ bəndinə əsasən 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlara aiddir. Məhkəmə qeyd edir ki, hazırki halda buferin dəyişdirilməsi nəqliyyat vasitəsində xarici işıq cıhazlarının miqdarının dəyişməsinə səbəb olduğundan səlahiyyətli orqan düzgün olaraq A.E.Abbaslı barəsində İXM-nin 342.2.2-ci maddəsi üzrə qərar qəbul etmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun əslində İXM-nin 342.5-ci maddəsilə cəzalandırılmalı olmasını bildirsə də bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini, həmçinin başqa inzibati xətanı törəməsini, həmin maddənin sanksiyasında 50 manat cərimənin nəzərdə tutulduğunu bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, düzgün olaraq İXM-nin 342.2.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir, ona görə də barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və ya qərarın ləğv edilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-1224/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1224/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver