Məhkəmə qərarları › İş №3(004)-123/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-123/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-123/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) X5 İdarəsi (DYPİ) tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri BPİ DYPİ-nin YPX inspektoru X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş protokoldan görünür ki, 04 dekabr 2020-ci il tarixdə saat 22:30-da “Mercedes Benz S500” (minik) markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs Bakı şəhəri BPİ DYPİ YPX inspektoru tərəfindən onun təhlükəsizlik kəmərini bağlamamasına görə saxlanılarkən, eyni zamanda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. İlkin olaraq işə baxılıb Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 3(004)-123/2021 nömrəli qərarı ilə Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi üzrə işin icraatına xitam verilmiş, 329.1-ci maddə üzrə isə qərarın surəti hüquqi qiymət verilməsi üçün DYPİ-nə göndərilmişdir. Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki, protokolda sərxoşluq vəziyyətinin müəyyən edilməsindən ötrü tətbiq edilmiş alkotester cihazının nömrəsi qeyd edilməmiş, sərxoşluq dərəcəsi göstərilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhər BPİ DYPİ-si tərəfindən məhkəmənin qərarından verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmış və həmin məhkəmənin 18 mart 2021-ci il tarixli, 3(103)-593/2021 nömrəli qərarına əsasən şikayət qismən təmin edilib birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsası kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs DYPİ-də aparılan ilkin araşdırma zamanı əlyazma ilə verdiyi izahatında bir bakal pivə spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməsini etiraf etməsi olmuşdur. Hazırki məhkəmə iclasında protokol tərtib etmiş Bakı şəhəri BPİ DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nümayəndənin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı bir məlumat və işə baxılmasını təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında özünü qismən təqsirli bilərək bildirmişdir ki, qeyd olunan inzibati xətanın aşkar edildiyi vaxt o, yalnız bir bakal pivə içmiş və həmin vaxt sərxoş olmamışdır. Sual verildikdə isə Şəxs bildirmişdir ki, hadisə müharibə dövründə ölkə ərazisində elan edilmiş komendant saatlarında baş vermişdir, onu DYPİ-nin əməkdaşlarının əksəriyyəti tanıdığından pivə spirtli içkisi içib nəqliyyat vasitəsini idarə etməkdə problem görmür. Bundan başqa nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması belə onu narahat etmir. Belə ki, onun əvvəllər də 9 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına baxmayaraq, o, həmin müddətdə fasiləsiz olaraq nəqliyyat vasitəsini idarə etmişdir. Ona görə də barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 04 dekabr 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs həmin tarixdə saat 22:30-da “MERCEDES BENZ S500” (minik) markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun sərxoş vəziyyətdə olması aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ YPX inspektoru X2 tərəfindən tərtib olunmuş 04 dekabr 2020-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:30-da aparılmış müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Protokoldakı izahatında Şəxs faktı təsdiqləyərək protokolu imzalamışdır. Bundan başqa Şəxs protokolda qeydiyyat apararaq bildirmişdir ki: “1 bakal pivə içmiş, müayinəyə ehtiyac yoxdur, alkotesterin göstəricisi ilə razıyam ” Qeyd olunan protokola əlavə edilmiş alkotesterin 04 dekabr 2020-ci il tarixdə saat 22:40-də qeydə alınmış göstəricisindən müəyyən edilir ki, sərxoşluq dərəcəsi 4,177 promil olmuşdur. Beləliklə, məhkəmə tərəfin izahatını dinləyib toplanmış sübutlara məcmu halında qiymət verərək müəyyən etmişdir ki, Şəxs 04 dekabr 2020-ci il tarixdə saat 22:30 radələrində istifadəsində olan “MERCEDES BENZ S500” (minik) markalı, **-VR-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Yasamal rayonu Tbilisi prospektində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin protokolda qeyd edilən 333.1-ci maddəsinin baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlərin görülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 7 dekabr 2020-ci il tarixli 1201 nömrəli Fərmanına əsasən isə 12 dekabr 2020-ci il tarixdən hərbi vəziyyət ölkə ərazisində ləğv edilmişdir. Göründüyü kimi, hərbi vəziyyət 28.09.2020-07.12.2020-ci il tarixlərdə qüvvədə olmuş, eyni zamanda saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs hazırki xətanı hərbi vəziyyət dövründə törətmişdir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İXM-nin 33.1.6-cı maddəsinə əsasən Şəxs hazırki inzibati xəta əməlini hərbi vəziyyət dövründə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Bundan başqa məhkəmə tərəfindən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verib, məsuliyyəti ağırlaşdıran halı və şəxsiyyətini xarakterizə edən halları nəzərə alıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 329.1 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə həvalə edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar