Məhkəmə qərarları › İş №3(004)-1239/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1239/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1239/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X1 istirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ-nin 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın YPX inspektoru, polis kiçik serjantı X2 intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 14.05.2021-ci il tarixdə təxminən saat 16:25 radələrində idarə etdiyi Hyundai Elantra minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri İnşaatçılar prospektindən Nərimanov prospektinə doğru hərəkət edən zaman patrul avtomobili tərəfindən saxlanılmış, barəsində İXM-nin 327.1 və 327.2-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərarla 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Ehtimal olunan inzibati xəta Bakı şəhəri Yasamal rayon ərazisində baş vermişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPİ X7 İdarəsi YPXA-nın YPX inspektoru polis kiçik serjantı X2 qəbul etdiyi TP ******* nömrəli 14.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilməsi barədə qərar qəbul edilməlidir. Barəsində qəbul edilmiş TP ******* nömrəli 14.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, güya hərəkət zamanı İXM-nin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Halbuki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 84-cü maddəsinin 5-ci bəndinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanın yəni YPX əməkdaşı yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək. Maddənin tələbindən göründüyü kimi bu göstərilənlər birbaşa YPX əməkdaşının vəzifəsidir lakin YPX əməkdaşı qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPİ X7 İdarəsi YPXA-nın YPX inspektoru polis kiçik serjantı X4 «Polis haqqında» və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-in əmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də Yol Patrul Xidməti haqqında Təlimatın tələblərini bilərəkdən və ya bilmiyərəkdən mənim aşağıdakı hüquqlarımı kobud surətdə pozmuşdur. Beləliklə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPİ X7 İdarəsi YPXA-nın YPX inspektoru polis kiçik serjantı X4 qanunla ona verilmiş səlahiyyətlərini asaraq Yol hərəkəti haqqında Azərbaycan Respublikasının eləcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud surətdə pozaraq onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarını məhdudlaşdırmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPİ X7 İdarəsi YPXA-nın YPX inspektoru polis kiçik serjantı X4 qanunla ona verilmiş səlahiyyət həddini aşaraq Qanunların tələblərini pozduğuna görə barəsində xidməti təhqiqat aparılması üçün müvafiq səlahiyyətli orqana təqdimat verilməlidir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın YPX inspektoru, polis kiçik serjantı X2 intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs Ş.T.Əliyev şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Bakı şəhər BPİ-nin DYPİ-nin 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş quruma məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Ş.T.Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ş.T.Əliyev 14 may 2021-ci il tarixdə «Hyundai Elantra minik» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, N.Nərimanov prospekti ilə hərəkətdə olan zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Bakı şəhər BPİ-nin DYPİ Yol patrul xidməti inspektoru X4 tərəfindən barəsində inzibati xəta haqqında 14 may 2021-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və daha sonra bu barədə həmin inspektor tərəfindən eyni tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Qərar qəbul edilməmişdən öncə isə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Ş.T.Əliyev ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Hazırki vəziyyətdə qanunvericiliyin tələbinə əsasən yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul etməli olduğu halda inzibati tənbeh vermə haqqında qərar inzibati xəta haqqında protokolu tərtib etmiş inspektor tərəfindən qəbul edilmişdir. Göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından səlahiyyətli vəzifəli şəxs – Bakı şəhər BPİ-nin DYPİ Yol patrul xidməti inspektoru X2 qərar qəbul etmək səlahiyyəti olmadığı halda 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş və beləliklə də, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ-nin DYPİnə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, şikayət Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın YPX inspektoru, polis kiçik serjantı X2 intizam məsuliyyətinə cəlb edilməsi hissədə təmin edilə bilməz. Belə ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırma aparılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərildiyi üçün həmin məsələyə yalnız araşdırmanın yekununda qiymət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 14 may 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Şikayət Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın YPX inspektoru, polis kiçik serjantı X2 intizam məsuliyyətinə cəlb edilməsi hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar