Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1248/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, Yasamal rayon prokurorunun köməkçisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 198.3-cü maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən qəbul edilmiş qərara əsasən başlanmış icraat üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin baş mühəndisi vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və başlanmış icraat üzrə toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qərardan və toplanmış materialdan görünür ki, Şəxs "xxxx" QSC-nin baş mühəndisi olaraq ona texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan X1 az ağır zərər vurulmasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon prokurorunun köməkçisi X7 izahatında bildirmişdir ki, X6 tərəfindən iş yerində xəsarət almasına dair şikayət ərizəsi daxil olmuşdur. Ərizə əsasında aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10-12 radələrində şirkətdə fəhlə işləyən Eyvaz Ağamalıyev anbarda olarkən ehtiyatsızlıqdan 2-3 metr hündürlükdə yerləşən rəfdən yıxılaraq xəsarət almışdır. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyindən müəyyən edilmişdir ki, X2 almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ Ağır zərəvurmaya aiddir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə texniki təhlükəsizlik ekspertizasının rəyindən müəyyən edilmişdir ki, anbarda (dərman deposu) yüklərin rəflərə yerləşdirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Anbar avadanlıqları. Rəflər. Ümumi texniki tələblər” DÜST 57381-2017-nin 19-cu başlığının və “Yükləmə-boşaltma işlərində işləyən işçilərin təhlükəsizlik təlimatı”nın 10-cu bəndinin tələbləri pozulmuşdur. Belə ki, işçilər tərəfindən mövcud normativ tələblərə riayət edilməsinə nəzarət aparılmadığına və normalara zidd hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün tədbirlər görülmədiyinə görə anbarda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh vəzifəli şəxs təlimata əsasən baş mühəndis vəzifəsində işləyən Şəxs olmuşdur. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri aşkar edildiyindən həmin Məcəllənin 54-cü maddəsi rəhbər tutularaq Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli qərara əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və toplanmış material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. X7 göstərilənlərə əsasən Şəxs xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 2021-ci ilin mart ayından "xxxx" QSC-nin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin baş mühəndisi vəzifəsində işləyir və işi ilə əlaqədar əmək mühafizəsinin təşkili və texniki təhlükəsizlik qaydalarına nəzarət edir. xx.xx.2023-cü il tarixdə şirkətdə fəhlə kimi işləyən Eyvaz Ağamalıyev anbarda dərmanları rəflərə yerləşdirdiyi zaman təxminən 2-3 metr hündürlükdən yıxılaraq xəsarət almışdır. Eyvazla bərabər fəhlə işləyən şəxslərdən biri ona zəng edərək hadisə barədə məlumat vermişdir. O, dərhal hadisə yerinə getmişdir. Həmin vaxt Eyvazın rəfdən yıxılaraq döşəmədə uzandığını görmüşdür. Təcili tibbi yardım çağıraraq Eyvazı Nərimanov rayonunda yerləşən “Zəfəran” hospitalına aparmışlar. Həkimlər Eyvazın tibbi əməliyyata ehtiyacı olmadığını bildirmişlər və 2 gün stasionar müalicə yazmışlar, sonra ambulator müalicəyə buraxılmışdır. Həmçinin o, bildirmişdir ki, "xxxx" QSC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına birbaşa özü cavabdehlik daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldə təqsirli olmasını etiraf edib, hadisənin baş verməsində səmimi peşman olduğunu bildirərək, onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında icraatın başlanması haqqında qərarı və rayon prokurorluğunda toplanmış material üzrə sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan: - şikayət ərizəsi və Binəqədi rayon prokurorluğunun məktubundan müəyyən edilir ki, X6 xx.xx.2023-cü il tarixdə Binəqədi rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək iş yerində xəsarət alması barədə məlumat verərək zəruri tədbir görülməsini xahiş etmiş, daha sonra müraciət aidiyyəti üzrə xx.xx.2023-cü il tarixli məktubla Yasamal rayon prokurorluğuna göndərilmişdir. - Yasamal rayon prokurorunun köməkçisi X8 tərəfindən zərərçəkmiş şəxsin, barəsində icraat aparılan şəxsin və hal şahidlərinin iştirakları ilə tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 işləyərkən rəfdən yıxılaraq xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal dairəsi, Alatava 2 ünvanında fəaliyyət göstərən "xxxx" QSC-nin anbarıdır. Anbar 3 hissədən ibarətdir. Hadisə baş verən hissə anbarın dəhlizi kimi hesab edilən hissədir. xx.xx.2023-cü il tarixdə, yəni hadisə baş verən zaman qeyd edilən dəhliz hissədə dərman rəfi mövcud olmuşdur. Lakin baxış zamanı X2 xx.xx.2023-cü il tarixdə yıxıldığı rəf dəhlizdən götürülmüşdür. Baxışda iştirak edən, X6 bildirmişdir ki, yıxıldığı rəf dəhlizə daxil olduqda sol tərəfdə olan divara birləşdirilmiş rəfin ölçülərini təsvir edərkən qeyd etmişdir ki, yıxıldığı hündürlük 2,80 sm, uzunluğu 6 metr, eni isə 90 sm olmuşdur. Rəf dəmir konstruksiyadan ibarət olmuşdur. Hadisənin baş verməsinə səbəb isə rəfin bərkidildiyi hissədən onun sürüşərək enməsi olmuşdur. Baxış zamanı anbarın ikinci hissəsində X2 xx.xx.2023-cü il tarixdə üzərindən yıxıldığı rəfə oxşar rəfdən olduğundan, həmin rəfə baxış keçirilmişdir. X6 rəfin bərkidildiyi hissəni göstərərkən yıxılmasına səbəb olmuş rəfi saxlayan, hadisə vaxtı yerindən sürüşən rəfin bərkidicisini göstərmişdir. Baxış zamanı material üzrə əhəmiyyət kəsb edəcək hər hansı maddi sübut aşkar olaraq götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2023-cü il tarixli, 1434 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü X2 almış olduğu xəsarət- İ bel fərəqəsinin kompression, fəsadlaşmayan sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni özünün dediyi xx.xx.2023-cü il tarixində 2,80 sm hündürlükdə olan rəfdən yıxılması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Rəyin təsviri hissəsindən həmçinin müəyyən edilir ki, “Zəfəran Hospital” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli xəstəlik tarixində X2 xx.xx.2023-cü il tarixdə bel fəqərəsi nahiyyəsində olan ağrı şikayətləri ilə daxil olması qeyd edilmişdir. Həmin vaxt o, məişət zəminində yıxılaraq xəsarət almasını bildirmişdir. Xəstənin şikayəti və aparılan müayinələrin nəticəsinə görə “L1-fəqərəsinin kompression, fasadlaşmayan sınığı” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/475 nömrəli rəyindən görünür ki, anbarda (derman deposunda) yüklərin rəflərə yerləşdirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Anbar avadanlıqları. Rəflər. Ümumi texniki tələblər” DÜST 57381- 2017-nin 10-cu başlığının və “Yükləmə-boşaltma işlərində işləyən işçilərin təhlükəsizlik təlimatı”nın 10-cu bəndinin tələbləri pozulmuşdur. İşçilər tərəfindən mövcud normativ tələblərə riayət edilməsinə nəzarət aparılmadığına və normalara zidd hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün tədbirlər görülmədiyinə görə, «Anbar avadanlıqları. Rəflər. Ümumi texniki tələblər» DÜST 57381-2017-nin 10-cu başlığının və “Yükləməboşaltma işlərində işləyən işçilərin təhlükəsizlik təlimatı”nın 10-cu bəndinin tələbləri anbarda (dərman deposunda) əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Təhlükəsizlik texnikası üzrə təlimatlandırılmış və bilikləri yoxlanılmış X6 malların yerləşdirilməsi zamanı rəfin üzərinə çıxdığına görə, «Anbar avadanlıqları. Rəflər. Ümumi texniki tələblər» DÜST 57381-2017nin 10-cu başlığının və “Yükləmə-boşaltma işlərində işləyən işçilərin təhlükəsizlik təlimatı”nın 10-cu bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. -xx.xx.2023-cü il tarixli 2338 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, X6 "xxxx" QSC-də mərkəzi anbarda fəhlə vəzifəsinə işə götürülmüşdür. -"xxxx" QSC-nin baş direktoru tərəfindən təsdiq edilmiş “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisinin” vəzifə təlimatından görünür ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh vəzifəli şəxs təlimata əsasən baş mühəndis vəzifəsində işləyən Şəxs həvalə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3cü maddəsinə əsasən iasə Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 13 noyabr 2020-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1248/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1248/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver