Məhkəmə qərarları › İş №3(004)-1252/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1252/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1252/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1980-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1195/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsinə əsasən 27 iyul 2020-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulub 22.04.2009-cu il təvəllüdlü X3 və 14 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 2000 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 24.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Hazırkı vaxtadək müəyyən qədər imkanı olduqca alimenti ödəyirdi, 900 manatadək aliment ödəyib, lakin həmin pulları nəğd şəkildə verdiyi üçün tələbkar bunları etiraf etmir, yalnız 250 manat aliment ödənilməsini etiraf edir. Həmçinin bundan əlavə uşaqların bazarlığını, ehtiyaclarını da ödəyir. Uşaqlar ayda bir neçə gün onunla birlikdə qalır. Uşaqları məktəbə aparıb, gətirir. “Pandemiya” olduğundan işləri dayanmış, işləyə bilməmişdir, maddi imkanı olmadığı üçün hal-hazırda yığılıb qalmış alimenti tam ödəyə bilməmişdir. Lakin yaxın bir neçə ayda kənd təsərrüfatı məhsulları yetişdikdən sonra satıb, aliment borcunu ödəmək istəyir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X5 bildirdi ki, borclu məhkəmə qətnaməsi ilə qət edilən alimenti əvvəllər azda olsa ödəsə də, lakin sonradan heç bir ödəniş etməmişdir. 250 manat aliment ödəyib, lakin bununla belə 2000 manat aliment borcu qalmışdır. Müxtəlif bəhanələrlə ödənişdən yayınır. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal Rayonu İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyev məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Faktiki olaraq borclunun icra sənədini digər yolla ödəmək qabiliyyətinin olması, lakin bundan boyun qaçırması halını təsdiq edəcək digər bir sübutlar mövcud deyildir. Hazırkı vaxtadək 250 manat aliment borcundan ödənilməsini tələbkar qəbul edir, lakin qalan məbləği hələ də ödəməmişdir. Həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, müxtəlif bəhanələrlə icradan yayınmış, hazırda protokolda göstərilən məbləğdə borcu yaranmışdır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1195/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsinə əsasən 27 iyul 2020-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulub 22.04.2009-cu il təvəllüdlü X3 və 14 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən 05.04.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar