Məhkəmə qərarları › İş №3(004)-1253/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1253/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1253/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin, Tələbkar (zərərçəkmiş şəxs) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5105/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqələrinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8 bildirmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5105/2022saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qazancının və başqa gəlirlərinin yarısı miqdarında və hər bir uşağa ayrı-ayrılıqda 80 (səksən) manat (ümumilikdə 320 manat) əlavə sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. Şəxs icra vərəqinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, maddi imkansızlıqdan və kifayət qədər gəliri olmadığından icra vərəqəsində göstərilən məbləği vaxtlı vaxtında ödəyə bilməmişdir. Eyni zamanda bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Belə ki, "xxxx" MMC-də poçtalyon vəzifəsində işləyir, hazırda əmək haqqı 300 manat təşkil edir və aldığı maaşından başqa əlavə gəlirim yoxdur.Yasamal rayon İcra şöbəsi tərəfindən iş yerinə müvafiq məktub göndərilmələ onun əmək haqqının 70 faizi G.İsgəndərovanın xeyrinə tutulur. Belə olan halda barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 qətnamə ilə müəyyən edilmiş alimentin ödənilməmiş qalan hissəsinin ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmadığını, onun ödənilməsini tələb etdiyini və bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5105/2022saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qazancının və başqa gəlirlərinin yarısı miqdarında və hər bir uşağa ayrı-ayrılıqda 80 (səksən) manat (ümumilikdə 320 manat) əlavə sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatda Şəxs əmək haqqının az olduğunu və imkanı çatdığı qədər ödədiyini, həmçinin tutulmanın əmək haqqına yönəldildiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs "xxxx" MMC-də işləməklə 300 azn əmək haqqı alır və icra sənədi üzrə əmək haqqısından 70 faiz miqdarında tutulma həyata keçirilir. Belə ki, xx.xx.2022-ci il tarixli, xx/xx-239039/31 saylı məktubdan görünür ki, borclunun işələdiyi "xxxx" MMC-yə icra məmuru tərəfindən məktub göndərilmiş və onun əmək haqqından tutulmanın aparılması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş sorğulara cavab məktublarından görünür ki, Şəxs əmək haqqından əlavə digər gəliri və ya hər hansı bir əmlakı, bank hesablarında pul vəsaitləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır.Digər tərəfdən nəzər alınmalıdır ki, Şəxs əmək haqqından əlavə digər gəliri və ya hər hansı bir əmlakı, bank hesablarında pul vəsaitləri yoxdur, icra məmuru tərəfindən movcud gəlirinə tutma yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yeganə gəlir mənbəyi olan onun əmək haqqından tutulma aparıldığından onun icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi faktı aşkar edilməmişdir. Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar