Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1254/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi – Yasamal rayon Polis İdarəsinin (RPİ) X13 şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 19 may 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 19 may 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “Lada 21214” (minik) markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Cəmiyyətin mülkiyyətində olan “Lada 21214” (minik) markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 16 mart 2021-ci il tarixdə saat 11:41-də Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Yasamal RPİ-nin DYPŞ-nin sorğusu 19 aprel 2021-ci il tarixdə hüquqi ünvana daxil olmuşdur. Həmin sorğuya bir gün sonra, yəni 20 aprel 2021-ci il tarixli məktubla cavab verilmişdir. X7 əlavə olaraq qeyd etmişdir ki, DYPŞ-dən Cəmiyyətə mütəmadi olaraq belə sorğular ünvanlandığından və qanunvericiliklə məsuliyyət barədə xəbərdar olduqlarından daxil olmuş sorğuları cavablandırmaq üçün xüsusi işçi ayrılmışdır. Ona görə də, daxil olmuş sorğulara yubadılmadan adətən 1-2 gün ərzində cavab verilməsi təmin edilir. Məktubların çatdırılması isə əməkdaşlıq etdikləri “FM-Express” kuryer xidməti vasitəsilə həyata keçirilir. X1 cavabın Yasamal RPİ-nin DYPŞ-yə çatdırılmasına dair mədaxil qəbzini təqdim edərək hüquqlarını təmsil etdiyi Cəmiyyət barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokolun əsassız hesab olunmasını və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X8 izahatında bildirdi ki, həqiqətən də Şəxs MMC tərəfindən DYPŞ-nin müxtəlif nəqliyyat vasitələri ilə bağlı sorğularına cavablar daxil olmuşdur. Lakin onun mülkiyyətində olan “Lada 21214” (minik) markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 16 mart 2021-ci il tarixdə saat 11:41-də Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı cavab daxil olmamışdır. X8 göstərilənlərə əsasən Cəmiyyət barəsində tərtib edilmiş protokol əsasında inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı protokol tərtib etmiş orqanın nümayəndəsi X5 təklif edildi ki, Cəmiyyətin tərəfindən sübut olaraq təqdim edilmiş “FM-Express” kuryer xidmətinin 197278 nömrəli mədaxil qəbzi əsasında DYPŞ-nə daxil olmuş məktubları məhkəməyə təqdim etsin. Bundan sonra o, məhkəməyə Şəxs MMC-nin 19 aprel 2021-ci il tarixli 03-AzP-2021- 0395 nömrəli və 23 aprel 2021-ci il tarixli 03-AzP-2021-0415 nömrəli cavab məktublarının surətlərini təqdim edərək 197278 nömrəli mədaxil qəbzlə həmin məktubların daxil olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iş üzrə mümkün olan əlavə sübutlarının olub-olmaması soruşulduqda onların hər biri ayrı-ayrılıqda əlavə sübutlarının olmadığını bildirdilər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibinin olması sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMCyə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 16.03.2021-ci il tarixdə saat 11:41də Sabirabad-Hacıqabul yolunun 31-ci km-də, Hacıqabul istiqamətində cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Lada 21214” (minik) markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında «SS658823378AZ» ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, sorğu 19 aprel 2021-ci il tarixdə ünvan sahibinə çatdırılmışdır. Lakin xəbərnamə ad və soyadı qeyd edilməmiş naməlim şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir. Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 02 iyun 2021-ci il tarixli 103-2-11-1-1697 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən 122 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə göndərilən «SS658823378AZ» saylı sifarişli xəbərnaməli məktub 21 aprel 2021-ci il tarixdə 65 saylı PŞ tərəfindən müəssisənin nümayəndəsi Züleyxa Hacıəliyevaya çatdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsi məhkəmə iclası zamanı qeyd olunan sorğunun 21 aprel 2021-ci il tarixdə deyil, iş materiallarında olan xəbərnamədə qeyd edildiyi kimi 19 aprel 2021-ci il tarixdə hüquqi ünvana daxil olduğunu bildirmişdir. Protokol tərtib etmiş orqanın nümayəndəsi isə qeyd olunan ziddiyyətin səbəbini məhkəmədə izah edə bilməmiş və buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 20 aprel 2021-ci il tarixli 03- AzP-2021-0401/1 nömrəli Yasamal RPİ-nin DYPŞ-nə ünvanlanmış cavab məktubundan görünür ki, “Lada 21214” (minik) markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında sürücü X6 idarə edir. Cavab məktubunda sürücünün anket məlumatları və sürücülük vəsiqəsinin rekvizitləri qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “FM-Express” kuryer xidmətinin 197278 nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, Şəxs MMC tərəfindən Yasamal RPİ-nin DYPŞ-nə ünvanlanmış göndəriş 21.04.2021-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş, 22.04.2021-ci il tarixdə isə göndəriş ünvan sahibinə çatdırılmışdır. Protokol tərtib etmiş orqanın nümayəndəsi “FM-Express” kuryer xidmətinin 197278 nömrəli mədaxil qəbzi ilə DYPŞ-nə Cəmiyyətin “Lada 21214” (minik) markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı olan 20 aprel 2021-ci il tarixli 03- AzP-2021-0401/1 nömrəli cavab məktubunun deyil, cəmiyyətə məxsus digər avtomobillərlə bağlı 19 aprel 2021-ci il tarixli 03-AzP-2021-0395 nömrəli və 23 aprel 2021-ci il tarixli 03-AzP-2021-0415 nömrəli cavab məktublarının daxil olmasını bildirmişdir. “FM-Express” kuryer xidmətinin 197278 nömrəli mədaxil qəbzi ilə protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş Şəxs MMC-nin 19 aprel 2021-ci il tarixli 03-AzP-2021-0395 nömrəli və 23 aprel 2021-ci il tarixli 03-AzP-2021- 0415 nömrəli məktubları üzərindəki DYPŞ-nin daxilolma ştampları məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edildi ki, həmin məktublar 23 aprel 2021-ci il və 28 aprel 2021-ci il tarixdə DYPŞ-nə daxil olmuş, mədaxil qəbzindəki qeydə əsasən isə Cəmiyyətin sorğusu 22 aprel 2021-ci il tarixdə DYPŞ-yə təqdim edilmişdir. Protokol tərtib etmiş orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qəbzlə 22 aprel 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş cavab məktubunun 23 aprel 2021-ci il tarixli olması qeyri-mümkündür. DYPŞ-nin nümayəndəsi isə bunun əksini sübut edən hər hansı bir digər mötəbər sübut, eləcə də DYPŞ-nə təqdim edilmiş 197278 nömrəli mədaxil qəbzinin surətini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilibdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə iş materiallarında olan zidiyyətləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu 19 aprel 2021-ci il tarixdə «SS658823378AZ» saylı sifarişli xəbərnaməli məktubla onun hüquqi ünvanına rəsmi qaydada çatdırılmış, həmin sorğuya Şəxs MMC tərəfindən 20 aprel 2021-ci il tarixli 03-AzP-2021-0401/1 nömrəli məktubla Yasamal RPİ-nin DYPŞ-nə cavab verilmiş, məktub “FM-Express” kuryer xidmətinin 197278 nömrəli mədaxil qəbzi ilə 22 aprel 2021-ci il tarixdə rəsmi qaydada DYPŞ-yə çatdırılmışdır. İş materiallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiəsini qurmaqdan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib olunmuş 19 may 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində 19 may 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1254/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1254/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver