Məhkəmə qərarları › İş №3(004)-1267/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1267/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1267/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin sahə rəisi X8, zərərçəkmiş X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakları ilə, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 01 mart 2024-cü il tarixdə X10 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X11 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə əməliyyat qrupunda növbədə olarkən DİN 102 X13 rayonu Şərifzadə küçəsi ev 162 mənzil 209 ünvanında yaşayan X3 daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, kürəkəni X10 onun yaşadığı evə gələrək giriş qapısını möhkəm döymüş, yüksək səslə qışqıraraq onu və ailə üzvlərini narahat etmişdir. Məlumata əsasən qeyd olunan ünvana getmiş, həmin ünvanda Ş.Canıyevin yüksək səslə qışqırdığı və nəlayiq ifadələr işlətdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim edib nizam-intizama dəvət etmişdir. X1 onun qanuni tələblərinə tabe olmaqdan imtina etmişdir. Hətta onu PŞ-nə dəvət etmiş, lakin imtina edərək qaçmağa çalışmışdır. Daha sonra Şahin Canıyev tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, yaranmış zərurətlə bağlı narkoloji müayinədən keçirilmiş və onun spirtli içkinin təsiri altında olmaqla sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Buna görə də Şahin Canıyev barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. X11 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edərək məhkəmədən X10 barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suallara əsasən bildirdi ki, Ş.Canıyev ona nalayiq ifadə deməmiş, o, yalnız zərərçəkmiş şəxsin sözlərinə əsasən raportda bu barədə qeydiyyat aparmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 izahatında göstərmişdir ki, o, 2022-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan bir oğlan övladı vardır. İşləmədiyi üçün arvadı ilə aralarında mübahisələr olmuşdur. Arvadı övladı ilə birlikdə atası, yəni zərərçəkmiş şəxs Bilal Quliyevin evinə getmişdir. xx.xx.2024-cü il tarixdə içkili olduğu üçün Bilal Quliyevin evinə getmiş qapını döymüş açmamışlar. Bu səbəbdən qapını döyməyə başlamışdır. Lakin səs-küy salmamışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşmış özünü təqdim etmiş, o da özünü təqdim etməmiş, polis əməkdaşları ilə şöbəyə getməkdən imtina etmişdir. Çünki hər hansı qanun pozuntusuna yol verməmişdir. X9 qaynatasıdır və onlar arasında narazılıq ailə məişət zəminində yaranmış söz-söhbətdir. Evə getməkdə niyyəti arvadı ilə barışmaq olmuşdur. X10 göstərilənlərə əsasən, əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, saxlanılan zaman ona hər hansı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Aktda qeyd olunan xəsarəti sərxoş vəziyyətdə müvazinətini itirərək almışdır. Bununla bağlı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X9 izahatında göstərmişdir ki, X10 onun kürəkənidir. Qızı ilə mübahisələri olduğu üçün qızını evinə gətirmişdir. Buna baxmayaraq ailələrinin dağılmağını istəmir. Dəfələrlə Şahinlə iş tapmağı, ailəsinə baxmağı barədə danışmış, alkin nəticəsi olmamışdır. Bu səbəbdən Şəxs nömrəsini telefonda bloka salmışdır. Qeyd olunan tarixdə isə Şəxs ona içkili vəziyyətdə öz nömrəsi ilə deyil başqa nömrə ilə telefonla zəng edib nalayaq ifadələr işlətmişdir. Bundan sonra o, hiddətlənərək 102 ZM-nə zəng etmiş şikayət etmişdir. Şikayətinin məqsədi o, omuşdur ki, həyat yoldaşı onkoloji xəstədir, ona görə də onun əsəbləşməyini istəmir. Bu səbəbdən 102 ZM xidmətinə zəng etmişdir ki, Şahin onların yaşadığı evə gəlməsin. X9 izahatında həmçinin X6 şikayət və tələbinin olmadığını, onu bağışladığını bildirərək protokola əsasən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara əsasən əlavə olaraq qeyd etmişdir ki, Şahin Canıyev ona nalayiq ifadələr telefonda demiş, evə gələrkən deməmiş, o, da hadisədən öncə telefonla mübahisə olmasını nəzərə alaraq sonuncu barəsində DİN 102 ZM-nə zəng edərək şikayət etmişdir. Hazırda şikayəti yoxdur. Həmçinin o, barəsində icraat aparılan şəxsin qapını döyməkdən başqa hər hansı formada səs-küy salmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əvvəla qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda X10 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Lakin protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin və hansı qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması və ya xırda xuliqanlıq kimi hərəkətlərinin nədə ifadə olunması göstərilməmişdir. Yalnız iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli akt və eyni tarixli Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru Vüqar Alıyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, sahə inspektoru Vüqar Alıyev vətəndaş Bilal Quliyevin müraciəti əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 qaynatası Bilal Quliyevin evinə gedib qapını döyməsi, onu narahat etməsi ilə bağlı zəngi əsasında ora getmiş, Ş.Canıyevin orada qışqırdığını nalayiq ifadələr işlətməsini eşitmişdir. Bundan sonra o, Ş.Canıyevə yaxınlaşmış onu sakitləşdirməyə cəhd etmişdir. Lakin o imtina etmişdir. Onu PŞ-ya dəvət etmiş, lakin o qaçmağa çalışmışdır. Bununla əlaqədar olaraq qeyd olunan müvafiq maddələr üzrə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan müəyyən edilir ki, X9 102 xidmətinə zəng edərək kürəkəninin onu narahat etməsini bildirmişdir. Göründüyü kimi müvafiq raportlarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şahin Canıyevin hərkətlərinin konkret olaraq nədə ifadə olunması göstərilməmişdir. Eyni zamanda ilkin raportda onun nalayiq ifadələr işlətməsi öz əksini tapmır. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində onun tərəfindən törədilməsi istinad edilən İXM-nin 535-ci və 510-cu maddəsinin tərkib əlamətlərinin olmadığı öz təsdiqini tapır. Məhkəmə protokolda törədilməsi istinad edilən İXM-nin 535.1-ci maddəsinə münasibətdə qeyd edir ki, işə əlavə edilmiş sənədlərdən, eləcə də tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən etmək olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X10 tərəfindən 29-cu PŞ-nin sahə inspektoru X8 bölməyə getməkdən imtina etməklə ilə bağlı tələblərini yerinə yetirməmişdir. Lakin məhkəmə iclasında sahə inspektoru X2 Canıyevin şöbəyə dəvət edilməsinin hüquqi əsasını və onun hansı qanuni tələbinə tabe olmamasını kifayət qədər əsaslandıra bilməmişdir. Bunun əksinə olaraq, o, zərərçəkmiş şəxsin onun özünün qonşusu olmasını bildirmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin sərxoş vəziyyətdə olması onun şöbəyə aparılması üçün qanuni əsas deyildir. Belə ki, inzibati iş materiallarından onun polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən hansı qanuni tələbə tabe olmamasını və hüquq pozuntusunu törətməsini müəyyən etmək mümkün deyildir. Bunun əksinə olaraq zərərçəkmiş şəxs özü də barəsində icraat aparılan şəxsin obu söyməsini bildirməmiş və sadəcə narahat etməsini bildirmişdir. Qeyd edilməlidir ki, İXM-nin 535.1-ci maddəsinin dizpozitiv şərtlərinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın tələbinə görə polis işçisinin tələbi özü-özlüyündə qanuni olmalı, eyni zamanda tələb polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrinin icrası ilə bağlı olmalıdır ki, həmin tələbin yerinə yetirilməməsi xətanın tərkibini yaratsın. Məhkəmə iclası zamanı protokol tərtib etmiş 29-cu PŞ-nin sahə inspektoru X8 izahatında X7 onun qanuni tələbinin tabe olmaması konkret olaraq hansı ictimai qaydanın mühafizəsi vəzifələrinin icrası ilə bağlı olduğunu əsaslandıra bilməmişdir. Halbuki sonuncunun nalayiq ifadələr deməsini eşitmədiyini bildirmişdir. Məhkəmə protokolda törədilməsi istinad edilən İXM-nin 510-cu maddəsinə münasibətdə qeyd edir ki, işə əlavə edilmiş sənədlərdən, eləcə də tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən etmək olur ki, tərəflər arasında qohumluq münasibətləri olmaqla əvvəlcədən ailə münaqişəsi zəminində münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs isə məhkəmədə verdiyi izahatında ümumiyyətlə şikayətinin olmadığını, barəsində icraat aparılan şəxsin qapını döyməkdən başqa hər hansı formada səs-küy salmadığını bildirmişdir. Göründüyü kimi qeyd olunan xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi hazırkı protokol və iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş tutma haqqında protokoldan müəyyən edilir ki, Canıyev Şahin xx.xx.2024-cü il tarixdə saat 22:10-da tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib olunmuş 01 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə X10 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş X10 məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar