Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1268/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 25 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(004)-6803/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq X3 və Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(103)-10491/2018 nömrəli icra sənədlərinə əsasən cavabdeh Şəxs 500 manat məbləğində pul tutularaq X7 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədləri üzrə hazıradək qalıq qalmış 1230 (bir min iki yüz otuz) manat borcunu icra etməkdən və icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 20 sentyabr 2018-ci il tarixli 2(004)-6803/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq X3 və Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(103)-10491/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 500 manat məbləğində pul tutularaq X7 ödənilməlidir. 20 sentyabr 2018-ci il tarixli 2(004)-6803/2018 nömrəli icra sənədi üzrə 14 iyun 2019-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş və icra sənədinin surəti birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(103)-10491/2018 nömrəli icra sənədi üzrə 08 aprel 2019-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş və icra sənədinin surəti birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ona xəbərdarlıq edilmişdir. Şəxs icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər müvafiq olaraq 08 may 2019 və 30 dekabr 2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İcraat zamanı Şəxs barəsində onun şöbəyə dəfələrlə məcburi gətirilməsi və axtarış elan edilməsi haqqında qərarlar qəbul edilmiş, eyni zamanda digər zəruri məcburi icra tədbirləri görülmüşdür. Hazıradək icra işi üzrə müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Lakin borclu bütün bu tədbirlərə, o cümlədən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin məzmunu ona izah edilməklə məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərinə əməl etməmiş, yəni icra sənədi üzrə hazıradək ödənişləri vaxtlı-vaxtında və tam olaraq icra etməmiş, buna görə də ümumilikdə hər iki icra sənədi üzrə 1230 (bir min iki yüz) manat borcu yaranmışdır. Tələbkarlar isə dəfələrlə İcra şöbəsinə müraciət edərək borcun tam şəkildə ödənilməsini və borclu barəsində zəruri təsir tədbirlərinin görülməsini tələb etmişdir. Odur ki, Şəxs icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs çağırışlara gəlməkdən boyun qaçırdığından onun barəsində axtarış verilmiş, yalnız bundan sonra olduğu yer müəyyən edilib polis tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilməsi mümkün olmuşdur. Şəxs icra sənədlərini icra etməkdən qərəzli olaraq yayındığından barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, icra məmuru X6 borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində olan hər iki icra sənədi üzrə 100 və 200 manat olmaqla cəmi 300 manat ödəniş etmişdir. Ona şöbədə icra məmuru tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Hazıradək yaranmış 1230 (bir min iki yüz otuz) manat borcunu birdəfəlik ödəmək imkanı yoxdur. Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət tənzimləyicisi işləyərək dolanacağını güclə təmin edir. İmkanı olmadığından isə çağırışlara gəlməmişdir. Göstərilən hallar nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkarlar (zərər çəkmiş şəxs) X4 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən tələbkarların (zərər çəkmiş şəxs) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işinin materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(004)-6803/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq X3 və Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(103)-10491/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 500 manat məbləğində pul tutularaq X7 ödənilməlidir. O, icraata başlanılması və tələbin könüllü icrasına dair bildirişləri 08 may 2019 və 30 dekabr 2019-cu il tarixdə rəsmi qaydada təhvil almışdır. Bundan başqa borclu Şəxs tələbin könüllü icrasına dair bildirişə əsasən, eyni zamanda Yasamal rayon İcra şöbəsində izahatları alınarkən məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, borclunun mülkiyyətində bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməsə də, ona məxsus “Vaz 2106” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edildiyindən Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(004)-6803/2018 nömrəli icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimat vermişdir. Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 8(004)-708/2019 nömrəli qərardadına əsasən təqdimat təmin edilərək borclu Şəxs mülkiyyətində “Vaz-2106” (minik) markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Lakin Şəxs məhkəmənin qərarını bu hissədə də icra etməkdən yayınmışdır. İcra işi materialları məhkəmə tərəfindən tədqiq edilərək həmçinin müəyyən edilmişdir ki, Şəxs Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməsi haqqında icra şöbəsinin 02 oktyabr 2019, 28 fevral 2020 və 30 dekabr 2020-ci il tarixli qərarları ilə onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan X5 15 may 2021-ci il tarixli ərizəsindən və qəbzdən müəyyən edilir ki, Şəxs tərəfindən iki dəfəyə 100 manat olmaqla cəmi 200 manat pul ödənilmişdir. Məhkəmə icra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirib və onun tərəfindən göstərilənlərə tənqidi yanaşaraq hesab edir ki, Şəxs iş yerinin olmasına, yəni nəqliyyat vasitələrinin parklanmasında tənzimləyici işləməsinə və aylıq qazancının olmasına baxmayaraq yaranmış borcu üzrə cüzi məbləğlərdə ödənişlər etməsi, o cümlədən icra məmurunun çağırışlarından yayınması öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınmış və hal-hazıradək onun icra sənədləri üzrə cəmi 1230 (bir min iki yüz otuz) manat məbləğində borcu yaranmışdır. Bununla da, Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yetirməməklə və icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni məhkəməyə gətirildiyi 25 may 2021-ci il tarixdən saat 14:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 25 may 2021-ci il tarixdən saat 14:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1268/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1268/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver