Məhkəmə qərarları › İş №3(004)-1278/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1278/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1278/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin bağladığı xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : X4 ərizə ilə məhkəməyə müraciət edərək, iki azyaşlı qızları X1 və X2 himayəyə verilməsi haqqında qohumu (qaynanası Tahirə) ilə AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli müqavilənin ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Hazırda məhkəmə daxil olmuş şikayətin məzmunundan isə görünür ki, müraciət müəllifi övladlarının himayəyə verilməsi ilə bağlı müqaviləni mübahisələndirmiş və onun barəsində qəbul edilmiş hər hansı inzibati tənbehvermə haqqında qərar mübahisələndirilməmişdir. Belə olan halda, şikayət ərizəsinə inzibati xətalar qanunvericiliyinin tələbləri çərçivəsində baxılması mümkün deyildir. Qeyd olunur ki, AR İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Göründüyü kimi, İXM-nin tələblərinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılır. Hazırda şikayətə hər hansı inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əlavə edilməmişdir. Həmçinin izah edilməlidir ki, azyaşlı uşaqların himayəyə verilməsi haqqında inzibati orqan tərəfindən bağlanmış müqavilə və ya buna dair hüquqmüəyyənedici sənəd mübahisənin xarakterindən asılı olaraq mülki mühakimə və ya inzibati icraat qaydasında aidiyyəti üzrə məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 ərizəsi və əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar