Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-128/2022 05.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında 25.12.2021-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. 1) Belə ki, İXM-in 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. İXM-in 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Lakin hazırkı iş üzrə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. 2) Bundan əlavə protokolda qeyd edilən maddə üzrə inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.1-ci maddəsinə əsasən həm məhkəmələrə aid edilmişdir, həm də həmin inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə də aid edilmişdir. Çünki «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 29.12.2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 43.3-cü maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Həmçinin həmin Fərmanın 6-cı bəndində də müəyyən edilmişdir ki, İXM-in 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İXM-in 43.3-cü maddəsində və Fərmanın 6-cı bəndində müəyyən edilmiş hallar mövcud olsun. Lakin nə məhkəməyə göndərilmiş protokoldan, nə də ki həmin protokola əlavə edilmiş iş materiallarından yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində və İXM-in 43.3cü maddəsində göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Yəni protokolu məhkəməyə göndərmiş şəxs daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab etməsini də əsaslandırmamışdır, Həmçinin nəzərə alınmalıdır ki, məsuliyyəti ağırlaşdıran hallar İXM-in 33-cü maddəsində müəyyən edilmişdir. İXM-in 33.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. İXM-in 33.3-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyətiağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab edən, İXM-in 43.3-cü maddəsində göstərilmiş mütləq meyarlar – inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinin mövcudluğu faktiki olaraq hazırkı iş materialları ilə ümumiyyətlə əsaslandırılmayıb. İXM-in 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud deyil. Buna görə də neçə ki, İXM-də göstərilmiş həmin hallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmamışdır və belə bir hallar mövcud deyildirsə, onda həmin inzibati xəta haqqında işi baxmaq üçün öz mülahizəsinə əsasən məhkəməyə göndərilməsi, həm İXM-nin, həm də qeyd edilən Fərmanın yuxarıda göstərilən tələblərinə ziddir. Buna görə də qeyd edilən hallar mövcud olmadıqda, həmin inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Buna görə də yuxarıda göstərilənlər nəzərə alınmaqla, hazırkı işə məhz protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxmalı və qərar qəbul edilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Protokol tərtib etmiş orqanın diqqəti İXM-in 43.3-cü maddəsinin tələblərinə və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 29.12.2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli Fərmanının 6-cı bəndinin tələblərinə əməl etməyə cəlb edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-128/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-128/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver