Məhkəmə qərarları › İş №3(004)-1282/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1282/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1282/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 01 noyabr 2021-ci il tarixdə saat 14:40-da cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 2 saylı mağazada yerləşən aptekdə Azərbaycan Respublikası Nazirlət Kabinetinin müvafiq qərarına əsasən fərdi qoruyucu vasitədən tibbi maskadan istifadə etməyərək xidmət göstərmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin böyük DVM X2 tərəfindən 01 noyabr 2021-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsinə istinad olunan şəxsin şəxsiyyətinin və həmin şəxslə Cəmiyyət arasında hər hansı hüquqi bağlılığın olmasının, onun əməkdaşının olub-olmamasının müəyyən edilmədiyi halda, hansı əsasla həmin şəxsin hərəkətlərinə görə Cəmiyyətin məsuliyyət daşımalı olması və həmin fiziki şəxsin özünün barəsində hər hansı hüquqi tədbir görülmədiyi halda Cəmiyyətin məsuliyyətə cəlb edilməsi maraq doğurur. Hesab edir ki, kimliyi məlum olmayan şəxsin hər hansı davranışına görə Cəmiyyətin məsuliyyətə cəlb edilməsinin heç bir hüquqi əsası yoxdur və bu tamamilə qərəzli xarakter daşıyır. Fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsinə istinad olunan şəxsin həmin fərdi qoruyucu vasitədən istifadə etməməsi yalnız həmin şəxsin özünün məsuliyyətini yarada bilər. Həmin şəxsin qeyd edilən inzibati xətası nəticəsində hüquqi şəxs hər hansı bir xeyir görmür və ya həmin inzibati xəta hüquqi şəxsin maraqları üçün törədilməmişdir. İşçi maskadan istifadə edərək də həmin işi görə bilər. Maskadan istifadə etməməklə, hüquqi şəxsə hər hansı bir əlavə xeyir, mənfəət gətirməmişdir. Ona görə də hətta işçi belə bir inzibati xəta törətmişdirsə də, həmin işçinin inzibati xətası, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün, yalnız və yalnız İXM-nin 18-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün onun işçisinin və ya vəzifəli şəxsinin törətdiyi inzibati xətalara görə cəlb edilə bilər. Göründüyü kimi işçinin maska taxmaqla və ya maska taxmamaqla xidmət göstərməsi hüquqi şəxs üçün hər hansı bir məsuliyyətə səbəbə ola bilməz. Çünki həmin iş maska taxmaqla da görülə bilir. Maska taxmaq tələbi hamı üçün, o cümlədən işçi hətta hüquqi şəxsin işçisi olmasa da belə, fiziki şəxs kimi qapalı məkanda maskadan istifadə etmlidir. Əgər maskadan istifadə etmirsə, həmin işçinin fiziki şəxs kimi özünün inzibati məsudliyyətinə səbəb olacaqdır. Ona görə də işçinin hüquqi şəxsin xeyri üçün olmayan, işçinin həmin inzibati xətasından hüquqi şəxs hər hansı bir xeyir götürmədiyi halda, işçinin hüquqi şəxsin maraqlarının qorunmasına xidmət etməyən inzibati xətasına görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Göstərilənləri nəzərə alaraq barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC ünvan 1 ünvanında yerləşən “Aptek” adlı obyektdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən fərdi qoruyucu vasitədən (tibbi maska” istifadə etmədən müştərilərə xidmət göstərməsi faktı aşkar olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, bir nəfər şəxs tibbi maskadan istifadə etmir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli 3(003)-77/2021 nömrəli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 3(003)-77/2021 nömrəli məktubundan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-77/2021 nömrəli 29.01.2021-ci il tarixli qərarı 26 fevral 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarından görünür ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli 3(004)-2942/2021 nömrəli qərarına əsasən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 3(103)- 291/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(004)-2942/2022 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqında iş yenidən baxılması üçün həmin Məhkəməyə qaytarılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs MMC barəsində təqsirli bilindiyi əməlin törədilmə müddəti 01 noyabr 2021-ci il kimi protokolda göstərilmişdir. Yəni Şəxs MMC 01 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Belə olduğu təqdirdə əməl 01 noyabr 2021-ci il tarixdə törədilmiş hesab edilir və həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən Şəxs MMC barəsində 01 noyabr 2021-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 04 mart 2022-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar