Məhkəmə qərarları › İş №3(004)-1283/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1283/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1283/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla müxtəlif ünvanlarda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 24 may 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X5 izahatında bildirmişdir ki, 24 may 2021-ci il tarixdə saat 19:40-da rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkilləri Nail Bayramlı və Fuad Məmmədov şöbəyə raportla müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Saf Su” sudoldurma məntəqəsinin yaxınlığında xidməti vəzifələrini icra edən zaman “Ramil” adlı şəxsin onların qanuni tələblərinə tabe olmadığını bildirmiş və sonuncu barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Həmçinin “Ramil” adlı şəxs əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 18.11.2020-ci il tarixdə ünvan 3 ünvanında vət. R.Hüseynova məxsus “KİA” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobildən “HP” markalı notbuku oğurlamaqda şübhəli bilinən “Ramil” adlı şəxsi aşkar edib onun şəxsiyyətini müəyyənləşdirməyə çalışarkan sonuncu onların qanuni tələblərinə tabe olmayıb qaçmağa cəhd göstərmişdir. Bu səbəbdən o, saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. Həmçinin aparılan araşdırma ilə Şəxs yuxarıda qeyd edilən oğurluq faktına hər hansı aidiyyətinin olması təsdiq edilməsə də, lakin onun tərəfindən polis işçisinin qanuni tələblərinə tabe olmamağa görə barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. X5 göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara əsasən protokol tərtib etmiş X5 əlavə olaraq bildirmişdir ki, Şəxs şöbəyə gətirilərkən onun qaşının üzərində və üz nahiyyəsində sıyrıqlar mövcud olmuş, bundan başqa Şəxs polis şöbəsində olarkən özünü qeyri-adekvat apararaq başını növbətçi hissənin qapısına çırpmış və burnunda çapıq əmələ gəlmişdir. Aşkar edilmiş xəsarətlərlə bağlı akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək göstərmişdir ki, 24 may 2021-ci il tarixdə saat 18:30 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq ondan soraqlaşmışlar. Bu vaxt o, əvvəllər məhkumluğu olduğundan və şübhəli şəxs qismində cəlb edilə biləcəyindən qorxub onlardan qaçmağa cəhd göstərmişdir. Həmin polis işçiləri ondan hərəkətini dayandırmasına tələb etməsinə baxmayaraq onların qanuni tələbinə tabe olmayıb qaçmağa davam etdirmişdir. Bundan sonra polis işçiləri ona fiziki güc tətbiq edərək saxlamış və o, 29-cu PŞ-nə gətirilmişdir. Şəxs hazırda əməmlindən səmimi peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında Şəxs əlavə olaraq bildirmişdir ki, ona həm polis şöbəsində olarkən, həm də saxlanılarkən polis işçiləri tərəfindən fiziki güc tətbiq edilərək xəsarət yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili X6 izahatında bildirmişdir ki, 24 may 2021-ci il tarixdə saat 18:30-da rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin digər əməliyyat müvəkkili Nail Bayramlı ilə birlikdə təhkim edildiyi xidməti ərazisi olan Yasamal rayonu, Şərifzadə küçəsində son dövrlər baş vermiş oğurluq faktlarına görə vətandaşlarla soraqlaşma əməliyyat tədbiri keçirərkən, 18.11.2020-ci il tarixdə ünvan 3 ünvanında “KİA” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobildən “HP” markalı notbukunun oğurlanması faktı üzrə şübhəli bilinən “Ramil” adlı şəxslə “Saf Su” sudoldurma məntəqəsinin yaxınlığında rastlaşmışlar. Sonuncuya yaxınlaşıb həmin faktla bağlı sorğu-sual etdikdə “Ramil” adlı şəxs onlardan qaçmağa başlamışdır. Ramildən hərəkətini dayandırması tələb edilsə də onların qanuni tələblərinə tabe olmadığından saxlanılıb aidiyyəti üzrə 29-cu Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra şöbənin rəhbərliyinə raportla müraciət edərək onun barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Şöbədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. Verilmiş suallar əsasında X6 əlavə olaraq bildirmişdir ki, həmin şəxs tərəflərindən fiziki qüvvə tətbiqi ilə saxlanılmış və polis şöbəsinə gətirilmiş, orada da barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X4 eyni məzmunlu izahat verərək X3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyindən o, təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri X4 və X6 tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:40 radələrində, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Saf Su” sudoldurma məntəqəsinin yanında xidmət apararkən 18 noyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında vətəndaş R.Hüseynova məxsus “KİA” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobildən “HP” markalı noutbuku oğurlamaqda şübhəli olan “Ramil” adlı şəxs saxlanılan zaman qaçmağa cəhd edərək tabesizlik göstərdiyi üçün fiziki qüvvə tətbiqi ilə avtomobilə əyləşdirilib Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1981-ci il təvəllüdlü Şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 26 may 2021-ci il tarixli 808 nömrəli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktından müəyyən edilir ki, Şəxs götürülmüş bioloji nümunədən OPİ, MOP (+) aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Bundan başqa iş materiallarında olan 25 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə saat 00:20-də tutulmuşdur. Lakin hazırki işin hallarından, o cümlədən tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən edilir ki, Şəxs əməliyyat müvəkkilləri tərəfindən 24 may 2021-ci il tarixdə saat 18:30-da saxlanılıb polis şöbəsinə gətirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs inzibati həbsdə saxlama müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı andan, yəni 24 may 2021-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 24 may 2021-ci il tarixdən saat 18:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar