Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1285/2024 03.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-də aparıcı mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş 03 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə A.Salamzadə küçəsində Yasamal RPİ DYPŞ-nin yol patrul xidmətinin əməkdaşı yol hərəkəti qaydalarını pozmuş sürücüyə qanunun tələblərini izah edən zaman, yəni polis işçisi olaraq ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən zaman bir nəfər şəxsin qeyd olunan nəqliyyat vasitəsində əyləşmiş xanıma qeyri-etik hərəkətlərə yol verməsini görmüşdür. Həmin şəxsə kənarlaşması tələb edilməsinə baxmayaraq polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt şəxsin sərxoş vəziyyətdə olması aşkar müşahidə edilmiş və ona aidiyyəti üzrə polis şöbəsinə getməsi təklif edilmişdir. Bundan sonra Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarının müşayiəti ilə həmin şəxs Yasamal RPİ-nin 27-ci PŞ-ya gətirilmişdir. Bundan sonra onun şəxsiyyəti müəyyənləşdirilərək Şəxs olması müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru, inzibati protokolu müdafiə edən X4 izahatında göstərmişdir ki, Bakı şəhər Yasamal RPİ DYPŞ YPX inspektorları Zabil Qiyasov və Hüseyn Bayramov xx.xx.2024-cü il tarixdə A.Salamzadə küçəsində saxladığı nəqliyyat vasitəsinin sürücüsünə qayda pozuntusunu izah edərkən 1 nəfər şəxs avtomobilə yaxınlaşıb qapısını açmış və orada əyləşmiş xanıma qarşı aşkar şəkildə qeyri-etik hərəkətlərə yol vermişdir. Dərhal həmin şəxs polisin iş fəaliyyətini pozmaması və qanuni tələblərinə tabe olub ordan uzaqlaşması təklif olunmuşdur. Lakin vətəndaş tabe olmayıb, qeyri-etik davranışa yol vermişdir. Həmçinin onun sərxoş olması müəyyən edilmişdir. Bundan sonra o, ərazi aidiyyəti üzrə 27-ci PŞ-nə gətirilmişdir. Araşdırma zamanı Şəxs əməlində İXM-nin 535.1-ci maddənin tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında əməlindən peşman olmasını, həmin zaman içkili olduğunu hərəkətlərini anlaqlı olaraq etmədiyini qeyd edərək, ona yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ DYPŞ YPX inspektoru X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yol təhlükəsizlik qaydalarının mühafizəsi ilə bağlı xidməti vəzifələrini icra edərkən yol hərəkəti qaydasını pozmuş sürücü Öner Baran tərəfindən saxlanılmışdır. Sürücü özü könüllü olaraq nəqliyyat vasitəsindən enərək yaxınlıqda onunla danışan zaman, yəni sürücüyə qayda pozuntusu ilə bağlı izah verərkən qəflətən kənardan bir şəxsin nəqliyyat vasitəsinin qapısını açaraq orada əyləşmiş xanıma qarşı qeyri etik hərəkətlərə yol verməsini görmüşlər. Bu vaxt sürücü ilə həmin şəxs arasında söz mübahisəsi yaranmış, o, nəqliyyat vasitəsinə yaxınlaşan şəxsi nizamintizama dəvət etməsinə baxmayaraq sonuncu sərxoş olduğundan səs-küy salmağa başlamış və onun qanuni tələbinə abe olmamışdır. Bundan sonra həmin şəxs aidiyyəti üzrə 27-ci PŞ-nə dəvət edilmiş, orada şəxsiyyəti müəyyənləşdirilərək Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Öner Baran izahatında bildirmişdir ki, qeyd olunan tarixdə hava limanında onun xanım dostu qarşılamış, bundan sonra ona məxsus nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozmuşdur. Bu səbəbdən DYPŞ-nin inspektoru onu saxlamış və ona qanunun tələblərini izah etməyə başlamışdır. Bu vaxt o, özü nəqliyyat vasitəsindən enmişdir. İnspektorla danışan zaman tanımadığı şəxsin avtomobilə yaxınlaşıb qapısını açmasını və orada əyləşmiş xanım dostuna qarşı qeyri-etik hərəkətlərə yol verməsinin şahidi olmuşdur. Bununla bağlı həmin şəxsə iradını bildirmiş və sonuncu onun haqlı iradına məhəl qoymayaraq onunla mübahisə etməyə başlamışdır. Hətta ictimai qaydaya riayət etməsi ilə bağlı yanında olan polis işçisinin qanuni tələbinə tabe olmamışdır. Həmin vaxt qeyd olunan şəxsin sərxoş olması kəskin qoxudan aşkar hiss edilmişdir. Daha sonra həmin hərəkətlərə yol verən şəxsin Şəxs olmasını öyrənmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal RPİ DYPŞ YPX inspektorları Zabil Qiyasov və Hüseyn Bayramov tərəfindən tərtib edilmiş 03 mart 2024-cü il tarixli raportlardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə A.Salamzadə küçəsində saxladığı nəqliyyat vasitəsinin sürücüsünə qayda pozuntusunu izah edərkə 1 nəfər şəxs maşına yaxışlaşaraq qapısını açıb xanıma qarşı qeyri-etik davranmışdır. Dərhal həmin şəxs polisin iş fəaliyyətini pozmaması və qanuni tələblərinə tabe olub ordan uzaqlaşması təklif olunmuşdur. Lakin vətəndaş polis qanuni tələbinə tabe olmayıb, qeyri-etik davranışını davam etdirmişdir. Beləliklə, yaxınlıqda xidmət aparan PPX əməkdaşlarının köməyi ilə Yasamal RPİ-nin 27-ci PŞ-ya gətirilmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsilə ilə 03 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 03 mart 2024-cü il tarixli, AZA seriyalı, 003842 nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən həmin tarixdə saat 01:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Respublika Narkoloji Mərkəz tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən edilir ki, həmin tarixdə saat 01:20-də aparılan müayinə zamanı Şəxs alkoqollu içkinin qəbul edilməsi nəticəsində orta dərəcəli sərxoş vəziyyətdə olması məlum olmuşdur. Məhkəməyə təqdim edilmiş video görüntü tədqiq edilərkən Şəxs polis işçisinin qanuni tələbin tabe olmaması müşahidə edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 03 mart 2024-cü il tarixdə saat 01.05 radələrində Şəxs Bakı şəhəri, Yasamal rayonu, A.Vahabsalamzadə küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin İXM-nin 31.4-1-ci maddəyə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXMnin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1285/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1285/2024
03.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver