Məhkəmə qərarları › İş №3(004)-1289/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1289/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1289/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 və qanuni nümayəndəsi atası X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 oğlunun Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin 18.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarından və Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PB-nin 28.04.2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X9 oğlu Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin 18.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarından və Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PB-nin 28.04.2021-ci il tarixli, EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 Aqil oğlu məhkəməyə şükayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 28.04 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 22-ci Polis Bölməsinin xidməti ərazisində barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə, yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə EXP ******* nömrəli protokol tərtib eilərək bunun əsasında 22-ci PB-nin rəisi X6 tərəfindən ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilərək ona 100 manat cərimə tədbiq edilmişdir. 18.05.2021-ci il tarixdə isə Yasamal rayonu 28-ci Polis Bölməsinin xidməti ərazisində barəsində Azərbaycan Respublikası 211.3-ci maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - EXP ******* nömrəli protokol tərtib edilərək bunun əsasında 28ci PB-nin sahə rəisi X7 tərəfindən ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilərək ona 200 manat cərimə tətbiq edilmişdir. Buna səbəb isə polis əməkdaşları tərəfindən qoruyucu vasitənin burun nahiyyəsinə qədər yarımçıq taxmağı səbəb olmuşdur. Hər dəfə polis əməkdaşları onu optik eynək gəzdirdiyi vaxt saxlayaraq qoruyucu vasitənin ağız nahiyəsini örtməklə burun nahiyəsinədək gəzdirməməyinin səbəbini soruşduqda bildirmişdir ki, onda hər iki gözündə fiziki qüsur var, gözünün birinin - 4, digərinin isə -5 olduğunu diqqətlərinə çatdıraraq qoruyucunu tam gəzdirdikdə eynəyin hər iki gözünün tərləməsini və bunun nəticəsində də görüntünün itməsi və bunun nəticəsində də yıxılma təhlükəsinin yaranmasını izah etsə də polis əməkdaşları göstərdiklərinə əhəmiyyət verməyərək barəsində protokol tərtib etmişdirlər. İnzibati xətanın törədilməsi qanuni hesab edilə bilməz, çünki o, bunu qəsdən deyil, son zərurət vəziyyətində qoruyucu vasitəni yarımçıq gəzdirməyə məcbur qalmışdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilərək cərimələrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin 18.05.2021ci il tarixli, EPQ ******* saylı qərarından görünür ki, X9 oğlu 18.05.2021-ci il tarixli (saat 20:33), EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PB-nin 28.04.2021-ci il tarixli, EPQ ******* saylı qərarından görünür ki, X9 oğlu 28.04.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş tibbi rəydən məlum olur ki, X9 oğluna mürəkkib miopik astiqmatizm M 5,0 və 4,0 xorioretinal distofiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan ilkin hərbi qeydiyyata alınma haqqında İQ 204094 nömrəli vəsiqənin surətindən məlum olur ki, X3 müalicəyə ehtiyacı olduğu göstərilmişdir. Məhkəmə X9 oğlunun qeyd etdiyi halları, xətanın törədilməsini təsdiq edən sübutların olmamasını, şəxsin göz xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq, şikayətin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 211.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PB-nin 28.04.2021-ci il tarixli, EPQ ******* saylı qərarı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddələri ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal RPİnin 28-ci PB-nin 18.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Nəsimi RPİnin 22-ci PB-nin 28.04.2021-ci il tarixli, EPQ ******* saylı qərarı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin 18.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar