Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-129/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin mülkiyyətində (istifadəsində) olan «Vaz 21 214» markalı 10 PN480 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi xxxx MMC-nin idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, xxxx MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs xxxx MMC-ə və Bakı şəhər Yasamal rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarında olan DİN-nin DYP portal çıxarışından görünür ki, xxxx MMC-ə onun mülkiyyətində olan «Vaz 21214» markalı ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə saat 14:14-də idarə edərək İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Yasamal RPİ DYPŞ tərəfindən sorğu verilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS662923474AZ” saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx.xx.2020-ci il tarixdə “Əliyeva” soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 103-2-11-1-251-21 nömrəli cavab məktubundan müəyyən edilir ki, məhkəmənin sorğusu əsasında aparılan araşdırma zamanı “SS662923474AZ” saylı ştrix kodlu sifarişli məktub xx.xx.2020-ci il tarixdə 65 saylı PŞ-yə daxil olmuş, lakin ünvanda qeyd edilən idarə olmadığından və həmin gün göndəriciyə geri qaytarılmışdır. Lakin buna baxmayaq Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Beləliklə məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən sözügedən sorğu “xxxx” MMC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq,ev 11/13, m4 ünvanına göndərilmiş, lakin məktub geri qaytarılıb. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilən sorğunun “xxxx” MMC-nin tərəfindən alınmasını təsdiqləyəcək sübutlar öz əksini tapmamışdır. Belə ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilmiş sorğunun “xxxx” MMC-nin tərəfindən almasını təsdiqləyəcək xəbərnamə əsas götürülərək iş materiallarına əlavə edilsə də, müəyyən edilmişdir ki, sözügedən sorğu DYP-yə geri qaytarılmışdır. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan poçt xəbərnaməsinin xxxx MMC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə xxxx MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair “xxxx” MMC-ninnın əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-129/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-129/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver