Məhkəmə qərarları › İş №3(004)-129/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-129/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-129/2022 05.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1999-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 yanvar 2022-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyası keçidində maska ilə profilaktik tədbirlər keçirilən zaman tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşları ona yaxınlaşmış, İXM-nin 211.2-ci maddəsinin tələblərini pozduğuna görə ona protokol tərtib etdikdən sonra, o, tərtib edilən protokola narazılıq bildirərək uca səslə əl-qol hərəkətləri ilə polis əməkdaşlarının üstünə getməyə başlamış, bu zaman orada olan mülki geyimdə polis əməkdaşı, polis serjantı X2 xidməti vəsiqəsini göstərərək özünü polis əməkdaşı olduğunu bildirərək polis əməkdaşlarına kömək göstərmiş, bu zaman Şəxs polis serjantı İ.Nəbizadənin ayaq və qolundan tutaraq bir neçə dəfə metronun yaxınlığında yerə yıxaraq ona müqavimət göstərdi. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən 05.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək, bildirdi ki, o, 05 yanvar 2022-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasından çıxarkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq maskadan düzgün istifadə etmədiyini bildirdi və nəticədə qanuni şəkildə cərimə tətbiq olundu. Sonra o, polis əməkdaşından vəzifə və ad, soyadını soruşarkən aralarında mübahisə yarandı. Nəticədə polis əməkdaşı bölməyə getməyini xahiş etdi. Ora gedərkən, “mülki” formada bir vətəndaş yaxınlaşdı və özünü təqdim etmədən onun qolunu buraraq onu əzişdirməyə çalışdı. Mülki formada olduğu üçün və özünü təqdim etmədiyi üçün ona qarşı göstərdiyi hüquqsuzluğa görə o da, 04 dəfə arxa-arxaya nümayəndəni yerə çırparaq özündən uzaqlaşdırdı. Bölməyə çatdıqdan sonra həmin şəxsin polis olduğu ona bildirildi. Həmin şəxsin mülki formada olduğu üçün polis olduğunu bilmədi. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru Rəsul Cabbarov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 05 yanvar 2022-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyası keçidində maska ilə profilaktik tədbirlər keçirilən zaman tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşları ona yaxınlaşmış, İXM-nin 211.2-ci maddəsinin tələblərini pozduğuna görə ona protokol tərtib etdikdən sonra, o, tərtib edilən protokola narazılıq bildirərək uca səslə əl-qol hərəkətləri ilə polis əməkdaşlarının üstünə getməyə başlamış, bu zaman orada olan mülki geyimdə polis əməkdaşı, polis serjantı X2 xidməti vəsiqəsini göstərərək özünü polis əməkdaşı olduğunu bildirərək polis əməkdaşlarına kömək göstərmiş, bu zaman Şəxs polis serjantı İ.Nəbizadənin ayaq və qolundan tutaraq bir neçə dəfə metronun yaxınlığında yerə yıxaraq ona müqavimət göstərdi. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün (on gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni 05.01.2022-ci il tarixindən, saat 11:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar