Məhkəmə qərarları › İş №3(004)-1291/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1291/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1291/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X3 iştirakı ilə Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 24 fevral 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 101000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 101000.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X1 təqdim edərək bildirmişdir ki, xaricdə pulu qəbul etmiş “Kromatix” şirkətinin ləğv prosesində olduğunu, kreditor kimi qeydə alındığını, təqsirlərinin olmadığını və göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 yanvar 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 101000.00 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 31 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli, 6-2/2-152/2025 nömrəli məktubdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 101000.00 Avro məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında 24 fevral 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 101000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 101000.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs ASC-nin qanuni təmsilçisi X6 tərəfindən məhkəməyə təqdim edilmiş «Kromatix» şirkəti tərəfindən göndərilmiş yazışmadan görünür ki, yazışma “Kromatix Geoengineeringdən hər hansı təsdiq edilmiş sifarişləri almadığı üçün, lazımi istehsal və çatdırılma prosesləri işə salınmaya bilər, bu da Geoengineering-in istənilən malları qəbul etməməsi ilə nəticələnə bilər. Müqavilənin əvvəlindən 2024-cü ilin ortalarına qədər Kromatix SA Azərbaycan bazarında dizayn və planlaşdırma təkliflərinin hazırlanmasını öz öhdəsinə götürüb (Nümunələr: doğum evi, idman zalı və COP29 layihəsi). Kromatix SA sahibinin 2023-cü ilin oktyabrında gözlənilmədən vəfat etməsi şirkətin əməliyyatlarına dərindən təsir etdi və bu, liderlik, qərar qəbul etmə və ümumi iş davamlılığında əhəmiyyətli pozuntulara səbəb oldu. Kromatix SA-nın ləğvi şirkətin maliyyə öhdəliklərini, o cümlədən ödənilməmiş kompensasiyaların verilməsini yerinə yetirə bilməməsi ilə nəticələndi” məzmunda olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ərizə “hazırda icraatınızda olan 3(004)-1291/2025 nömrəli iş üzrə Şəxs ASC tərəfindən təqdim edilmiş sənədlər inzibati xətanı istisna edən sübut kimi kifayət etmir. Belə ki, xaricdə pulu qəbul etmiş “Kromatix” şirkəti ləğv prosesindədirsə, bununla bağlı ləğvetməni qeydə alan rəsmi dövlət qurumdan müvafiq sənədlər, habelə kreditor kimi Şəxs ASC-nin kreditorlar siyahısında qeydiyyata alınmasına dair rəsmi sənədlərin təqdim edilməsinə ehtiyac vardır. Bu sənədlərin təqdim edilmədiyi halda protokol üzrə inzibati tənbehin tətbiq edilməsini xahiş edirik. Əgər yuxarıda qeyd olunan sənədlər Şəxs ASC tərəfindən təqdim edilərsə, həmin sənədlərə əsasən əlavə münasibətimizi bildirə bilərik. Həmçinin iş yükünü nəzərə alaraq iştirakımız olmadan işə baxılması xahiş olunur” məzmunda olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə tərəfin izahatı, inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 yanvar 2023-cü il tarixdə 101000.00 Avro məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş sənədlərdə qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, yazışmada göstərilən həmin halları təsdiq edəcək heç bir sənəd təqdim edilə bilmədiyi üçün göstərilən hal Şəxs ASC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (101000.00 Avro) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avro olduğundan cərimənin məbləği avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 101000.00 Avro valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 20200.00 Avro (avronun Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar