Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1307/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X9 Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin (ASC) etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 20 may 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 20 may 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC mülkiyyətində (istifadəsində) olan “Hyundai Elantra” (minik) markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X4 protokolun dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, Şəxs ASC-nin mülkiyyətində (istifadəsində) olan “Hyundai Elantra” (minik) markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 01.03.2021-ci il tarixdə saat 13:19-da Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin xətanın törədilməsi barədə Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barədə qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Yasamal RPİ-nin DYPŞ-yə daxil olmuş “SS658816522AZ” ştrix kodlu xəbərnamə ilə müəyyən edilmişdir ki, sözügedən sorğu 09 aprel 2021-ci il tarixdə Şəxs ASC-yə çatdırılmışdır. Buna baxmayaraq sorğuya cavab hazıradək səlahiyyətli orqana daxil olmamışdır. Yəni sorğu daxil olduğu vaxtdan 5 gün müddətində sürücü barədə məlumatlar DYPŞ-yə təqdim edilməmişdir. Göstərilənlərə əsasən X4 Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs” ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə Yasamal RPİ-nin DYPŞ-nə ünvanlanmış 01 iyun 2021-ci il tarixli məktubu, üzərində 27 may 2021-ci il tarixli daxilolma ştampı olan sorğunu, poçt göndərişinin çatdırılmasına dair “Qumru-D” Ekspress xidmətinin 392798 nömrəli qaiməsini təqdim edərək müvafiq sorğunun Cəmiyyət tərəfindən cavablandırıldığını bildirmişdir. Lakin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş DYPŞ-nin sorğusu və protokolun tərtib edilməsinə əsas olmuş səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə edilmiş sorğu müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, hər iki sorğu eyni nəqliyyat vasitəsinə görə verilməsinə baxmayaraq, onlar müxtəlif vaxtlarda, müxtəlif ünvanlarda və müxtəlif maddələr üzrə törədilmiş xətalarla bağlı verilmişdir. Belə ki, hazırki inzibati xətanın obyekti olan Yasamal RPİ-nin DYPŞ-nin sorğusu “Hyundai Elantra” (minik) markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 01.03.2021-ci il tarixdə saat 13:19-da Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs” ASC-yə 27 may 2021-ci il tarixdə daxil olan və cavablandırılması təmin edilən Yasamal RPİ-nin DYPŞ-nin sorğusu isə həmin avtomobilin sürücüsü tərəfindən 22 aprel 2021-ci il tarixdə saat 13:20-də İsmayıl bəy Qutqaşınlı küçəsi 84 məhəllə 492 ünvanında İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xətaya görə verilmişdir. Məhkəmə iclasında iştirak edən Cəmiyyətin nümayəndəsi X3 qeyd olunan ziddiyyətin araşdırılması üçün ona vaxt verilməsinə dair vəsatəti təmin edilməsinə baxmayaraq növbəti iclas zamanı o, 01.03.2021-ci il tarixdə saat 13:19-da Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı Yasamal RPİ-nin DYPŞ-nin sorğusunun Cəmiyyətə 09 aprel 2021-ci il tarixdə daxil olmasına baxmayaraq ona cavab verilməsinə dair məhkəməyə sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Şəxs” ASC-nin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin Şəxs ASC-yə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 01.03.2021-ci il tarixdə, saat 13:19-da cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Hyundai Elantra” (minik) markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS658816522AZ” ştrix kodlu xəbərnamədən görünür ki, Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 09 aprel 2021-ci il tarixdə Şəxs ASC-nin “Nəsirli T.” soyadlı məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bundan başqa məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 07 iyun 2021-ci il tarixli 103-2-11-1-1745 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən 122 saylı poçt şöbəsi vasitəsilə göndərilmiş “SS658816522AZ” saylı sifarişli xəbərnaməli məktub 09 aprel 2021-ci il tarixdə 73 saylı poçt şöbəsi tərəfindən bankın nümayəndəsi Tovuz Nəsirliyə çatdırılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə, hazırkı inzibati xətanın obyekti olan səlahiyyətli orqanın sorğusunun 09 aprel 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-yə rəsmi qaydada çatdırılması iş materiallarında olan və bir-biri ilə ziddiyyət təşkil etməyən “SS658816522AZ” saylı xəbərnamə və “xxxx” MMC-nin məhkəməyə ünvanlanmış 07 iyun 2021-ci il tarixli 103-2-11-1-1745 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs ASC-nin mülkiyyətində (istifadəsində) olan “Hyundai Elantra” (minik) markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu 09 aprel 2021-ci il tarixdə cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş, lakin qeyd edilən sorğunun qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilməmişdir. Bununla da, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki Şəxs ASC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1307/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1307/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver