Məhkəmə qərarları › İş №3(004)-132/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-132/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-132/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi”MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Yasamal Rayon Polis İdarəsin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin balansında olan “Hyundai Elantra minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün X1 olması məzmunlu xx.xx.2023-cü il tarixli məktubla həmin quruma müvafiq məlumat vermişdir. Göründüyü kimi “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC mülkiyyətində olan “Hyundai Elantra minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına olan Bakı şəhəri Yasamal RPİ-nin “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-yə ünvanladığı sorğudan görünür ki, həmin MMC-dən mülkiyyətində olan “Hyundai Elantra minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili 23 avqust 2023-cü il tarixdə, saat 14:03-də idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə ünvanladığı 31 may 2023-cü il tarixli məktubundan görünür ki, “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən sürücü barədə məlumat Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə 31 may 2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin məsul şəxsi nəqliyyat vasitəsinin kimin istifadəsində olması barədə məlumatları Bakı şəhəri Yasamal RPİ-nə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş 14 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair “X5, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar