Məhkəmə qərarları › İş №3(004)-1326/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1326/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1326/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanova Türanə Eldar qızının, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6 və zərərçəkmiş şəxs (tələbkar) X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, 2 övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yaşayan Aslanova Türanə Eldar qızının barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aslanova Türanə Eldar qızı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(060)-34/2021 saylı icra sənədində qeyd olunan tələbi icra məmurunun müəyyən etdiyi müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(060)-34/2021 saylı icra sənədinə əsasən cavabdeh Aslanova Türanə Eldar qızına və onun ailə üzvlərinə xx.xx.2014-cü il təvəllüdlü X4 ilə iddiaçı X2 görüşüb ünsiyyətdə olmasına maneəçilik törətmələri qadağan olunmuşdur. Müvəqqəti təminat tədbiri olaraq iddiaçı X2 xx.xx.2014cü il təvəllüdlü X4 ilə həftənin şənbə günü saat 11:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması hüququ müəyyən edilmişdir. Lakin cavabdeh icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru, X9 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(060)-34/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin tələbin icrası mümkün olmamışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh Aslanova Türanə Eldar qızı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə onun atası X2 görüşüb ünsiyyətdə olmasına maneəçilik törətmiş və bununla da icra sənədinin icrasına qərərzli şəkildə mane olmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Aslanova Türanə Eldar qızının barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanova Türanə Eldar qızı bildirmişdir ki, qızı P.Məhmədyarovanın səhhətində problem var və hazırda müalicə olunur. Görüşün baş tutmaması səbəbi budur. Eyni zamanda İ.Məhmədyarov da onu autizmli oğlu ilə görüşdürməkdən yayınır. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında (tələbkar) X3 bildirmişdir ki, Aslanova Türanə Eldar qızı qərəzli olaraq onun övladı ilə görüşməsinə imkan yaratmır. O, sadəcə olaraq icra sənədinə uyğun olaraq qızı ilə hər həftə sonu ünsiyyətdə olmaq istəyir. Buna maneə yaradılmağa davam ediləcəyi təqdirdə T.Aslanovanın qanunvericiliyə uyğun şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(060)-34/2021 saylı icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Aslanova Türanə Eldar qızı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(060)-34/2021 saylı icra sənədinə əsasən cavabdeh Aslanova Türanə Eldar qızına və onun ailə üzvlərinə xx.xx.2014-cü il təvəllüdlü X4 ilə iddiaçı X2 görüşüb ünsiyyətdə olmasına maneəçilik törətmələri qadağan olunmuşdur. Müvəqqəti təminat tədbiri olaraq iddiaçı X2 xx.xx.2014-cü il təvəllüdlü X4 ilə həftənin şənbə günü saat 11:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması hüququ müəyyən edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Aslanova Türanə Eldar qızı Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla məhkəmə qərardadının icra edilməsinə əməl etməmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 5 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(060)- 34/2021 saylı icra sənədi üzrə icraata həmin tarixdən başlanılmış və bildiriş Aslanova Türanə Eldar qızına təqdim edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Aslanova Türanə Eldar qızının iki azyaşlı uşağı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onlardan biri - xx.xx.2014-cü il təvəllüdlü X1 Türanə Eldar qızının himayəsindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Aslanova Türanə Eldar qızının təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Aslanova Türanə Eldar qızı tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Aslanova Türanə Eldar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Aslanova Türanə Eldar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar