Məhkəmə qərarları › İş №3(004)-1340/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1340/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1340/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X2 Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 01 noyabr 2019-cu il tarixli qərarın İXM-in 146.1-1-ci maddəsinə əsasən icrasına xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 01 noyabr 2019-cu il tarixli qərarın İXM-in 146.1-1-ci maddəsinə əsasən icrasına xitam verilməsi barədə qərar çıxarılması və icra edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməsi ilə bağlı ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15 may 2019-cu ildən 22 avqust 2021ci ilədək ləğv edilmiş Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən barəsində (Sürücülük vəsiqəsi-AC573220 Toyota Rav-4 markalı ** SE *** qeydiyyat nişanlı avtomobil) inzibati xəta haqqında protokollar tərtib edilib. Hazırda həmin protokollar onun elektron kabinetində görsənir və avtomobili özgəninkiləşdirən və yaxud texniki baxışdan keçirən zaman həmin pul ondan tələb edilir. Hazırda mübahisələndirdiyi qərar BNA ******* saylı 01 Noyabr 2019-cu il tarixlidir və buna görə barəmdə AR İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsinə əsasən 20 manat mənlədində inzibati cərimə növündə tənbeh tətbiq edilib. Bakı Nəqliyyat Agentliyi ləğv edildiyindən hazırda həmin qurumun səlahiyyətlərini icra edən və elektron sistemdə əvvəl BNA kimi qeyd edilmiş hazırda isə AYNA olaraq görünən elektron sistemdən çıxarılmasına dair müraciətlə AR Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə inzibati xəta haqqında protokolların və qərarların ləğv edilməsinə dair 19 yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Həmin qurumun 3-27-103/2-1415/25 saylı 03 fevral 2025-ci il tarixli məktubu əsasında müraciətimin icrasından imtina edilib. İmtinanı rəsmi qaydada 14 fevral 2025- ci il tarixdə qəbul etmişəm. İmtina onunla əsaslandırılıb ki, Yol hərəkəti haqqında AR qanununun 52-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Səlahiyyətli orqanın bu cavabı absurd, qanunsuz və qərəzli olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Aşağıdakılara əsasən BNA ******* saylı 01 Noyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilərək həmin qərar elektron sistemdən silinməlidir. 2019-cu ildə qüvvədə olmuş AR İnzibati Xətalar Məcəlləsinin Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İnzibati cərimənin icrası ilə bağlı 5 (beş) illik müddəti özündə ehtiva edən 146.1- 1 ci maddə isə 23 Fevral 2021-ci il tarixli qanunla məcəlləyə əlavə edilib. Həmin qanun isə 14 aprel 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilib. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Göründüyü kimi 23 fevral 2021-ci il tarixədək aşağıda göstərilən bütün inzibati xəta haqqında protokol və qərarların icrasına birmənalı və qəti şəkildə xitam verilərək elektron kabinetindən götürülməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 3-27-103/2-1415/25 saylı 03 fevral 2025-ci il tarixli məktubuna səhvən qoşma etdiyi məktubda (vətəndaş Dərya Vəliyevə) qeyd edib ki, vətəndaşın 2019-cu il tarixli qərarlarının icrasına AR İXM-nin 146.1-1-ci maddəsinə əsasən xitam verilib. Bu hal da mənə qarşı birmənalı qərəzin bariz nümunəsidir. Odur ki, ərizəsinin təmin edilərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, 01 noyabr 2019-cu il tarixli qərarın İXM-nin 146.1-1 maddəsinə əsasən icrasına xitam verilməsi barədə qərar çıxarılmasını və icra edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, ərizəçi və inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 01 noyabr 2019-cu il tarixli qərardan görünür ki, X2 tərəfindən xx.xx.2019-cu il tarixdə saat 16:49 radələrində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. 146.1-1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, X2 inzibati xətanı xx.xx.2019-cu il tarixdə törətmiş olduğu halda onun barəsində inzibati xəta haqqında qərarın qəbul edilməsindən 05 ildən çox müddət keçmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 barəsində Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 01 noyabr 2019-cu il tarixli qərarın icrasına xitam verilməlisi barədə ərizə təmin edilməli, qeyd olunan qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 145-146, 109, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. X2 barəsində Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 01 noyabr 2019-cu il tarixli qərar qərarın icrasına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.3 maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar