Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1341/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə müəyyən e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 mart 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin baş inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 30 mart 2020-ci il tarixdə saat 23:00 radələrində “KİA RİO” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili digər nəqliyyat vasitələrinin sürücülərinin üzərinə doğru sürərək yol ayrıcı keçmə ardıcıllığını pozmuş, saxla işarəsindən yayınaraq digər yolayrıcıların birində başqa avtomobilə dəyərək idarəetməni itirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili idarə etmə hüququ olmadan və sərxoş halda idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək verdiyi izahatında bildirmişdir ki, avtomobili ilə hərəkətdə olarkən, tələsdiyi üçün hərəkətdə olan başqa avtomobilə yol verməli olduğu halda yol verməmiş və onunla toqquşmuşdur. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1, 53.1.6-ci maddələrinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hazırki iş üzrə inzibati xətanın 30.03.2020-ci il tarixdə aşkar edildiyini və həmin vaxtdan 1 ildən çox müddət keçdiyini nəzərə alaraq Şəxs İXP seriyalı ******* nömrəli 30.03.2020ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, Şəxs İXP seriyalı ******* nömrəli 30.03.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsi tətbiq edilməklə, İXP seriyalı ******* nömrəli 30.03.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1341/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1341/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver