Məhkəmə qərarları › İş №3(004)-1345/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1345/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1345/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikasının DİN BDYPİ tərəfindən qəbul edilmiş 19 fevral 2024-cü il tarixli EQ seriyalı 19543054 nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının DİN BDYPİ tərəfindən qəbul edilmiş 19 fevral 2024-cü il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 fevral 2024-cü il tarixdə saat 15 radələrində mülkiyyətində olan "Hundai Sonata" markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, "Elmlər Akademiyası" ərazisinə girişi olan yol kəsişməsindən sonra, dayanma-durmanı qadağan edən nişan olmayan hissədə avtomobilini saxlamışdır. Elə həmin gün qeyd edilən yerdə avtomobilini saxladığına görə mobil telefonuna İXM-nin 346.1-ci maddəsi ilə cərimə edilməyi barədə EQ 19543054 saylı, 19 fevral 2024-cü il tarixli inzibati xəta protokol əsasında eyni tarixli cərimə qərarın qüvvəyə minməsi barədə məlumat daxil olmuş və fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdə avtomobilin dayanma-durmasını qadağan edən (X7 Qanunun İİİ hissəsində olan "Qadağan nişanları" bölməsinin 3.27 və ya 3.28) nişanların təsiri altında olduğu görünmür, yəni ümumiyyətlə yolun həmin hissəsindən qarşıdakı yolayrıcınadək dayanmadurmanı qadağan edən nişanlardan hər hansı biri mövcud deyildir və mən buna əmin olub həmin hissənin yol kənarında lazımi qaydada avtomobilini saxlamışdır. Belə olan halda İXM-nin 346.1-ci maddəsi ilə ona Qanunsuz elektron qaydada cərimə tətbiq edilmişdir. "X7" Qanunun 52-ci maddəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Ona görə də, avtomobili ilə hər hansı inzibati xəta törətmədiyindən DİN BDYPİ tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə barəmdə EQ 19543054 saylı, 19 fevral 2024-cü il tarixli inzibati protokol əsasında tərtib edilmiş eyni tarixli elektron qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN BDYPİ-yə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə DİN BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikasının DİN BDYPİ tərəfindən qəbul edilmiş 19 fevral 2024-cü il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş 19 fevral 2024-cü il tarixli EQ seriyalı 19543054 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, sürücü N.V.Maqsudov xx.xx.2024-cü il tarixdə, saat 16.03-də idarə etdiyi “Hyundaı Sonata minik” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu H.Cavid küçəsində dayanma və ya durma qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan diskdəki foto şəkillərdən və videogörüntüdən görünür ki, N.V.Maqsudov “Hyundaı Sonata minik” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qadağanedici işarə olmayan yol kənarında saxlamışdır. İş materiallarında olan 1 ədəd DV diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, N.V.Maqsudov xx.xx.2024-cü il tarixdə Hyundaı Sonata minik” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxladığı eyni yerdə, yəni Bakı şəhəri Yasamal rayonu H.Cavid küçəsində yerləşən Elmlər Akademiyasının qarşısında yolun kənarında saxlayaraq həmin ərazinin video çəkilişini aparmışdır. Diskdə olan videodan müəyyən edilmişdir ki, həmin yolda 1.4 nişanlama xətti (sarı zolaq) mövcud olsa da 3.27 qadağa nişanı (dayanmaq olmaz) mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, X7 Qanunun 52-ci maddəsinin İV hissəsinin 10-cu bəndinə görə 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Foto şəkildən, o cümlədən CD diskdə olan video görüntüdən də göründüyü kimi nəqliyyat vasitəsi 1.4 nişanlanma xətti olan yolu kənarında dayanmışdır. Yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi 1.4 nişanlanma xətti olan yol kənarında nəqliyyat vasitəsi yalnız 3.27 qadağa nişanı mövcud olduqda dayana bilməz. Belə ki, X7 Qanunun 52-ci maddəsinə görə: İ. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. İİ. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. İİİ. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. İV. Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. İV-İ. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin özözünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır. Vİ. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə 2) yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında; 6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında Vİİ. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. Vİİİ. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. İX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 19543054 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli; xx.xx.2024-cü il tarixli EQ seriyalı 19543054 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 20 manat inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 19543054 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli EQ seriyalı 19543054 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 20 manat inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar