Məhkəmə qərarları › İş №3(004)-1345/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1345/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1345/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Mirsəttar oğlu Seyidovun sədrliyi, X4 iclas katibliyi ilə X1 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) BNA ******* saylı, 02 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, icraata xitam verilməsi və həmin qərarın elektron sistemdən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 həmçinin Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) BNA ******* saylı, 02 iyun 2020-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəfindən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ******* saylı 02 İyun 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə (qərarın icrasına) AR İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə uyğun olaraq icraata xitam verilərək həmin qərarın elektron sistemdən çıxarılması barədə qərar qəbul edilməsinə dair ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin 3-27-103/2-1415/25 saylı 03 fevral 2025- ci il tarixli imtinanı rəsmi qaydada 14 fevral 2025-ci il tarixdə qəbul etmişdir. Qeyd edilən halı həmin qurum tərəfindən göndərilən xəbərnaməyə imza atmaqla qeyd etmişdir. Düşünür ki, inzibati xəta haqqında qərar 02 İyun 2020-ci il tarixli olmasına baxmayaraq AR İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində qeyd edilmiş müddətlər həmin vaxtdan hesablana bilməz. Çünki hazırki ərizəsi sırf AR İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə uyğun olaraq tərtib edilib və müddət məhz 14 fevral 2025-ci il tarixdən (AYNA-nın imtinasını rəsmi qaydada aldığım vaxtdan) hesablanmalıdır. Hər bir halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57, 130 və 146.1-1-ci maddələrini rəhbər tutub ötürülmüş müddət olsa belə həmin müddətin üzrlü hesab edilərək bərpa edilməsini və ərizəsinə baxaraq qanuni və ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi uzun müddət bundan əvvəl, şikayət verildiyi tarixdən 04 il 09 ay əvvəl, yəni 05 ilə yaxın müddətə qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması qaçılmazdır. Həmçinin barəsində inzibati xəta haqqında tənbeh edilməsi barədə qərar qəbul edilmiş şəxs həmin qərarı şikayət verildiyi tarixdən 10 gün qabaq əldə edilməsi barədə hər hansı bir sübut da əlavə etməmişdir. Bundan başqa, şikayətçi hazırki ərizəsinin AR İnzibati Xətalar Məcəlləsinin 146.1-1ci maddəsinə uyğun olaraq tərtib edildiyini və müddətin məhz 14 fevral 2025-ci il tarixdən (AYNA-nın imtinasını rəsmi qaydada aldığı vaxtdan) hesablanmalı olduğunu bildirsə də, məhkəmə həmin dəlilə münasibətdə qeyd edir ki, əvvəla mübahisələndirilən qərar 02 iyun 2020-ci il tarixdə qəbul edilmişdir. AR İXM-nin 146.1-1-ci maddəsinə əsasən isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Göründüyü kimi şikayətçinin vəsatətdə qeyd etdiyi hallar AR İXM-nin 146.1-1-ci maddəsində göstərilən 05 illik müddətə uyğun gəlmir. Həmçinin şikayətçi tərəfindən müddətin ötürülmə səbəblərinin üzrlülüyü barədə də vəsatətdə əsaslandırma aparılmamış və sübutlar əlavə edilməmişdir. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası barədə vəsatətdə göstərilmiş əsaslar üzürlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə və ya səbəbin ağlabadanlığına münasibətdə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Odur ki, Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) BNA ******* saylı, 02 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X5 tərəfindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) BNA ******* saylı, 02 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X5 tərəfindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət rədd edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar