Məhkəmə qərarları › İş №3(004)-1349/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1349/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1349/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəmkir rayonu, Dəllər-Cəyir ərazi dairəsi, Dəllər- Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2021-ci il tarixdə təxminən saat 15 radələrində ünvan 1 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlədib səs-küy salmış və bununla da ictimai qaydanı pozmuşdur. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X11 protokolu müdafiə edərək bildirmişdir ki, 03 iyun 2021-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri ünvan 2 ünvanında küçə ticarəti ilə məşğul olan Şəxs onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz küçə ticarəti ilə məşğul olmasını davam etdirdiyini, eləcə də, küçədə onların ünvanına nalayiq ifadələr işlədərək səs-küy yaradıb ətrafdan keçən sakinlərin narahatlığına səbəb olmaqla ictimai qaydanı pozmasını bildirmişdir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs polis işçilərinin qanuni tələblərinə tabe olmayaraq onları təhdid etmək məqsədi ilə üzərində olan ülgüc vasitəsi ilə özünə xəsarət yetirmişdir. Şəxs aldığı xəsarətlə bağlı TTYS-yə məlumat verilərək tibbi yardım göstərilmiş və o, ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Şəxs tibbi müayinədən keçirilmiş və hadisəni törədən vaxt onun sərxoş vəziyyətində olması aşkar edilmişdir. Göstərilənlərə əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolun Şəxs təqdim edilməsinə baxmayaraq, o, protokolu imzalamaqdan imtina etmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X11 göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayonunda yaşayır, himayəsində xəstə və azyaşlı qızı vardır. Ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün Şəmkir rayonundan ərzaq məhsulları gətirərək Bakı şəhərində yol kənarlarında satmaqla məşğul olur. Sonuncu dəfə isə üzüm yarpaqları gətirərək Yasamal rayonu, Şərifzadə küçəsində yol kənarında satmaq məqsədi ilə dayanmışdır. Həmin vaxt ona əvvəllər tanımadığı ƏÇPA-nın polis nəfərləri yaxınlaşaraq küçə ticarətinə icazə verilmədiyini və buna görə də həmin ərazini tərk etməsini tələb etmişlər. Lakin, o, bazarda məhsul satmaq üçün piştaxtası olmadığından və qızına təcili pul göndərməli olduğundan satışı dayandırmaq barədə göstərişə etiraz etmişdir. Polis nəfərləri isə onu polis şöbəsinə aparmaq və tutmaqla təhdid etmişlər, həmçinin, ona fiziki güc tətbiq edərək döymüşlər. Buna görə də, o, əvvəllər məhkum olunması ilə əlaqədar yenidən həbs olunmaqdan qorxduğundan üzərində olan ülgüclə özünə xəsarət yetirməyə başlamışdır. Bu vaxt, hadisə yerinə gələn polis nəfərləri hamısı birlikdə onun üzərinə gələrək güc tətbiq etməklə ülgücü onun əlindən alıb TTYS-yə məlumat vermişlər. Hadisə yerinə gələn TTYS əməkdaşları tərəfindən ona müvafiq tibbi yardım göstərildikdən sonra saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Şəxs əlavə olaraq bildirmişdir ki, o, polis işçilərinin ünvanına nalayiq ifadələr işlətməmiş, bunun əksinə olaraq, ona küçə ticarəti ilə məşğul olmasına icazə verilməsini polis işçilərindən xahiş etmiş, polis işçiləri isə onu təhdid etdiyinə görə məcbur qalıb özünə xəsarət yetirmişdir. Beləliklə, Şəxs özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməyərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 çıxışında Şəxs izahatında göstərilən xüsusatlar nəzərə alınmaqla onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 6-cı PB-nin polis nəfəri X8 izahatında göstərmişdir ki, 03 iyun 2021-ci il tarixdə saat 15 radələrində iş yoldaşı X9 ilə təhkim olunduqları inzibati ərazidə xidmət apararkən Şərifzadə 148 ünvanında bir nəfər şəxsin yol kənarında piştaxta qoyaraq üzüm yarpağı satmasının şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və qanunvericiliyə görə küçə ticarətinin qadağan edilməsi barədə məlumat verərək həmin ərazini tərk etməsini tələb etmişlər. Buna baxmayaraq, şəxsiyyəti sonradan məlum olan Şəxs onların qanuni tələbinə tabe olmaqdan imtina edərək səs-küy salmağa başlamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ətrafa kənar şəxslər toplaşmış, onlar Şəxs sakitliyə riayət etməsini tələb etsələr də, o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs şəxsiyyətinin müəyyənləşdirilməsi və barəsində qanuni tədbir görülməsi üçün onlarla birlikdə polis şöbəsinə getməsini təklif etdikdə o, bundan imtina etmişdir. Buna görə də, onlar köməyə ərazidə olan AP24/64 çağırışlı avtopatrulla xidmət aparan əməkdaşları dəvət etmişlər. Şəxs bundan sonra daha da aqressivləşərək üzərindəki ülgücü çıxarıb özünə xəsarət yetirməyə başlamışdır. Bu vaxt onlar hadisə yerinə yaxınlaşan avtopatruldakı polis nəfərlərinin köməyi ilə onu zərərsizləşdirib əlindəki ülgücü almışlar. Daha sonra isə TTYSyə məlumat verilmiş, Şəxs tibbi yardım göstərilmiş və o, saxlanılaraq Yasamal RPİ-nin 29cu PŞ-yə gətirilmişdir. Hadisə ilə bağlı Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə raportla müraciət edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdiyi xüsusatları təkzib edərək əlavə olaraq bildirmişdir ki, nə onun, nə də digər polis işçiləri tərəfindən Şəxs qarşı hər hansı bir təzyiq göstərilməmiş və fiziki güc tətbiq edilməmişdir. Yalnız, sonuncu özünə xəsarət yetirməyə başladığı an onu zərərsizləşdirmək və ülgücü əlindən almaq məqsədi ilə ona fiziki güc tətbiq etmişlər. X8 bildirmişdir ki, Şəxs izahatında göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 eyni məzmunlu izahat verərək X3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 6-cı PB-nin polis nəfəri X12 izahatında göstərmişdir ki, 03 iyun 2021-ci il tarixdə iş yoldaşları Elnur Quliyev və Abbas Həsənzadə ilə birlikdə avtopatrulla xidmət apararkən Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında bir nəfər şəxsin ictimai qaydanı pozmasına dair məlumat daxil olduğundan dərhal hadisə yerinə getmişlər. Oraya çatdıqda əvvəllər tanımadığı bir nəfər şəxsin əlində ülgüclə özünə xəsarət yetirdiyini və yüksək səslə nalayiq ifadələr işlətməsini görmüşdür. O, cəld avtopatruldan enib həmin şəxsə yaxınlaşmış, onu zərərsizləşdirmək məqsədi ilə arxadan qolunu burub yerə yıxmış və əlindəki ülgücü almışdır. O, şəxsən Şəxs avtopatrula əyləşdirib su vermiş, hətta, ilkin tibbi yardım göstərmək üçün ülgüclə kəsdiyi qoluna sarğı vurmuşdur. Daha sonra hadisə yerinə gələn TTYS-nin işçiləri tərəfindən həmin şəxsə müvafiq tibbi yardım göstərilmiş, bundan sonra şəxs Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilərək raportla şöbəyə təhvil verilmişdir. Şöbədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdiyi xüsusatları təkzib edərək əlavə olaraq bildirmişdir ki, nə onun, nə də digər polis işçiləri tərəfindən sonuncuya qarşı hər hansı bir təzyiq göstərilməmişdir. Yalnız o, Şəxs özünə xəsarət yetirməsini görüb həmin an onu zərərsizləşdirmək və ülgücü əlindən almaq məqsədi ilə yerə yıxıb fiziki güc tətbiq etmişdir. X12 bildirmişdir ki, Şəxs izahatında göstərdiyi xüsusatlar reallığı əks etdirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid X13 eyni məzmunlu izahat verərək şahid X6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi X10 izahatında göstərmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanı onun təhkim edildiyi xidməti ərazisinə daxildir. O, Şəxs əvvəllər də həmin ərazidə küçə ticarəti ilə məşğul olmasını görüb ona dəfələrlə məsuliyyətlə bağlı xəbərdarlıq etmiş və hətta onun barəsində küçə ticarəti ilə məşğul olması ilə bağlı inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bütün bunlara baxmayaraq, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək qeyd olunan ərazidə küçə ticarəti ilə məşğul olmuşdur. Lakin, sonuncu hadisənin şahidi olmamışdır. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan ƏÇPA-nın 6-cı patrul bölüyünün polis nəfərləri Şəhriyar Əzizov və Tural Şəmmədli tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli raportdan görünür ki, 03 iyun 2021-ci il tarixdə saat 15 radələrində bir nəfər şəxs qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün polis nəfərləri ona yaxınlaşmış, özlərini təqdim edərək ondan bu fəaliyyətinə son qoymasını tələb etmişlər. Həmin şəxs isə onların qanuni tələblərinə riayət etməyərək onların ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra isə üzərində saxladığı kəsici alət (ülgüc) vasitəsi ilə özünə xəsarət yetirməyə başladığı üçün hadisə yerinə AP24/64 çağırışlı avtopatrul dəvət edilmiş və şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri E.Zeynalov, E.Quliyev və A.Həsənzadə tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, ƏÇPA-nın 6-cı PBnin polis nəfərləri məlumat qəbul edərək İnşaatçılar metrosu yaxınlığına getdikdə yolun əks tərəfində bir nəfər şəxsin əlində ülgüclə özünə xəsarət yetirməsini gördükdə ona yaxınlaşıb kömək etmək istədikdə şəxs onlara məhəl qoymayaraq əməlini davam etdirmiş, onların və digər polis işçilərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin şəxs zərərsizləşdirilərək ona ilkin tibbi yardım göstərildikdən sonra AP24/64 çağırışlı avtopatrulla Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmiş və orada onun Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisi Kamran Cavadov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli aktdan görünür ki, 03 iyun 2021ci il tarixdə ƏÇPA-nın 6-cı PB-nin 24/66 çağırışlı avtopatrulu tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanından PŞ-yə gətirilmiş 1989-cu il təvəllüdlü Şəxs polis şöbəsinə daxil olarkən sol qolun kəsilmiş yarası və alın nayihəsinin sol tərəfinin sıyrılmış yarası xəsarətləri aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 03 iyun 2021-ci il tarixli 2/7261 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2021-ci il tarixdə saat 16:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin, Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məhkəmə Şəxs hazırki inzibati xətanı sərxoş vəziyyətində törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə X4 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-də olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 511.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 03 iyun 2021-ci il tarixdən saat 16:05dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil X4 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar