Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1349/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə X1 Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına AR İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə uyğun olaraq xitam verilməsi barədə verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına AR İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə uyğun olaraq xitam verilməsi və həmin qərarın elektron sistemdən çıxarılması barədə qərar çıxarılması və icra edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməsi ilə bağlı ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 15 may 2019-cu ildən 22 avqust 2021-ci ilədək ləğv edilmiş Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən barəsində (Sürücülük vəsiqəsi-AC573220 Toyota Rav-4 markalı 99SE707 qeydiyyat nişanlı avtomobil) inzibati xəta haqqında protokollar tərtib edilib. Hazırda həmin protokollar onun elektron kabinetində görsənir və avtomobili özgəninkiləşdirən və yaxud texniki baxışdan keçirən zaman həmin pul ondan tələb edilir. Hazırda mübahisələndirdiyi qərar BNA ******* saylı 10 fevral 2020-ci il tarixlidir və buna görə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib. Bakı Nəqliyyat Agentliyi ləğv edildiyindən hazırda həmin qurumun səlahiyyətlərini icra edən və elektron sistemdə əvvəl BNA kimi qeyd edilmiş hazırda isə AYNA olaraq görünən elektron sistemdən çıxarılmasına dair müraciətlə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə inzibati xəta haqqında protokolların və qərarların ləğv edilməsinə dair 19 yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Həmin qurumun 3-27-103/2-1415/25 saylı 03 fevral 2025-ci il tarixli məktubu əsasında müraciətinin icrasından imtina edilib. İmtinanı rəsmi qaydada 14 fevral 2025-ci il tarixdə qəbul etmişdir, imtina onunla əsaslandırılıb ki, Yol hərəkəti haqqında AR qanununun 52-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Səlahiyyətli orqanın bu cavabı absurd, qanunsuz və qərəzli olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Aşağıdakılara əsasən BNA ******* saylı 10 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilərək həmin qərar elektron sistemdən silinməlidir. 2019-cu ildə qüvvədə olmuş AR İnzibati Xətalar Məcəlləsinin Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İnzibati cərimənin icrası ilə bağlı 5 (beş) illik müddəti özündə ehtiva edən 146.1-1-ci maddə isə 23 Fevral 2021-ci il tarixli qanunla məcəlləyə əlavə edilib. Həmin qanun isə 14 aprel 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilib. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Göründüyü kimi 23 fevral 2021-ci il tarixədək aşağıda göstərilən bütün inzibati xəta haqqında protokol və qərarların icrasına birmənalı və qəti şəkildə xitam verilərək elektron kabinetindən götürülməlidir. Eyni zamanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 3-27-103/2-1415/25 saylı 03 fevral 2025-ci il tarixli məktubuna səhfən qoşma etdiyi məktubda (vətəndaş Dərya Vəliyevə) qeyd edib ki, vətəndaşın 2019-cu il tarixli qərarlarının icrasına AR İXM-nin 146.1-1-ci maddəsinə əsasən xitam verilib. Bu hal da ona qarşı birmənalı qərəzin bariz nümunəsidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərim daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə uyğun olaraq, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə müvafiq olaraq, inzibati xətalar haqqında iş üzrə inzibati xəta hadisəsinin mövcudluğu, (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. 114.2.1-ci maddəsinə əsasən, həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. 135.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın gəldiyi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, hakimin, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olacaq dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-113, 114, 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ******* saylı 10 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə (qərarın icrasına) AR İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə uyğun olaraq icraata xitam verilərək həmin qərarın elektron sistemdən çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 10 fevral 2020-ci il tarixli qərardan görünür ki, X5 tərəfindən xx.xx.2020-ci il tarixdə saat 13:54:58-də Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Müraciətə baxılmasının nəticəsi haqqında” 03 fevral 2025-ci il tarixli, 3-27-103/2-1415/25 saylı məktubundan görünür ki, “sizin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığınız, barənizdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli müraciətinizə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Aparılmış araşdırma nəticəsində mərkəzi informasiya sistemində **-SE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə 2019-2021-ci illər ərzində Bakı şəhərinin inzibati ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğunuza görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346.1 və 346.2-ci maddələrinə əsasən barənizdə 13 ədəd inzibati tənbeh vermə haqqında qərarların tərtib edildiyi müəyyən olunmuşdur. Həmçinin tərəfinizdən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələblərinə əməl edilməməsi inzibati xəta haqqında işə dair əlavə olunan materiallarda öz əksini tapmışdır. Bildiririk ki, Məcəllənin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Beləliklə, müraciətinizdə qeyd etdiyiniz məsələlər öz əksini tapmadığına görə sözügedən inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi məqsədəmüvafiq hesab olunmur. Qeyd etmək istərdik ki, Məcəllənin 126.1-ci maddəsinin tələbinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (İyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüququna malikdir” məzmunda müraciətə cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. 146.1-1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, X3 inzibati xətanı xx.xx.2020-ci il tarixdə törətmiş olduğu halda onun barəsində inzibati xəta haqqında qərarın qəbul edilməsindən 05 ildən çox müddət keçmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 barəsində Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına AR İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə uyğun olaraq xitam verilməsi barədə ərizə təmin edilməli, qeyd olunan qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 145-146, 109, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.3-cü maddəsinə əsasən xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-1349/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1349/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver