Məhkəmə qərarları › İş №3(004)-1363/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1363/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1363/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi - Yasamal rayon prokurorunun köməkçisi Elvin Kazımovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban 25-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, M. Müşviq küçəsi, Bina 1 M, Mənzil 88-də yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən daxil olmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə qonşusu X4 döymüşdür. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi - Yasamal rayon prokurorunun köməkçisi Elvin Kazımov bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X8 ilə qonşusu Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu mübahisə zamanı sonuncu vətəndaş X5 qəsdən sağ almacıq nahiyəsinin qançırı və sıyrıqları, sağ təpə nahiyəsinin şişkinlik halında əziyindən ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bu xüsusat məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cu il tarixli 1140 nömrəli müvafiq rəyi, vətəndaş X3 ərizə-izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X8 onun qonşusudur. Sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əvvəlcə X8 onu və arvadı Ş.Naminini vuraraq xəsarətlər yetirmiş, o da bunu görüb özünü qorumaq məqsədilə X5 müqavimət göstərmişdir. Mübahisə bir neçə dəqiqə davam etmişdir. Eyni zamanda bildirmişdir ki, o 2015-ci ildən Daxili İşlər orqanlarında, 2021-ci ildən isə Xətai RPİ-nin 37-ci PŞ-də növbətçi hissənin sürücüsü vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. Əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində xidməti qaydada araşdırma aparılmış və ona xx.xx.2023-cü il tarixdə “şiddətli töhmət” elan edilmişdir. Göstərilənlər nəzərə alaraq barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 1140 saylı ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarət-sağ almacıq nahiyəsinin qançırı və sıyrıqları, sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi küt əşyanın (əşaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il il tarixdə əmələ gələ bilərdi, saglamlıga zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Bakı şəhəri Yasamal rayon prokuroru, Baş ədliyyə müşaviri, X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri, X1 xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar