Məhkəmə qərarları › İş №3(004)-1364/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1364/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1364/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə1 Oqtay oğlu, X4 və X1 iştirakları ilə, Hüquqi ünvanı ünvan 1pambıq ASK” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şahid "xxxx" MMC tərəfindən əmək müqaviləsi əsasında əlaqələndirici (ərazi nümayəndəsi vəzifəsinə qəbul olunmuş, onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Eyni zamanda Şahid xx.xx.2023cü il tarixindən etibarən müəssisənin fəaliyyət istiqamətinə aid olan eyni vəzifəyə (ərazi nümayəndəsi) xidməti müqavilə əsasında cəlb olunmuşdur. Bununla da həmin hüquqi şəxs, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 bildirdi ki, Şahid "xxxx" MMC ilə əvvəllər əmək müqaviləsi olub, əmək müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanıb. xx.xx.2023-cü il tarixində də əmək müqaviləsinə öz arzusu ilə xitam verilib, bununla bağlı onların problemləri yoxdur. Lakin sonradan həmin işi həmin şəxsə xidmət müqaviləsi ilə gördürüblər. Yəni şəxs əlaqələndiricidir, ərazi nümayəndəsi, vəzifəsinin adı elə olub. Əvvəllər əmək müqaviləsi olduğu vaxt da şəxsə məzuniyyət, əmək haqqı verilib, yəni hər şey göstərir ki, əmək münasibətidir. Daha sonra həmin əmək münasibətini "xxxx" MMC mülki hüquq münasibəti ilə rəsmiləşdirib, bu da 7-ci maddənin tələblərinə ziddir, əmək müqaviləsi mülki hüquq müqaviləsi ilə rəsmiləşdirilə bilməz. Bir şəxs bir işi görür, şirkətlə şəxs arasında əmək müqaviləsi var, eyni əmək funksiyasıdır, bununla bağlı əmək münasibəti hesab olunduğuna görə əmək müqaviləsi bağlanır, 7-ci maddə deyir ki, əgər əmək haqqı və məzuniyyət verirsənsə, bu əmək münasibəti hesab olunur və əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir, xx.xx.2023-cü il tarixində də əmək müqaviləsinə öz arzusu ilə xitam verildikdən sonra həmin münasibət əmək münasibəti olmasına baxmayaraq götürüblər xx.xx.2023-cü il tarixindən mülki müqavilə ilə-xidmət müqaviləsi ilə həmin münasibəti rəsmiləşdiriblər, amma şəxs yenə də həmin işi görür, onlar da hesab edirlər ki, burda əmək münasibəti davam edirdi və əmək müqaviləsi qüvvədə qalmalı idi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə protokol tərtib edilir. Əgər şəxs əmək funksiyası yerinə yetirirsə və şəxslə bu vaxta kimi həmin əmək funksiyasını yerinə yetirdiyinə görə əmək müqaviləsi bağlanmışdırsa, eyni əmək funksiyası xidmət müqaviləsi ilə rəsmiləşdirilə bilməz, onda belə çıxır ki, heç nə qadağan etmirsə, bir işi görməyə bir nəfərlə əmək müqaviləsi də bağlamaq olar, xidmət müqaviləsi də bağlamaq olar. Eyni funksiyanın yerinə yetirildiyini vətəndaşın şikayəti əsasında müəyyən edilib. Xidmət müqaviləsi var, amma olmamalıdır. AR Konstitusiya Məhkəməsinin Plenum Qərarında da deyilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulan hallar varsa, bu əmək müqaviləsi bağlanması məcburiyyətini istisna etmir, yəni şəxs özü əmək müqaviləsi istəmirsə də. Burada Şahid başqa əlaqələndiricilər də olub, onlar özləri gəlib könüllü ərizə yazıb işdən çıxıblar, bundan sonra MMC fikirləşib ki, əmək müqaviləsi olmasın, xidmət müqaviləsi olsun. Odur ki, barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC -nin nümayəndəsi X2 bildirdi ki, AR İXM-nin 192.1-ci maddəsi ilə olan işlərin demək olar ki, hamısında əmək müqaviləsi olmur və onlar cərimələnirlər. Amma onlarda xidmət müqaviləsi var və şəxs özü könüllü bağlayıb. Onlar qaimələr və ödəniş tapşırıqları gətirmişdirlər. Xidmət müqaviləsinin sübutu onun qaimə vurması və VÖEN-ə bağlı hesabının olmasıdır. Əmək Məcəlləsi deyir ki, əmək müqaviləsi bağlamaq istəməyən şəxs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanuna görə işçinin vəzifəsini ya işəgötürən müəyyən edir ya da vahid sorğu tarif kitabçasına əsasən müəyyən olunur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 bildirdi ki, Şahid xidmət müqaviləsini özü hazırlamışdır, bu işin əmək müqaviləsinə aidiyyatı yoxdur. İndi isə 09:00-18:00 iş rejimi ilə əlaqəsi yoxdur. Şəxsin 2016-cı ildən açdığı VÖEN-i var, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, buna görə onlar da qərara gəlmişdirlər ki, sadəcə onlara hektar gətirsin, çünki 09:00-18:00 iş rejiminə ehtiyac yoxdur. Əvvəllər şəxs filialda otururdu və 6 günlük iş rejimində idi. İndi vasitəçi rolunu yerinə yetirdiyindən əmək müqaviləsinə ehtiyac yoxdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 Oqtay oğlu bildirdi ki, "xxxx" MMC-nin təqsirli olmasını qəbul etmirlər, çünki təqsirin nədə olduğunu izah edə bilməmişdirlər. 7-ci maddə üzrə hansı pozuntuya yol verilib ki, onlar hesab edib ki, onlarda sırf əmək münasibətləridir, mülki münasibətləri deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Şəxsin müraciəti əmək haqqının ödənilməsi ilə bağlıdır, kənar bir müraciətdir, qeyd olunanla bağlı deyil. Xidmət müqaviləsi üzrə ödəniş oktyabr ayına kimi nəzərdə tutulub, şəxs də müqavilədə nəzərdə tutulmayan bir ayın ödənişini tələb edir, bu müraciət üzrə də heç bir fakt öz təsdiqini tapmayıb. Bizim inzibati araşdırma zamanı vəsatətimiz var idi, həmin müraciətimizin qeydə alınması ilə bağlı çıxarış tərəfimizdən təqdim olunub. Həmin vəsatətimizin nəticəsi barədə bizə heç bir məlumat verilməyib, İXM-nin 52-ci maddəsində nəzərdə tutulmuş qaydada vəsatət daxil olduğu andan dərhal ona baxılıb, inzibati araşdırma zamanı münasibət bildirilməli idi. Ancaq vəsatətin nəticəsi ilə bağlı hələ də heç bir məlumat yoxdur. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən Şahid əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmçinin iş materiallarında olan 01xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən "xxxx" MMC ilə Şahid arasında eyni vəzifə üzrə yenidən xidməti müqavilə bağlanmışdır. Bununla da Şahid "xxxx" MMC tərəfindən əmək müqaviləsi əsasında əlaqələndirici (ərazi nümayəndəsi vəzifəsinə qəbul olunmuş, onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Eyni zamanda Şahid xx.xx.2023-cü il tarixindən etibarən müəssisənin fəaliyyət istiqamətinə aid olan eyni vəzifəyə (ərazi nümayəndəsi) xidməti müqavilə əsasında cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2- 3-cü və 2-4-cü hissələr əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İXM-nin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülki-hüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlərinin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Məhkəmə, hazırda tərəflər arasında münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək münasibətlərin mülki deyil, əmək münasibətlərinə aid olduğunu müəyyən edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şahid əvvəllər "xxxx" MMC-də əmək müqaviləsi üzrə əlaqələndirici (ərazi nümayəndəsi) vəzifəsində çalışmış, sonradan əmək müqaviləsinə xitam verilərək şirkətlə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsi ilə görülən işlər əvvəllər əmək müqaviləsi üzrə görülən işlərlə eynilik təşkil edir. Ona görə də "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən "xxxx" MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar