Məhkəmə qərarları › İş №3(004)-1369/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1369/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1369/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 barəsində tərtib edilmiş müxtəlif inzibati xəta haqqında protokollardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirilərək, məhkəmə MÜƏYYƏN ETDİ : X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, müxtəlif tarixlərdə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində müxtəlif inzibati orqanlar tərəfindən tərtib edilmiş 08.04.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli, 13.04.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli və 15.04.2020-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokolların ləğv edilməsini və hər 3 inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi və ona əlavə edilmiş materiallar işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirilərkən müəyyən edilir ki, X4 müxtəlif vaxtlarda, yəni, 08 aprel 2020-ci il, 13 aprel 2020-ci il və 15 aprel 2020-ci il tarixlərdə ölkə ərazisində həmin vaxt qüvvədə olan xüsusi karantin rejimi qaydalarını pozmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 08 aprel 2020-ci il tarixli TP seriyalı ******* nömrəli, Xətai RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 13 aprel 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli və Daxili İşlər Nazirliyi BDYPİ-nin Vİİ tağım Baş Yol Patrul Xidməti inspektoru tərəfindən qəbul edilmiş 15 aprel 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, həmin qərarlar qeyd olunan protokollar əsasında qəbul edilmişdir. Lakin, şikayət ərizəsinin nəticə hissəsindən göründüyü kimi, məhkəmədən qəbul edilmiş qərarların deyil, protokolların ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırda şikayətçi inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, üç müxtəlif vaxtlarda və yerlərdə törədilmiş inzibati xətalara görə Ə.Q.Məmmədovun barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Belə ki, həmin qərarlardan görünür ki, Ə.Q.Məmmədovun 08 aprel 2020-ci il tarixdə yol verdiyi inzibati xəta Zabrat dairəsində, 13 aprel 2020-ci il tarixdə yol verdiyi xəta Bakı şəhəri Heydər Əliyev prospektində, 15 aprel 2020-ci il tarixdə yol verdiyi xəta isə M.Hadi küçəsində törədilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərardan şikayətə xətanın törədildiyi yer üzrə və ya şəxsin vəsatətinə əsasən onun yaşayış yeri üzrə məhkəmədə baxıla bilər. İş materiallarından görünür ki, şikayətçi X4 ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Lakin, məhkəməyə Ə.Q.Məmmədov tərəfindən onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatət daxil olmamışdır. Eyni zamanda, məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, fərqli vaxtlarda törədilmiş üç müxtəlif inzibati xətalara görə Ə.Q.Məmmədovun barəsində tərtib edilmiş protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında hər üç qərar 2020-ci ilin aprel ayında qəbul edilmiş, həmin qərarlardan şikayət isə məhkəməyə 07 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Həmin müddətdən isə, 1 ildən artıq vaxt keçmişdir. Lakin ərizəyə qərarların nə vaxt şikayətçiyə rəsmi qaydada təqdim edilməsinə dair sübut əlavə edilməmiş, ərizənin məzmununda isə hansı üzrlü səbəblərlə bağlı prosessual müddətin ötürülməsinə dair qeydiyyat aparılmamış, o cümlədən şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmçinin həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 08.04.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli, 13.04.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli və 15.04.2020-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokollardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər işə mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 08.04.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli, 13.04.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli və 15.04.2020-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokollardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçi X3 geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar