Məhkəmə qərarları › İş №3(004)-1387/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1387/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1387/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “X2” MMC tərəfindən ödənilməli olan ƏDV üzrə 3761.41 azn gömrük ödənişləri tamamilə ödənildiyindən vurulmuş ziyanın ödənildiyi nəzərə alınmış və bununla da **********5392 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların buraxılışa verilməsi üçün rəsmiləşdirmənin davam etdirilməsinə icazə verilmiş, **********5392 sorğu nömrəli gömrük bəyannaməsi yoxlama qrupuna göndərilərək mallara baxış keçirilmiş, baxış nəticəsində **********5392 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “dondurulmuş qovun piyi" adlı yükün brutto çəkisi 8660 kq, netto çəkisi 8124 kq olduğu müəyyən olunmuşdur. **********5392 sorğu nömrəli gömrük bəyannaməsinin 41-ci qrafasında qeyd olunan “XİFMN- dakı ölçü 166" nəzərə alınmaqla həmin bəyannamə ilə bəyan olunan “dondurulmuş qovun piyi” adlı yükün netto çəkisi 8124 kq bəyan olunduğu təqdirdə (artıq çıxan 234 kq netto çəkiyə münasibətdə) bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə “X2” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsinə 3-33-1100/013/003915 nömrəli xx.xx.2024-cü il tarixli raportla müraciət olunmuşdur. Həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/004091 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən **********5392 sorğu nömrəli gömrük bəyannaməsinin 41-ci qrafasında qeyd olunan “XİFMN-dakı ölçü 166’’ nəzərə alınmaqla həmin bəyannamə ilə bəyan olunan “dondurulmuş qovun piyi” adlı yükün netto çəkisi 8124 kq bəyan olunduğu təqdirdə (artıq çıxan 234 kq netto çəkiyə münasibətdə) bəyan olunduğu təqdirdə “X2” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği (sərhəd gömrük orqanı tərəfindən skan edilmiş elektron invovs sənədinə istinadən yükün statistik dəyərinin 1 kq üçün 4.84 ABŞ dolları nəzərə alınmaqla) ƏDV üzrə 346.56 azn təşkil edir. Belə ki, artıq çıxan 234 kq netto çəkiyə münasibətdə əlavə gömrük ödənişinin yarandığını, yəni gömrük ödənişlərinə təsirinin olması nəzərə alınaraq 3-33-1100/012/003095 nömrəli xx.xx.2024-cü il tarixli raport əsasında “dondurulmuş qoyun piyi” adlı yükün netto çəkisinin 1 kq-nın statistik dəyəri 4.84 ABŞ dolları olmaqla 234 kq-nın statistik dəyəri milli valyutaya münasibətdə 1925.35 manat təşkil edən 1132.56 ABŞ dollarıdır, Odur ki, “X2” MMC tərəfindən “dondurulmuş qovun piyi” adlı yükü (dəyəri 1925.35 manat təşkil edən 234 kq netto çəkiyə münasibətdə) gömrük orqanına düzgün bəyan edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ basa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «X1” MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi həddində, yəni 578 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar