Məhkəmə qərarları › İş №3(004)-139/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-139/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-139/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, «xxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, «xxxx» MMC 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditini aparmamaqla Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) inzibati xətanı törətmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin 2018-ci maliyyə ili üzrə 2019-cu ildə audit yoxlanılması aparılmışdır. Belə ki, Cəmiyyətin maliyyə hesabatları son səhmdar, “Nokia Corporation” (Nokia Corporation, Finlandiya) tərəfindən beynəlxalq səviyyədə hazırlanır və həmin hesabatlar Beynəlxalq Standartlara uyğun konsolidasiya edilmiş maliyyə hesabatlarının daxilində əks olunur. Həmçinin, sözügedən konsolidasiya edilmiş maliyyə hesabatları, Cəmiyyətin maliyyə hesabatları daxil olmaqla, beynəlxalq səviyyədə “PricewaterhouseCoopers Oy” (“PwC”, Finlandiya) şirkəti tərəfindən auditdən keçmişdir. Bununla yanaşı, sözügedən beynəlxalq hesabatı X5 elektron formatda məhkəməyə təqdim edərək 213-cü səhifədə qeyd olunan faktın öz təsdiqini tapdığını bildirmişdir. Göstərilənlərə əsasən X5 məhkəmədən Cəmiyyət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X4 barəsində protokol tərtib edilmiş «xxxx» MMC barəsində iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, o cümlədən cəmiyyətin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədləri tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «xxxx» MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş «xxxx» MMC tərəfindən 2018-ci il üzrə maliyyə hesabatının 2019-cu ildə beynəlxalq audit yoxlanılması aparılmış və auditor rəyi rəsmi elektron ünvanda dərc edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 1 olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış (VÖEN: **********) və maliyyə ili 01 yanvar-31 dekabr tarixlərinədək olan dövrü əhatə edir. Məhkəməyə təqdim edilmiş hesabatdan müəyyən edilir ki, «xxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixinə maliyyə vəziyyəti, məcmu gəlirləri, kapitalda dəyişikliklər, göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinə və s dair maliyyə hesabatlarının auditi aparılmışdır. Göründüyü kimi, «xxxx» MMC 2018-ci il üçün maliyyə hesabatının düzgünlüyünün yoxlanılması məqsədilə beynəlxalq standartlara cavab verən audit rəyi almışdır. Belə olan halda cəmiyyətin əməlində hər hansı bir inzibati xəta tərkibi mövcud deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, törədilməsi istinad edilən inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyətə cəlb etmə müddətlərini tənzimləyən ümumi norma 38-ci maddənin məzmununa görə maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə həmin xətanın törədildiyi gündən ən geci bir il keçənədək şəxs məsuliyyətə cəlb edilə bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən isə müəyyən edilir ki, «xxxx» MMC tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 464-cü maddə ilə nəzərdə tutulmuş xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti xx xxxxxx 2021-ci il tarixdə artıq başa çatmışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, 53.0.6-cı maddəyə əsasən isə Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, əməldə törədilməsi istinad edilən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibi olmadığından «xxxx» MMC barəsində iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53,105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxx» MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli protokol əsasında inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar