Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1394/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1ğorta” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 347-ci maddəsi ilə 05.03.2022-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Fiat FİORİNO minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. İş materiallarına həmin sorğunun hüquqi şəxsə çatdırılmasını təsdiq edən sənəd kimi 23.02.2022-ci il tarixli teleqramma əlavə edilmişdir. Teleqramma DYP-yə ünvanlanmışdır. Teleqrammada göstərilmişdir ki, sizin 21.02.2022 tarixli "xxxx" MMC ünvanladığınız SS773929382AZ saylı göndəriş, 23.02.2022 tarixdə saat 17:14-də təyinatı üzrə çatdırılmışdır. Aşağıdakı 2 əsasa görə hüquqi şəxsə sorğunun rəsmi qaydada çatdırılması təsdiq edilmir. 1) Protokol "xxxx" MMC barəsində tərtib edilmişdir, avtomobil həmin MMC-nin mülkiyyətindədir, sorğu həmin MMC-yə göndərilmişdir. Lakin teleqrammada yazılıb ki, "xxxx" MMCyə ünvanlanmış sorğu çatdırılmışdır. "xxxx" MMC başqa hüquqi şəxsdir, "xxxx" MMC başqa hüquqi şəxsdir. "xxxx" MMC-yə çatdırılmış sənədlə "xxxx" MMC məsuliyyətə cəlb edilə bilməz. 2) Aşağıdakılara əsasən iş materiallarındakı həmin teleqramma, hüquqi şəxsə göndərilən sorğunun poçt göndərişinin həmin hüquqi şəxsə rəsmi qaydada çatdırılmasını təsdiq edən sənəd kimi qəbul edilə bilmir. Belə ki, İXM-nin 123.1-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. İXM-nin 123.2-ci maddəsinə əsasən həmin hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar çıxarır. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 123.3-cü maddəsinə əsasən həmin Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Beləliklə də İXM-nin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsinə sorğu rəsmi qaydada çatdırılmalıdır. Sənədin, sorğunun, poçt göndərişinin rəsmi qaydada çatdırılması isə İXM-nin 57-ci maddəsi ilə aşağıdakı kimi tənzimlənir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-nin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Beləliklə İXM-nin 57.1-57.4-cü maddələri sənədin rəsmi qaydada çatdırılması məsələlərini ümumi qaydaları tənzimləyir. İXM-nin 57.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar 57.6.1-57.6.4-cü maddələrdə nəzərdə tutulmuş hallarda rəsmi qaydada verilmiş hesab olunur. Buna görə də İXM-nin 57.6-cı maddəsi İXM-nin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında tənbehvermə qərarlarının göndərilməsi və rəsmi qaydada çatdırılması qaydasını tənzimləyir. Lakin hazırkı iş üzrə hüquqi şəxsə inzibati xəta haqqında tənbeh qərarı göndərilmir, sorğu göndərilməlidir, buna görə də hazırkı iş üzrə sorğunun rəsmi qaydada çatdırılması qaydası İXM-nin 57.6-cı maddəsi ilə tənzimlənmir. Hazırkı iş üzrə hüquqi şəxsə göndərilən sorğunun (poçt göndərişinin) çatdırılması qaydası yalnız və yalnız İXM-nin yalnız 57.5-ci maddədə nəzərdə tutulmuş qaydada tənzimlənir. İXM-nin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Beləliklə, hazırkı iş üzrə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün, İXM-nin 123 və 347-ci maddələrində nəzərdə tutulan sorğunun 5 gün əvvəl həmin hüquqi şəxsə rəsmi qaydada çatdırılması yalnız və yalnız İXM-nin 57.1-57.4 və 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydalarla və həmin maddələrdə nəzərdə tutulmuş sübut növü ilə təsdiq olunmalıdır. İXM-nin 57.1-57.4 və 57.5-ci maddələrinə əsasən isə həmin sorğu Sifarişli poçt göndərişi vasitəsilə çatdırılmalı, həmin poçt göndərişinin çatdırılmasını təsdiq edən və səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, həmçinin hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməlidir. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Hüquqi şəxs inzibati xəta törətməsində təqsirli bilinirsə, onun təqsiri qanunla müəyyən olunmaş qaydada sübut olunmalıdır. Lakin hazırkı iş üzrə hüquqi şəxsə ünvanlanmış qeyd edilən sorğunun və ya sorğunun göndərildiyi poçt göndərişinin həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə verilməsini təsdiq edən və həmin vəzifəli şəxsin imza etdiyi hər hansı bir qəbz və ya kötüyünə imza edilmiş hər hansı bir sənəd mövcud deyildir, yəni sorğunun rəsmi qaydada çatdırılması qanunla müəyyən edilmiş qaydada sübut olunmur. İnzibati məsuliyyətə və inzibati xəta tərkibinin əlamətlərinə formal yanaşıldıqda və bu cür formal yanaşmaya qanuni haqq qazandırdıqda, inzibati tənbeh mümkündür. Lakin İXM-yə əsasən formal əsaslara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28.02.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan əlavə Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İXM-nin 57ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə qanunla nəzərdə tutulmuş formada rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Şəxsin təqsirli sayılması üçün sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1394/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1394/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver