Məhkəmə qərarları › İş №3(004)-1405/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1405/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1405/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) X1 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş sənədlər natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə material 10 vərəqdən ibarət olmuşdur: 01 vərəq müşayiət məktubu, 01 vərəq 02 nüsxə raport, 02 vərəq 02 nüsxə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, 01 vərəq sorğu, 01 vərəq məktub və 01 vərəq İXP seriyalı ******* nömrəli protokol. Məhkəmə əvvəla qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-in 100-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə (Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən imzalanmamış, onun xətaya dair münasibəti öyrənilməmiş, hüquq və vəzifələri ona izah edilməmiş, protokolun surəti ona təqdim edilməmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, inzibati xəta nəticəsində zərər çəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Lakin, inzibati xəta haqqında protokoldan törədilmiş inzibati xəta nəticəsində kimin zərər çəkməsini aydınlaşdırmaq mümkün olmamışdır. Belə ki, zərər çəkmiş şəxsin anket məlumatları inzibati xəta haqqında protokola qeyd edilməmişdir. Eyni zamanda, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin aldığı bədən xəsarətinin dərəcəsini əks etdirən ekspertiza rəyi, hadisə yerinə baxış protokolu və sxemi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sürücülük vəsiqəsi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddəyə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 09 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, ona əlavə edilmiş sənədlər natamam olduğundan və işin baxılmağa hazırlanması zamanı tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin DYPŞ-yə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 09 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar