Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-141/2023 11.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli qızının sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 15 aprel 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mitsubishi Pajero” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, “Mitsubishi Pajero” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili o, etibarnamə əsasında idarə edir. 03 noyabr 2022-ci il tarixdə saat 00:30 radələrində o, özünə məxsus olan avtobillə Yasamal rayonu ərazisində yerləşən “Asan” xidmətin qarşısından keçən zaman görmüşdür ki, ondan irəlidə tanışı İbrahim özünə məxsus olan “Chevrolet Cruze” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edir. Bundan sonra o, arxadan idarə etdiyi maşının işıqlarını yandırıb söndürərək İbrahimə işarə etmiş, İbrahim idarə etdiyi avtomobilin sürətini aszaltmış və o, özünə məxsus olan avtomobili İbrahimin idarə etdiyi avtomobilin yanına sürmüşdür. Ondan qısa müddət ərzində söhbət etdikdən sonra o, avtomobili İbrahimin idarə etdiyi avtomobilin arxası ilə sürmüşdür. O, idarə etdiyi avtomobili təxminən 50-60 km sürətlə hərəkət edərək Yasamal rayonu ərazisində yerləşən köhnə “Kaktus” restoranının qarşısında olan yol ayrıcılığına çatan zaman piyada keçidini keçən kimi idarə etdiyi avtomobillə ötmə hərəkəti edərək İbrahimin idarə etdiyi avtomobili sol tərəfdən ötüb keçmək istəyərkən, İbrahim idarə etdiyi avtomobili qəflətən sola tərəf döndərmiş və o, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə İbrahimin idarə etdiyi avtomobilin sol arxa qapısından vuraraq roqquşmuş və idarə etməni itirərək yolun sol kənarında yerləşən meyvə-tərəvəz mağazasına çırpılmış və mağazada satıcı işləyən şəxsi vurmuşdur. Həmin vaxt hadisə yerinə kənar şəxslər toplaşmış və xəsarət almış şəxsi avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, o, 3-cü qrup Qarabağ qazaisidir və hazırda fərdi əmək fəaliyyəti ilə məşqul olur. Belə ki, o, ünvan 1 ünvanda yerləşən meyvə-tərəvəz mağazasında işləyir. 03 noyabr 2022-ci il tarixdə saat 01 radələrində o, işlədiyi mağazanın qarşısında olan akvariumda balıqları yemləyirmiş. Bu zaman o, yolda avtomobillərin səsini eşidib yola tərəf baxanda görmüşdür ki, “Pajero” markalı avtomobillə “Chevrolet” markalı avtomobil toqquşmuş və toqquşma nəticəsində “Pajero” markalı avtomobilin sürücüsü idarə etməni itirərək idarə etdiyi avtomobili mağazaya tərəf hərəkət etdirmişdir. Buna görə də o, mağazanın içəri tərəfinə qaçmışdır ki, maşın onu vurmasın. Lakin həmin avtomaşın ilk olaraq akvariuma dəymiş, sonra onu arxa tərəfindən vurmuş və o zərbədən avtomobil onun üzərinə çıxmışdır. Daha sonra isə hadisə yerinə kənar şəxslər toplaşmış və onu həmin avtomobilin altından çıxarılıb KTM-nə yola salmışlar. Xəstəxanada həkimlər ona tibbi yardım göstərdikdən sonra onu evə buraxmışlar. Baş vermiş hadisə nəticəsində ona fiziki ziyandan başqa 5000 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda, “Mitsubishi Pajero” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası CMnin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri yoxdur. X2 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasına dair toplanmış materialda Azərbaycan Respublikası CM- nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsinə görə “Mitsubishi Pajero” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1149 saylı rəyində göstərilmişdir ki, X1 gözün alt qapağının sıyrığı, sol baldırın əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərada qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-141/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-141/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver